Vaxt.Az

Qızıldan istifadə ziyandır?


 

Bu qiymətli metalın kişi orqanizminə təsiri alimlərin maraq dairəsindədir

Qızıldan istifadə ziyandır? Üzüklər cinsindən asılı olmayaraq əksər insanların ən çox istifadə etdiyi aksessuar sayılır. Forma və materialından asılı olmayaraq zövqə görə seçilən üzüklər sahibləri tərəfindən də diqqətlə qorunur. Üzüklər qızıl olduqda isə bu vəziyyət daha da dəyişir. İstər nişan üzükləri, istərsə də gündəlik istifadə olunan üzüklər mümkün qədər cibə və ələ uyğun seçilir. İnsanlarda kifayət qədər qızıla bağlılıq olduğu üçün bəzən kişilər də qızıl üzüklərə meyl edir.
Kimisi tərəfindən bu, xoş qarşılansa da, əksər insanlar kişilərin qızıl üzükdən istifadə etməsinin əleyhinədir. Bəzək əşyalarının yalnız qadınlar üçün olması fikrində olanlar da var. Bir sözlə, kişilərin bəzək əşyası, xüsusən qızıl üzüklərin istifadəsi birmənalı qəbul olunmur. Dində də qızılın kişilərə qadağan olunması haqqında fikirlər var. İnsanların çoxu bu haqda məlumatlı olsalar da, nə üçün qızılın qadağan olunmasından xəbərsizdirlər. Təbii ki, bu qadağanı pozanlar da az deyil. Bakı sakini Zaur Kərimov da qızıl üzük istifadə edən kişilərdəndir. Onun fikrincə, qızıl üzüyün istifadəsi elə də pis deyil. Həmsöhbətimiz üzüyü bəzək əşyası kimi də istifadə etmir: «Qızıl üzüyüm var, hər zaman əlimdədir. Nişan üzüyümdür. Nişan üzüyü alınanda mən də təklif etmişdim ki, qızıl almayaq, amma qarşı tərəf buna razı olmadı. Xanımım da nişan üzüyünü istifadə etməyim üçün məni məcbur etdi və nəticədə bu üzük də saat kimi gündəlik aksessuarıma çevrildi. Günah olduğunu bilirəm, amma nə üçün günah olduğu haqqında bir məlumatım yoxdur». Hacı Kamilin sözlərinə görə, qızılın istifadəsi qadınlar üçün məqbuldur, kişilərin qızıldan istifadə etməsi heç də xoşagələn deyil. Dinin də qadağan etdiyi qızıl, kişilər tərəfindən bilərək istifadə olunduqda günahı daha ağır olur: «Kişi ümmətinə qızıl və ipək haram edilib. Bu iki əşyadan başqa kişilər istənilən parçadan və materialdan istifadə etməkdə sərbəstdirlər. Qızıl qələm, qızıl saat, qızıl alışqan və s. haram buyurulub. Gümüş üzük istifadə etmək isə müsəlmanlara halal sayılıb. İslam qızılı kişilərə haram buyurmaqla əxlaqi və tərbiyəvi bir hədəfə yönəlib. İslam kişinin qürurunun qorunmasının, kimsənin qarşısında əyilməsinin doğru olmadığını bildirir. Kişinin də qadınlar kimi öz zinət əşyaları ilə öyünməsi onu başqalarının yanında gözdən salır. Nişan üzüklərinə qaldıqda isə gümüşdən istifadə etmək daha yaxşıdır. Ucuzdursa, ailə gümüşü qəbul etmirsə, bahalı bir-iki qaşla üzüyün qiymətini qaldırmaq mümkündür. İstənilən halda qızılın istifadəsi haram və qadağandır, nişan üzüyü olsa belə. Qızıl əşyalarının daha çox istifadə olunması iqtisadi cəhətdən də sərfəli deyil. Bu da nəticədə israfa gətirib çıxarır. İslamın nəzərində israf, millətləri həlak edən, iqtisadi cəhətdən onları geridə qoyan bir amildir. İsraf xeyirli və doğru bütün yolların, prinsiplərin düşmənidir. İslam dini müsəlmanların həyatındakı bütün israfları haram qılmışdır. Kişilərə qızıl və ipəkdən istifadə etməni qadağan etdiyi kimi, bütün müsəlmanlara qadın və kişilərə hamısına qızıl və gümüş qablardan istifadə etməyi də haram edib». Qızılda bioenerjilərin olmasına inananlar da az deyil. Toya-düyünə gedərkən daha gözəl, daha yaraşıqlı görünmək üçün qız-gəlinlərimiz bəzən başqalarından qızıl məmulatları alıb istifadə edirlər. Lakin çoxunun bu əşyaların onlara verdiyi mənfi enerjidən xəbəri olmur. Belə ki, işlənmiş hər bir bəzək məmulatı ilk sahibinin taleyini özündə cəmləşdirdiyindən, ondan istifadə edən digər adamların da həyatı ona bənzər olur. Əgər ailə səadəti faciələrə mübtəla olan bədbəxt bir qadın öz üzüyünü ərə getməyə hazırlaşan birisinə bağışlayırsa, gəlin olmağa hazırlaşan həmin qızın taleyi heç vaxt ürəkaçan olmayacaq. Bu periodda söhbət kimin kimə bağışlamasından getmir. Hətta ana öz qızına, bacı bacısına hədiyyə etsə də, eyni şeylər olur. Bütün bunları nəzərə alıb çalışın ki, üstünüzdə işlənməyən - öz qızıllarınızı gəzdirəsiniz. Bu baxımdan dükanlara müraciət etmək daha yaxşı olar. Çünki indi qızıl məmulatları nisbətən ucuz və boldur. Dar üzüklərin də istifadəsi həkimlər tərəfindən müsbət qarşılanmır. Barmaqların ucunda xeyli sinir ucları mövcuddur. Təbii ki, üzüyü taxarkən sinir impulslarının ötürülməsinə fiziki təsir göstəririk. Bu baxımdan dar üzüklərin taxılması xüsusilə təhlükəlidir. Ümumiyyətlə, belə üzüklərin taxılması osteoxondroz və radikulit xəstəliklərinin yaranmasına səbəb olur. Orta barmaqda narahat üzük gəzdirmək ateroskleroz və hipertoniyaya gətirib çıxarır, çeçələ barmağın yüklənməsi isə onikibarmaq bağırsağın patalogiyası ilə nəticələnir. Alimlərin fikrincə, qızıl nişan üzükləri qadın orqanizminə tənzimləyici təsir göstərir və burada baş verən prosesləri fəallaşdırır. Kişilərdə isə tamamilə əksinədir. Mütəxəssislər qadınlara qızıl əşyaları zəiflik hiss olunduğu vaxtlarda gəzdirməyi məsləhət görürlər. Bundan əlavə, ürək xəstəliklərindən hipertoniyadan əziyyət çəkən xanımlara qızıl çox xeyirlidir. Qızılın kişilərə heç bir xeyri olmadığı kimi ziyanının olub-olmaması da alimlərin maraq dairəsindədir.
 





01.10.2013    çap et  çap et