Vaxt.Az

«WhatsApp» yazışmaları gizli qalırmı?


 

Şifrələmə nöqsanı mesajları «ifşa edirmiş»

«WhatsApp» yazışmaları gizli qalırmı? Bəzi araşdırmalara əsasən «WhatsApp»dakı nöqsan nəticəsində bu tətbiq vasitəsilə göndərilən bəzi mesajları üçüncü tərəf oxuya bilər.

Nöqsan, «WhatsApp»ın mesajları necə şifrələdiyinə görə əmələ gəlir.

Təhlükəsizlik eksperti Tomas Bolter (Thomas Boelter) aşkar edib ki, şifrələmə kodlarının yenilənməsinə ehtiyac yarananda mesajları gizlincə oxumaq mümkün olur.

Cənab Bolter «WhatsApp»a sahib olan «Facebook» şirkətinə bu barədə 2016-cı ilin aprel ayında məlumat verib, lakin «Facebook» nöqsanın həlli üzrə işləmədiyini deyir.

Onun aldığı cavabda deyilir ki, bu hal gözləniləndir.


«Arxa qapı»?


«The Guardian» qəzetinə danışan məxfilik fəallarına əsasən bu nöqsan söz azadlığını "böyük təhlükə" altına qoyur. İddia olunur ki, hökumətlər və ya hakimiyyət orqanları bu qüsurdan istifadə edərək, məxfi yazışdıqlarını düşünən adamları izləyə bilər.

«WhatsApp» bu cür iddialara və araşdırmaya reaksiya olaraq bəyanat verib. Şirkət deyir ki, qüsur, istifadəçilərin yazışmalarını oxumaq istəyən hökumətlərə şərait yaratmaq üçün bilərəkdən qoyulan «arxa qapı» deyil.

«Bu iddia səhvdir», şirkət deyib. ««WhatsApp» hökumətlər üçün öz sisteminə «arxa qapı» yaratmır və arxa qapının yaradılmasını istəyən hər hansı hökumətə qarşı mübarizə aparardı».


Nöqsan necə baş verir?


Bu qüsur, şifrələmə kodlarının yenilənməsinə ehtiyac yarananda əmələ gəlir.

Cənab Bolter aşkar edib ki, bəzi hallarda hücumçular yalandan özlərini mesajı alan şəxs kimi göstərərək «WhatsApp»ı şifrələmə kodlarını yenidən göndərməyə məcbur edə bilər,

Bu sistemi manipulyasiya edə bilən hücumçular yazışmaları oxuya bilər, cənab Bolter deyir.

«WhatsApp» öz bəyanatında deyib ki, əks halda itiriləcək milyonlarla mesajı qorumaq üçün bu qərarı verib.

 





15.01.2017    çap et  çap et