Vaxt.Az

«Ruhaninin önəmi arta bilər»


 

«Amma çətin ki, Rəfsəncaninin mövqeyinə çatsın»

«Ruhaninin önəmi arta bilər»

Ölümü ilə əlaqədar ölkədə üçgünlük rəsmi matəm elan edilən İslam Respublikası tarixinin ən nüfuzlu siyasətçilərindən olan Əkbər Haşimi Rəfsəncani ölkə xaricində yerləşən bir çox müxalif qruplar tərəfindən də bir islahatçı lider kimi mədh edilməkdədir. Amerikanın Səsinə danışan siyasi ekspert Arif Kəskin bu görüntünün İranda mərkəzçi müxalifətin iflasa uğradığı anlamına gəldiyini ifadə edir.

Rəfsəncaninin İran İslam Respublikası tarixindəki yeri və yürütdüyü siyasi xətti şərh edən Arif Kəskinin dediklərinə görə, sabiq prezident 1979 İslam İnqilabından öncə önəmli bir siyasi fiqur olmasa da, İslam Respublikasının qurulması prosesində aparıcı rol oynayıb: «Rəfsəncani əslində 1970 inqilabından öncə Pəhləvi hakimiyyətinə qarşı mübarizədə iştirak etsə də, önəmli siyasi fiqur deyildi. Hətta inqilabın özündə çox önəmli yeri olduğunu söyləmək olmaz. Ancaq inqilab baş tutduqdan sonra, özəlliklə də İslam Cumhuriyyətinin qurulmasında, davam etməsində, şəkillənməsində və ondan sonrakı proseslərdə onu hər zaman əsas rol oynayan bir siyasi şəxsiyyət olaraq adlandırmaq mümkündür».


İran İslam Respublikası tarixinin ikinci ən güclü adamı


1989-1997-ci illərin prezidenti olan Əkbər Haşimi Rəfsəncani, bir çox ekspertin fikrincə, həm Ruhullah Xomeyni həm də Seyid Əli Xameneyi dönəminin ikinci ən güclü adamı kimi hesab edilirdi.

Yaxın Şərq və İran məsələləri üzrə ekspert Arif Kəskin də bunu təsdiq edir. Onun söylədiklərinə görə, «inqilabdan sonra təqribən iki il içərisində Murtaza Mütəhhəri və Məhəmməd Beheşti kimi bir çox insanın ortadan qalxmasından sonra Rəfsəncani gücləndi. Çünki, inqilabın birinci güclü liderləri ya təsfiyə oldular (hakimiyyətdən uzaqlaşdırıldılar) ya öldürüldülər. Ondan sonra Rəfsəncani və Xameneyi kimi şəxslərə daha çox yer açıldı».

Ekspert əlavə edir ki, "Mütəhhəri və Beheşti kimi şəxslər yaşasaydı, ya Bazərgan və Bəni Sədr kimiləri hakimiyyətdən uzaqlaşdırılmasaydı, Rəfsəncanı o mövqeyə yüksəlməzdi».


«Haşimi Rəfsəncaninin heç bir zaman demokratiya qayğısı olmayıb»


Arif Kəskin İranın siyasi atmosferində son bir neçə ildə Haşimi Rəfsəncani ilə əlaqədar yaradılan «demokrat siyasətçi» təsvirini tənqid edir:

«Son illərdə onun haqqında fərqli şərhlər də var. Xüsusilə ölümündən sonrasına baxdığımız zaman onu bir demokrat və hardasa bir insan haqları müdafiəçisi kimi təqdim edən bir görüntü var. Ancaq bunu hamımız bilirik ki, son illərdə İslam Respublikasına tənqidi münasibəti olsa da, Rəfsəncaninin birinci qayğısı İslam Cumhuriyyəti idi. Onun əsas hədəfi İslam Cümhuriyyətinin quruluşununda iştirak etdiyi kimi onun davam etməsini də təmin etmək idi».

Kəskinin fikrincə, Rəfsəncaninin son dönəmlərdə ortaya atdığı tənqidlər dərin böhranlarla qarşı qarşıya olan İslam Respublikasını qorumaq istiqamətində idi: «Rəfsəncani dərin daxili və xarici böhranlarla qarşı qarşıya olan İslam Respublikasının bu vəziyyətlə davam edə bilməyəcəyini görürdü və bu durumu tənqid edirdi. Amma, o İslam Respublikasından vaz keçmiş deyildi. Nizamın davamı üçün bəzi siyasətlərin dəyişdirilməsini lazim görürdü... Bütün qayğısı bu idi. Onun heç bir zaman demokratiya qayğısı olmadı».

«İrandakı mərkəziyyətçi müxalifət hələ də İslam Respublikasına aşa bilməmiş».

Əkbər Haşimi Rəfsəncaninin cənazə mərasimi Tehranda və möhtəşəm bir şəkildə keçirilib. Mərasimdə iştirak edən çoxsaylı əhali islahatçı qruplara məxsus şüarlar səsləndiriblər. Ölkə xaricində yerləşən bir çox müxalif lider isə Rəfsəncani haqqında mədhlər yazaraq onun islahat prosesində önəmlı rol oynadığını ifadə edirlər.

Arif Kəskin bu görüntünün müxaliflərin hələ İslam Respublikasına bir altenativ təşkil edə bilmədikləri anlamına gəldiyini vurğulayır.

Onun söylədiklərinə görə, «əslində Rəfsəncani hadisəsi, bu cənazə mərasimində verilən şüarlar, ondan öncə və sonra yayılan yazılar İranda mərkəziyyətçi müxalifətin iflasını göstərir. İrandakı mərkəziyyətçi müxalifət, yəni İslam Cumhuriyyətinə alternatin axtaran müxalifət özünü güclü bir müxalifət görə bilmədiyi üçün rejimin içərisindən bir alternativ axtarır.


Rəfsəncani sonrası Həsən Ruhani


Kəskin Rəfsəncaninin ölümündən sonra mötədil və islahatçı qüvvələr arasında prezident Həsən Ruhaninin mövqeyinin güclənəcəyini ancaq bu durumun onun İslam Respublikası daxilində güclənəcəyi anlamına gəlmədiyini deyir.

«Mötədil və islahatçı qüvvələr açısından Həsən Ruhaninin önəmi arta bilər. Çünki birləşmələr, nizamla olan əlaqələr və xarici siyasətə baxdığımız zaman, Rəfsəncani və Ruhanini bənzər sürəclərin insanları olaraq görmək mümkündür. Hətta, Həsən Ruhanini Rəfsəncani məktəbinin ən önəmli tələbəsi olaraq görənlər də var. Bu anlamda Rəfsəncaninin irsinə sahib ola biləcək adam Həsən Ruhanidir. Ancaq Həsən Ruhaninin bu kontekstə önəminin artması onun İran İslam Cümhuriyyəti içərisində gücünün artması anlamına gəlmir. Bunlar ikisi ayrı şeylərdir», - deyə ekspert hazırkı prezidentin Rəfsəncaninin çatdığı mövqeyə çatmasının çətin olacağını ifadə edir.

 





14.01.2017    çap et  çap et