Vaxt.Az

Bank borcluya təzminat ödəyəcək


 

Hüquqşünas Əkrəm Həsənov deyir ki, artıq borcluları həbs etməyə cəhd göstərmirlər

Bank borcluya təzminat ödəyəcək «Borca görə təhdid olunduğunu sübut etdik və məhkəmə bankın şəxsə mənəvi təzminat ödəməsi ilə bağlı qərar qəbul etdi». Bunu hüquqşünas, bir müddət öncə antikollektor şirkəti yaradaraq borcluların hüquqlarını məhkəmədə müdafiəyə qalxan Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində deyir.


- Əkrəm bəy, bir ilə yaxındır ki, məhkəmələrdə banklara borcu olanların kütləvi iddiasını təşkil etmisiz.

- Əslində, gözlədiyimiz kütləviliyi görmədik. Çünki ölkədə 2 milyondan çox banka borcu olan var. Antikollektora indiyə kimi minlərlə adam gəlib, çoxu məsləhətlə kifayətlənib, çünki onların ödəmə qabiliyyəti yoxdur. Biz də onlara bildirmişik ki, narahat olmayın, kimsə sizə bir şey edə bilməz. Bir neçə şəxsin borca görə həbs olunma təhlükəsi yaranıb, biri qanunsuz olaraq 10 günlüyə həbs edilib, onların həbsdən buraxılmasına nail olmuşuq və ya tutulmasına imkan verməmişik. Həbs edilənlərin müdafiəsini qurmuşuq və hazırda 3 nəfərin işinə görə Avropa Məhkəməsinə müraciət etmişik.


- İndi də borcluların həbsi təhlükəsi davam edirmi?

- Xeyr, fikrimcə, elə bu fəallığın nəticəsi oldu ki, borcluların həbsi ilə bağlı cəhdlərə rast gəlmirik. Amma yenə də borclular qorxurlar.


«Bankın belə bir ixtiyarı yoxdur»


- Borcluların təqibi, hədələnməsi ilə bağlı da bildiyimiz qədər, məhkəmə iddiaları olmuşdu. Bu proseslərdə borclunun xeyrinə verilən məhkəmə qərarı varmı?

- Elə bu həftə bir işi udduq. Bilirsiz ki, borcluları bəzi banklar qanunsuz təqib edirlər, onlara zəng edib hədələyirlər, iş yerlərinə müraciət edirlər, evlərinə gedirlər. Belə hallar qanunsuzdur və mütləq belə halla üzləşən şəxslər məhkəməyə müraciət etməlidirlər. Bizim də belə müraciətlərimiz vardı. Bu günlərdə borclunun təhdid və rüsvay edilməsinə görə Antikollektorun «Unibank»a qarşı iddiasını məhkəmə təmin etdi. Məhkəmə bankın borcluya 1000 manat məbləğində mənəvi zərərin əvəzini ödəməsinə dair qərar çıxarıb. Qətnaməni hələ almamışıq, alan kimi dərc edəcəyik.


- Əkrəm bəy, banklara borc məsələsində zaminlər də problemlərlə üzləşiblər. Bu istiqamətdə yekunlaşan məhkəmə prosesləri varmı?

- Əgər borc müqaviləsinə dəyişiklik edilibsə və bu zaman zaminin razılığını almırlarsa, zaminin öhdəliyi bitir. Bilirik ki, manatın devalvasiyasından sonra əksər müqavilələrə dəyişiklik edilib. Biz bu yaxınlarda bununla da bağlı bir işi udduq və məhkəmə qərarı ilə zamini borc öhdəliyindən azad etdirdik.


«Dollar krediti ilə bağlı işlərdə iddianın məzmununu dəyişmişik»


- Manatın devalvasiyasından sonra ən çox əziyyət çəkənlər dollar kreditiylə maşın alanlar oldu. Belə iddialar necə nəticələnib?

- Tək avtomobil yox, ev, əşya almaq üçün bankdan dollar krediti alanlar da bu kateqoriyaya aiddir. Burda aldatma faktı var və bu fakt üzrə iddia vermək müddəti bir ildir. Hələ ki, bu istiqamətdə müsbət nəticələnən məhkəmə prosesi yoxdur. Ancaq biz bununla bağlı başqa məzmunda iddia vermişik, yəni bu tip kreditlər üzrə Konstitusiya Məhkəməsinin qərarı var ki, banklar güzəştə getməlidirlər. Biz də buna əsaslanaraq iddia vermişik ki, şərait əsaslı şəkildə dəyişib və dollar krediti olan müqavilələrə yenidən baxılmalı, məbləğ güzəştli məzənnəyə çevrilərək milli valyuta ilə ifadə olunmalıdır. Əsas problem dollarla krediti olan borclularla bağlıdır və bu istiqamətdə məhkəmə prosesləri hələ ki, gedir. 


- Əkrəm bəy, borcluların xeyrinə olan məhkəmə qərarları digər məhkəmə prosesləri üçün presedent sayıla bilərmi?

- Əlbəttə, sayıla bilər. Ancaq Azərbaycanda İngiltərə və ya ABŞ kimi presedent hüququ yoxdur. Bir məhkəmənin qərarı digəri üçün vacib deyil. Ancaq məhkəmə dövlət adından qərar çıxarır. Ola bilməz ki, eyni tipli işdə bir məhkəmə bir cür qərar versin, digər məhkəmə başqa cür. Yəqin ki, yuxarı instansiya məhkəmələri bu məsələlərə münasibət bildirməli olacaq və vahid təcrübəni tətbiq edəcək. Sadəcə, vətəndaşlar məhkəməyə müraciət etsinlər, bundan çəkinməsinlər. Bir daha təkrarlayıram, borca görə kimisə incitməyə, hədələməyə heç bir bankın ixtiyarı yoxdur. Onu da deyim ki, biz müxtəlif dövlət orqanları və müvafiq beynəlxalq qurumlarla görüşürük, artıq borcluların müdafiəsindən ötrü qanun layihəsi də hazırlamışıq.

 





15.01.2017    çap et  çap et