Vaxt.Az

«Əli Mirəliyev adında «xoxan»»


 

«Əli Mirəliyev adında «xoxan»» Şou-biznes barədə yazmağı o qədər də xoşlamıram. Ona görə yox ki, müasir müsiqidən uzağam. Qətiyyən. Sadəcə bu sahə haqqında o qədər “ağıllı məsləhət” verənlər var ki, nəsə yazmağa sadəcə meylim çəkmir. Amma bu dəfə yazmaq qərarına gəldim. Ona görə ki, “iti bazarında atından baha” olan şou-biznes aləmində özünü “vor zakon v estrade” kimi sırımağa çalışanlar barədə bir neçə söz yerinə düşər məncə. Movzu kifayət qədər mürəkkəb və o qədər də sadədir. Azərbaycan “şou-biznes” kimi qələmə verilən müstəvi bizə SSRİ-dən miras qalan qəribə bir hibridi xatırladır. Burada aləm bir-birinə qarışıb. TV-lərdə, internet saytlarda “narodnik”lər (yəni xalq mahnısı oxuyanlar) onlara qətiyyən aidiyyatı olmayan pop-rep-rok, blüz, caz oxuyanlar barədə qışqıra-qışqıra danışır, söyür, lənətləyir...və sonda hamının gurultulu çəpikləri altında gülümsünə-gülümsünə,qalib ədası ilə yerində oturur.TV-də son vaxtlar izlədiyim bütün qalmaqalların əsas səbəbkarları gənc estrada muğənnilərinə ünvanlanan “oxuya bilmirsən” iddiası durur. Məsələ nədən ibarətdir? Ən əvvəl Azərbaycan estrada sənətinin tarixinə dair bir-iki cümlə yazmaq istərdim. Məncə bu vacibdir. Bu tarix o qədər də geniş deyil və sovet ideoloji basqılarının altında demək olar ki itib –batıb. Sovet dönəmində estrada səhnəsi ciddi senzor nəzarətində idi: sərt şəkildə müəyyən olunmuş qaydaları pozmaq ağır fəsadlar yaradırdı. Kommunistlər sovet insanın əxlaq kodeksini yazarkən orada şou-biznesə yer qoymamışdılar.
Alla Puqaçova, Valeri Leontyev, Müslüm Maqomayev, Polad Bülbüloğlu estradanın tanınmış imzaları olsa da onlar partiyanın müəyyən etdiyi sərt qaydalardan kənara çıxa bilmirdilər. Vətən haqqında, torpaq haqqında, Ana haqqında oxuyaraq torpaqda çalışan kolxozçuları vəsf etməli idilər. Düzdür, arada sevgi haqqında oxumaq olardı. Amma hay-küysüz, bayağı epitetlər olmadan. Bir sözlə SSRİ-də estrada muğənnisi həm də dövlətin sifəti anlamına gəlirdi. Dövlət isə çox sərt, qaydaları isə ağır idi. 70-lərdə SSRİ-yə konsertə verməyə gələn  məşhur “BoniM” qrupu konsert salonunda oturan sovet tamaşaçılarının lal-dinməz və hərəkətsiz oturmalarından heyrətə gəlmişdilər. Belə bir dövrdə özünün kövrək addımlarını atan Azərbaycan estradası ilk cücərtilərini verməyə başlamışdı. 80-lərin ortalarında populyar olan “Karvan” bu sahədə pioner oldu. 
“Polismen” mahnısı o zaman üçün sovet dinləyicisi üçün yeni cığırın başlanğıcı idi. Buna qədər tamaşaşı yalnız Şövkət Ələkbərovanın ifasında “Yar gəlir sürüşə-sürüşə” mahnısını dinləyib alqışlamşdı. “Karvan” cini şüşədən buraxdı. Daha sonra  “Bakı Payızı-88” in uğurlu adları.. Və 90-larda başlanan hip-hop bumu... Bu dalğa özü ilə Azərbaycanda yeni bir dinləyici təbəqəsi yaratdı. Bu təbəqə estrada mahnıları içərisində  seçim edərək xoşladıqları mahnıları dinləmək istəyən azad tamaşaçılar idi. Onlar əvvələr olduğu kimi qulaq asmaq üçün “yuxarıdan” icazə gözləyən dinləyicilərdən tam fərqli idilər. Problem də buradan başladı.
İndi gələk mətləbə. Mən bir zamanlar “Dan ulduzu” ansablında oxuyan muğənni Əli Mirəliyevin aqressiyasından danışmaq istəyirəm. SSRİ-nin dağılması ilə standart dinləyicilər üçün nəzərdə tutlan Mirəliyev kimi oxuyanlar da  sovet arxivinə köçdü. O çoxdan unudulmuşdu. Lakin müstəqil Azərbaycan dövlətinin 20-ci ilində Mirəliyev sovet senzoru kimi ortaya çıxaraq hökm verməklə məşğuldur. Onun mətləbə dəxli olmayan, aqressiv tərzdə səslənən ittihamlarını və üzlərində qorxu çökmüş gənc estrada muğənnilərini gördükdən sonra anladım ki, bu yoldaşa deyiləsi bir sıra sözlər lazımdır.  Ən əvvəl qeyd edim ki, Əli Mirəliyevi Azərbaycanın estrada səhnəsinin imzalarından hesab etimirəm. O olsa-olsa sovet hibrid estrada mühitinin yetişdirdiyi bir şəxsidir. Onun estrada muğənniləri və ümumiyyətlə bu sənət barədə danışdıqlarına qulaq asanda cənab Mirəliyevin nə qədər diletant olması qənaətinə gəlirsən. Azərbaycan estrada sənətinin ideal şəkildə olduğunu iddia edə bilmərəm. Problemlər və yerində olamayan “ulduzlar” kifayət qədərdir. Məsələ ordadır ki, Əli Mirəliyev kimilərinin sərt, təhqir və tənqidləri bu sahənin inkişafına mane olan amilə çevrilib. Rok, pop, rep oxuyanları müzakirə edərkən “Şövkət elə oxuyurdu, Rəşid belə oxuyurdu” demək sadəcə gözə kül üfürməkdən başqa bir şey deyil.
Azərbaycan mahnı sənətinin zirvələrindən olan Şövkət Ələkbərova və Rəşid Behbudov tamam fərqli musiqi cəryanlarına malik olan korifeylərdir. Onları bir silah kimi kullanmaq, adlarını “kalaşnikov” avtomatına çevirmək mədəni terrordan başqa bir şey deyil. Müasir musiqi canlı orqanizm kimi daim təzələnir, yeni müsiqi janrları yaranır, itir, dəbə minir, populyarlığını itirir. Odur ki, estrada səhnəsinə gələn gənclərin yönünü tutmaqdansa (bu Mirəliyevin işi deyil) onların qorxudulması, “bezdarnı”olmaları barədə elə ilk andaca hucum etmək düzgün deyil. Azərbaycanda musiqinin hansı formasının dəbdə olacağını yalnız dinləyici qərar verə bilər. Hökm sahiblərinin isə yaxşı musiqinin təbliğni aparmaq qalır. Estrada da minlərlə muğənni ola bilər, amma onların çox az bir qismi milli estrada sənətinə müncər oluna bilər. 80-lərdə bu imzalar Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Samir Bağırov, Almas Ələsgərli, Briliyant Dadaşova oldu. Son on ildə növbəti seçim “dalğası”başlanıb. Milli rok, pop,rep qrupları fəaliyyət göstərirlər. Bacarıqlı uşaqlar parlayıb: “Yeni Ulduz” yarışması, “Avroviziya” müsabiqələri..
Bunları ələ salmaq, gülmək sadəcə zəiflik və dayazlığdan xəbər verir. “Yeni Müslümlər, Poladlar, Floralar, Faiqlər”gözləmək barədə deyilənlər isə mədəni avantüradan başqa bir şey deyil. Zatən “dejavyu” heç vaxt orjinalı əvəz edə bilməz. Bizə öz siması, səsi və performansı olan estrada “ulduzları” lazımdır. Mədəni dünyaya inteqrasiya baxımından Əli Mirəliyevsayağı “tənqid” yox, istedadlı uşaqlara ciddi dəstək gərəkdir.   
Bu isə əlahiddə müzakirə olunan məsələdir.
PS. Yeri gəlmişkən, muğam ustası Qəndab Quliyeva bu günlərdə ANS-in efirindən belə mübahisələr zamanı səmimi qəlbdən etiraf etdi ki, bu janrda oxuyanlara qiymət verə bilməz. Çünki o musiqini başa düşmür, onun sahəsi deyil..
 





17.10.2011    çap et  çap et