Bəs görəsən, Azərbaycanın istirahət mərkəzlərində dincəlmək vətəndaşlar üçün nə dərəcədə əlçatandır? Bu imkandan daha çox kimlər faydalanır? İstirahət mərkəzlərinin təklif etdiyi qiymətlərə hansı xidmətlər daxildir?
Bu suallara aydınlıq gətirmək üçün ölkənin turizm bölgələrindəki ən tanınmış istirahət mərkəzlərinin bir neçəsindəki vəziyyəti, eləcə də turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikirlərini öyrənməyə çalışmışıq. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov «Həftə içi»nə bildirir ki, yay mövsümündə insanlar daha çox dənizkənarı ərazilərdə yerləşən istirahət mərkəzlərinə getməyə üstünlük verirlər. Onun sözlərinə görə, bu il də insanların dincəlmək üçün xüsusilə Xaçmaz, Quba, Şamaxı, Qəbələ, İsmayıllı və Şəki bölgələrinə üz tutacağı gözlənilir.
Həmin bölgələrdəki istirahət mərkəzlərində müştərilərə təklif olunan qiymətlərə gəlincə, Nahid Bağırov deyir ki, hazırkı qiymətlər ötənilkindən elə də fərqlənmir. Ancaq onun fikrincə, təklif olunan qiymətlər xidmətlərin səviyyəsinə nisbətən hələ də bahadır. Bununla belə, son illər turizm mərkəzlərində vətəndaşlara göstərilən xidmətin keyfiyyətində yüksəlmə müşahidə edilir.
Azərbaycan Turizm Assosiasiyasının bu il istirahət zonalarında turizm xidmətlərinin qiymətində artım gözlənilmədiyini vurğulayır. Onun sözlərinə görə, hətta bəzi istirahət mərkəzləri turizm mövsümünün başlaması ilə əlaqədar xidmət paketlərində endirim də ediblər. Nahid Bağırovun fikrincə, bu yay Azərbaycan turistlərinin dincəlmək üçün seçdikləri ərazilərin əhatə dairəsi geniş olacaq: «Bu il bir neçə istiqamət üzrə yeni çarter reysləri açılıb. Məsələn, Xorvatiyaya, Krıma birbaşa çarter reysləri olacaq.
Antalyaya da həm AZAL, həm «Türk Hava Yolları»nın xətti ilə birbaşa təyyarələr uçacaq. Bu baxımdan turistlər dincəlmək üçün nəzərdə tutduqları vəsait çərçivəsində istirahət üçün yer seçə biləcəklər».
Həftəsonu qələbəlik
Qeyd edək ki, xaricdə dincəlmək imkanı olmayan ölkə vətəndaşlarının yay aylarında daha çox Qəbələ, İsmayıllı, Nabran, Qax zonasında istirahətə üstünlük verdiyini nəzərə alaraq elə bu bölgələrdə yerləşən turizm mərkəzlərindəki qiymətlərlə maraqlandıq. Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən «Yeddi Gözəl» ailəvi istirahət mərkəzinin administratoru Rüfət Əliyev «Həftə içi»nə bildirir ki, hazırda bu turizm obyektində boş yer yoxdur: «Bizim obyekt dördmərtəbəlidir və 200 nəfərə xidmət etmək imkanı var. Otaqlarımızın sayı 51, kotteclərin sayı isə 20-dir. Amma hazırda bir nəfərlik də olsa, boş yerimiz yoxdur».
Qiymətlərə gəlincə, «Yeddi Gözəl» istirahət mərkəzində müştərilərə adambaşına 70-140 manatlıq xidmət paket təklif edilir. Bu paketə səhər yeməyi, internet də daxildir.
«Qəbələ Xanlar» istirahət mərkəzinin administratoru Yaşar Nəzirov isə hazırda bu obyektdə yalnız həftənin ara günləri üçün boş yerlərin olduğunu söyləyir. Onun sözlərinə görə, bu istirahət mərkəzi 120 nəfərə xidmət etmək imkanına malikdir: «Bizdə otaqların sayı 24, kotteclərin sayı isə 8-dir. Adambaşına bir gecəlik qalma 100 manatdır. Bu qiymətə yalnız gecələmə daxildir».
Nabranda yerləşən «Atlant» əyləncə və istirahət mərkəzində isə kifayət qədər boş yer var. Mərkəzin Nazim adlı administratoru «Həftə içi»nə bildirib ki, bu əyləncə və istirahət məkanı hər gün 600-dək qonaq qəbul edə bilir. Burada bütün otaqlar televizor və peyk antenaları ilə təchiz edilib. Həmçinin stolüstü oyunlar, bilyard, tennis stolu var. Bundan başqa, əyləncə mərkəzində milli və Avropa mətbəxi olan 600 nəfərlik restoran mövcuddur. Cümə və şənbə günləri isə burada tanınmış müğənnilərin iştirakı ilə şou keçirilir: «Bu istirahət mərkəzində gənclər 560 nəfərlik gecə klubunda əylənə bilərlər. Akvaparkda 3 hissədən ibarət olan su əyləncələri: 4 böyüklər və 1 uşaqlar üçün. «Atlant»ın otaqları 2, 3 və 4 otaqlı lüks kotteclərdən, 4 otaqlı ikimərtəbəli lüks kotteclərdən, korpus tipli 1 otaqlardan, korpus tipli 2 otaqlı lüks otaqlardan və dubleks lüks otaqlardan ivarətdir».
«Atlant» əyləncə və istirahət mərkəzindəki qiymətlərə gəlincə, burada həmin xərclər adambaşına 40 manatdan başlayır. Bu qiymət paketinə gündə 2 dəfə yemək və istirahət mərkəzi daxilində bütün əyləncə növlərindən istifadə etmək daxildir».
Nabrandakı istirahət mərkəzlərindən biri, Xəzər dənizi sahilində meşədə yerləşən «Green Ville» istirahət mərkəzinin Fərid adlı administratoru bildirir ki, hazırda burada cəmi 2-3 nəfərlik boş yer var: «Bizim kompleksdə hər birində 4 ayrı otaq olan 18 kottec mövcuddur. Hər kotecdə 2 nəfərdən 12 nəfərə qədər adam yerləşə bilər. Restoranlar, konfrans zalları, barlar, böyüklər və uşaqlar üçün hovuz, uşaq meydançası, tenis kortu, voleybol, basketbol, futbol meydançası, bilyard, stolüstü tenis, badminton da mövcuddur. Kotteclərin birinci mərtəbəsində ikinəfərlik otaqlar, ikinci mərtəbəsində -mansartda dörd nəfərlik otaqlar var».
«Green Ville»də qiymətlər adambaşına 45 manatdan başlatır. Fərid deyir ki, 3 nəfər bu kompleksdə 1 günlük istirahət etmək istəyirsə, o zaman 135 manat ödəməlidir. Bu qiymətə yalnız səhər yeməyi daxildir.
İstirahət günlərinin qiymət «bazarlığı»
İsmayıllıda yerləşən «Qaya» istirahət mərkəzindən isə turistlərin yolunu səbirsizliklə gözləyirlər. Kompleksin Kamran adlı administratoru deyir ki, onlar yay turizm mövsümünə ciddi hazırlaşıblar. Onun sözlərinə görə, bu istirahət mərkəzində turistlərin yaxşı dincəlməsi üçün hər cür şərait yaradılıb: «Bizdə demək olar ki, turistlərə təklif olunan xidmətlər ən yüksək səviyyədədir. Amma qiymətlərimiz həftənin günlərinə görə dəyişir. Məsələn, «Qaya» istirahət mərkəzində həftə arası 1 nəfərin bir gecəlik istirahəti 40- 60 manat arasındadır. Buraya səhər yeməyi və İsmayıllının Baskal, Lahıc kəndlərinə infoturlar daxildir. Həftə sonları isə bu kompleksdə adambaşına qiymətlər 60-80 manat arası dəyişir. Bu paketə də səhər yeməyi və infoturlar daxildir».
Dağlıq ərazidə yerləşən Oğuz rayonunun «Saf Təbiət» otelində sadə otağın bir gecəliyi iki nəfər üçün 50 manatdır. Otelin Rasim adlı administratorunun sözlərinə görə, bu paketə səhər yeməyi daxildir.
Masallıdakı 30 otaq və 5 ikimərtəbəli kottecdən ibarət olan «Dəştvənd» otelində 2 nəfərlik otaq 50 manatdır. Əgər bu otaqda 1 nəfər qalacaqsa, 40 manat ödəməlidir. 3 nəfərlik kottecin gündəlik qiyməti isə 160 manatdır. Burada qiymətə səhər yeməyi və hovuz xidməti daxildir.
Qax rayonunda yerləşən «Eden Park Hotel»də də yalnız həftənin ara günləri boş yer tapmaq mümkündür. İstirahət mərkəzinin Rza adlı administratoru hazırda kifayət qədər sifarişləri olduğunu deyir: «Əgər həftə sonuna sifariş vermək istəyirsinizsə, o zaman bir-iki həftə əvvəlcədən yer götürməlisiniz. Çünki havalar isti olduğundan istirahət zonalarına üz tutanların sayı durmadan artır».
O ki, qaldı qiymətlərə, «Eden Park Hotel»də istirahət edən müştəriləri bədxərclik etməyə bilər. Belə ki, digər istirahət mərkəzləri ilə müqayisədə «Eden Park Hotel»də qiymətlər xeyli ucuzdur. Məsələn, oteldə bir gecəlik yeməksiz qalmaq 25 manatdır. Qiymət paketinə səhər yeməyi daxil olanda əlavə 30 manat, gündə iki dəfə yemək olduqda isə 36 manat tələb olunur».