- 2004-cü ildə adanın yunan tərəfində Annan planının rədd edilməsindən sonra müzakirələr prosesi sönük davam edirdi. Prezident Mustafa Akıncı ilə yunan tərəfinin lideri Anastasiadisin prosesi yenidən canlandırma cəhdinin arxasında nə durur?
- Müzakirələr prosesi qurucu liderimiz mərhum Denktaşın 2005-ci ildə hakimiyyəti Məhmət Əli Tələtə təhvil verməsindən sonra davam etdi, Əroğlu dönəmində də müzakirələr aparılırdı, ancaq yunan tərəfi Aralıq dənizində neft axtarışına başlayınca Türkiyə tərəfi müzakirələri dayandırmışdı. Mustafa Akıncı 2015-ci ilin mayında hakimiyyətə gələndən sonra yunan tərəfindəki həmkarı Anastasiadis ilə müzakirələr prosesini yenidən canlandırdı. Hətta keçən ilin payızında Akıncı bir neçə dəfə bəyanat verdi ki, BMT Baş katibi Pan Gi Mun ilin sonunda vəzifəsindən ayrılana qədər məsələ həll edilməzsə, son fürsət də əldən veriləcək. Təhlükəsizlik Şurasına üzv olan ölkələrin təmsilçilərinin iştirakı ilə Cenevrədə keçirilən xarici işlər nazirləri toplantısında heç bir nəticə əldə edilə bilmədi, ayın 18-də nazir müavinləri «texniki» məsələləri müzakirəyə davam edəcəklər.
- Son həftələrdə Türkiyədə də müzakirələr yaxından izlənilir, etiraz səsləri yüksəlir. Mustafa Akıncının ŞKTC və Türkiyə mediasına lazımi açıqlamaları vermədiyindən şikayət edilir. Bu barədə siz nə düşünürsünüz?
- Bu şikayəti edənləri haqlı sayıram, Mustafa Akıncı istər özünün apardığı təkbətək müzakirələr, istərsə də heyətlər arasındakı müzakirələr barədə ŞKTC və Türkiyə ictimaiyyətinə təfərrüatlı məlumatlar verməlidir. Yunan tərəfinin lideri müzakirələrin nüansları barədə həm məclisdəki siyasi partiyaları həm də ictimaiyyəti vaxtında məlumatlandırır.
- Cenevrə görüşünün başladığı gün yunan tərəfinin siyasi partiyalarının təmsilçiləri Anastasiadisi suçladıqdan sonra müzakirələri tərk edərək adaya qayıtdılar. Bunun səbəbi nədir?
- Yunan tərəfi bunu bütün müzakirələrdə edir. Xatırlayırsınızsa, 2004-cü ildə Annan planı referenduma çıxarılanda da yunan tərəfi planın əleyhinə səs verdi. Onların məqsədi ŞKTC-nin haqlarına sayğı duyacaq şəkildə bərabər hüquqlu və ədalətli müzakirələr aparmaq deyil, özlərini adanın tamamının sahibi kimi gördükləri üçün müzakirələr prosesi ilə bizi bezdirib haqlarımızdan vaz keçirməyə çalışırlar. Dünyada elə ab-hava yaradırlar ki, sanki məsələnin bərabər haqlar çərçivəsində ədalətli həllini istəyirlər, ancaq müzakirələr başlayan kimi Türkiyə tərəfini suçlayıb əsas niyyətlərinə dönürlər. İşin mahiyyəti bundan ibarətdir.
- Tələtin prezident seçilərkən verdiyi vədlərə münasibət bildirən ŞTKC-nın qurucu lideri Denktaş demişdi ki, yunanları tanıyandan sonra həqiqəti görəcək...
- Mərhum Denktaş uzun illər mübarizə aparandan sonra adanın türklərdən təmizlənməsinin qarşısını almaqla qalmadığı kimi, eyni zamanda, bizim dövlətimizi qurdu. Fikir və mübarizə adamı olan mərhum Denktaş yunanların siyasətini çox yaxşı bildiyinə görə, onun yaratdığı paradiqmalar müzakirələr prosesində bizim haqlı mübarizəmizin ana dayaq nöqtələridir. Biz mərhum Denktaşın yolundan gedərək, onun prinsiplərini güzəştsiz şəkildə müdafiə edərək dövlətimizi qorumağa və yaşatmağa daima qərarlı olacağıq.
- Bəs əvvəlcə Məhmət Əli Tələt, indi də Mustafa Akıncı bunu görmürlərmi? Niyə güzəştlər vermək bahasına müzakirə prosesini yenidən başladılar?
- Siyasi baxışlarına görə, görünür, onlar da əvvəlcə yunanların ədalətli müzakirə aparacaqlarına inanaraq müzakirələr prosesini canlandırırlar. Ancaq bir müddətdən sonra yunanların niyyətini, deyəsən, onlar da anlayırlar. Təkrar edirəm: onların niyyəti bizi tamamilə adadan çıxarmaqdır. Bunun adı «Enosis»dir, yəni, əvvəlcə adanı tamamilə yunanların ixtiyarına verib sonra Yunanıstana birləşdirməkdir. Əsas hədəfin bundan ibarət olduğu yerdə hansı ədalətli müzakirədən söhbət gedə bilər? Elə isə ən ədalətli iş 15 iyul 1974-cü ildə görülüb: ada üzərindəki təminat haqqından istifadə edən Türkiyə oraya «Sülh əməliyyatı» həyata keçirib. Bunun nəticəsinə yunanlar da öz müstəqilliklərini qoruyublar, adada bərabər hüquqlu iki dövlət yaranıb. Ən düzgün iş budur. İndi bizim yunanlarla müzakirələrimizin əsas mövzusu-bərabər hüquqlu iki dövlət arasında keçmişdən qalma bəzi anlaşılmazlıqları ədalətli şəkildə həll etməkdir. Yunan tərəfi isə bunu istəmir, bizi əvvəlcə azlıq vəziyyətinə salıb sonra adadan tamamilə çıxarmaq istəyirlər. Ona görə dövlətimizi qorumaq bizim vaz keçilməz haqqımızdır. Kipr məsələsi 1974-cü ildə ədalətli şəkildə həll edilib.
- Kipr məsələsi ətrafında müzakirələri aktivləşdirən BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxmasına dair 4 qətnamənin icra olunmasını tələb etmir. Bu barədə nə demək istərdiniz?
- Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilərək 1 milyon insanın öz ölkəsində qaçqın vəziyyətinə düşməsi və Kipr mövzusu - fərqli məsələlərdir. Ermənilər Azərbaycan torpaqlarını işğal ediblər - bunu heç kim inkar edə bilməz. Ona görə, qardaş Azərbaycan bütün vasitələrdən istifadə edərək öz torpaqlarını işğaldan azad etmə haqqına sahibdir. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarındakı erməni işğalına son qoyulması məqsədilə özünün qəbul etdiyi qətnamələrin icrası üçün təkid edəcəyinə inanıram. İstər Şimali Kipr, istərsə də Qarabağ məsələsində biz daima birlikdə mübarizə aparmalıyıq, aparacağıq.