APA-nın «news.am» saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinovun yaydığı bəyanatda deyilir.
V. Zaynetdinov N. Bordyujanın istefasının 2015-ci ildə Moskvada quruma üzv ölkələrin dövlət başçılarının qəbul etdiyi qərarla bağlı olduğunu vurğulayıb. Yeni baş katibinin təyin edilməsi məsələsinə gəldikdə, bu vəzifəni tutacaq şəxs üzv dövlətlərin adının rus əlifbası əsasında ardıcıllığına uyğun, rotasiya qaydasında, Xarici İşlər Nazirləri Şurası tərəfindən 3 illik müddətə irəli sürüləcək namizəd olacaq.
Xatırladaq ki, N. Bordyuja Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı işğalçı ölkənin mövqeyinə uyğun bəyanat verib. Azərbaycan bu bəyanata öz etirazını bildirib.
Qeyd edək ki, N. Bordyuja 2003-cü ildən KTMT baş katibi olub. KTMT-nin 2015-ci ilin dekabrında Moskvada keçirilən sammitində N. Bordyujanın səlahiyyət müddətinin 1 yanvar 2017-ci ilə qədər uzadılması barədə qərar qəbul edilib.
KTMT 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür. Özbəkistan 2012-ci ilin iyununda KTMT-də fəaliyyətini dayandırdığını bəyan edib.