Vaxt.Az

Yüksək məbləğdə cərimələnəcək


 

Nazirlik məlumat qanunu pozanların adlarını açıqladı

Yüksək məbləğdə cərimələnəcək Bu günlərdə sosial şəbəkədə bir qrup şəxsin Göy göl Milli Parkının Maral göl ərazisində donmuş göl üzərində dırnaqarası istirahətini nümayiş etdirən video görüntülər yayılıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüntülərdə onlar xüsusi mühafizə olunan ərazidə kef məclisi quraraq icazə verilməyən yerdə, gölün üzərində manqal qoyub kabab çəkib, müxtəlif qanunsuzluqlar törətməklə bərabər, hətta donmuş gölə atəş də açıblar. Bu şəxslərin təbiətə, əfsanəvi Maral gölə qarşı vandal münasibəti haqlı olaraq sosial şəbəkə iştirakçıları tərəfindən qınaq obyektinə çevrilib.

Maral göl ərazisində bir qrup şəxsin törətdiyi bu qanunazidd  hərəkətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dərhal araşdırmalara başlanılıb. Maral göldə  müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yaydıqları görüntülər təhlil edilib və bir neçəsinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, 3 yanvar 2017-ci il tarixində Samir Sadıqov, Asif Quliyev, Azər Qarayev və digərlərindən ibarət 7 nəfərlik qrup qanunla müəyyən edilmiş qaydaları pozaraq Maral göl ərazisinə daxil olublar. Qrup üzvlərinin hamısı hazırda müxtəlif ünvanlarda yaşayan Kəlbəcər rayon sakinləridir. Digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bu şəxslər sivil qaydada bilet alaraq Milli parkın giriş qapısından deyil, Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göy göl Milli parkının ərazisinə daxil olub və Maral göldə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.

Yol verdikləri qanunsuz hərəkətlərə görə bu şəxslərin ən yüksək məbləğdə cərimələnməsi istiqamətində hazırda sənədləşmə işləri aparılır. Eyni zamanda Göy göl Milli Parkının aidiyyəti üzrə mühafizə işlərinə cavabdeh olan şəxslərinin və rəhbərliyinin dairəsi müəyyənləşdirilir. İşlərində yol verdikləri səhlənkarlığa görə onlara qarşı qanunvericiliyə uyğun intizam cəzası tətbiq ediləcək.

 





15.01.2017    çap et  çap et