Vaxt.Az

Qəzaya uğrayan təyyarə «THY»in deyil


 

Qırğızıstanda baş verən faciədə 32 nəfər həlak olub

Qəzaya uğrayan təyyarə «THY»in deyil Bişkekin «Manas» aeroportunda qəzaya uğrayan «Boeing 747-400» təyyarəsi Türkiyənin «ACT Havayolları» yükdaşıma şirkətinə məxsusdur.

Virtualaz.org xəbər verir ki, son məlumata görə ölənlərin sayı 37-yə çatıb. Onların əksəriyyəti təyyarənin üzərinə düşdüyü evlərin sakinləridir. Heyət üzvlərinin də hamısının həlak olduğu təxmin edilir. Təyyarə Honkonq-İstanbul reysi ilə uçurdu və yanacaq götürmək üçün Bişkekdə yerə enirdi.

Təyyarənin düşməsi nəticəsində «Manas» aeroportu yaxınlığında yerləşən qəsəbədə 15 ev tamamilə dağılıb, evlərin dağıntıları altından cəsədlərin və yaralıların çıxarılması davam edir. Ölənlərin sayının artması istisna deyil. Bildirilir ki, «Boeing»in pilotlarından biri qəzadan sonra sağ qalıb, ancaq aldığı yaralar ağır olduğundan xəstəxanaya aparılarkən yolda keçinib. Qəzanın ilkin səbəbi təyyarənin uçuş-enmə zolağından çıxması hesab olunur.


***


10:27

Qırğızıstanda qəzaya uğramış yük təyyarəsi «Türk Hava Yolları»na məxsus deyil.

Bu barədə RİA Novosti-yə Türkiyənin Rusiyadakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, bu təyyarə Türkiyənin özəl şirkətinə məxsusdur.

Bu arada Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib ki, qəza nəticəsində ölənlərin sayı artıq 35 nəfər çatıb.


***


«Türk Hava Yolları»na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan baş nazirinin müavini Muhammedkalıy Abulqazıyev bildirib. Ölənlərdən 4 nəfər ekipaj üzvüdür. Onların kimliyi müəyyənləşdirilib. 28 nəfərinsə yerli sakin olduğunu bildirilir.


***


08:53

Qırğızıstanda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30-u keçib.

APA-nın məlumatına görə, Qırğızıstan Səhiyyə Nazirliyindən RİA «Novosti» agentliyinə bildirilib ki, hadisə yerindən 8 nəfər xəstəxanaya aparılıb. Onlardan 6-sı uşaqdır. Nazirlikdən onu da bildiriblər ki, ölən və xəsarət alanların sayı barədə açıqlanan rəqəm son deyil, dəyişə bilər.

«Türk Hava Yolları» aviaşirkətinə məxsus «Boeing 747» yük təyyarəsi bu gün səhər Honkonq-Bişkək reysini yerinə yetirərkən qəzaya uğrayıb. Qırğızıstan FHN-in məlumatına görə, təyyarə Bişkək aeroportu yaxınlığında bağ evləri yerləşən qəsəbədə  qəzaya düşüb.

Ölənlər arasında yerli sakinlər və ekipaj üzvləri var.

 

***


07.33

Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin «Türk Hava Yolları» («Turkish Airlines») aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb.

APA-nın «Reuters» agentliyinə istinadən verdiyi xəbərə görə, qəza təyyarə eniş edərkən baş berib.

İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. «Boeing 747» təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir.

 

***

 

07:20

Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin «Türk Hava Yolları» («Turkish Airlines») aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə «Manas» hava limanının mətbuat xidməti məlumat verib.

Təyyarənin göyərtəsində olanların taleyi barədə hələ ki, məlumat yoxdur. İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. Hadisə yerində yanğın başlayıb. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.

 





16.01.2017    çap et  çap et