Vaxt.Az

«Gərgin işinin kulminasiyası ...»


 

Dünya Bankı TANAP-a daha 400 milyon ayırdı

«Gərgin işinin kulminasiyası ...» Azərbaycan hökuməti, «Cənub Qaz Dəhlizi» QSC (CQD) və Dünya Bankı bu gün Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə CQD-yə 400 milyon ABŞ dolları məbləğində kreditin ayrılması üçün hüquqi sənədləri imzalayıblar.

Dünya Bankından «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanın qaz ixrac bazarlarının diversifikasiyası və Türkiyə və Cənub-Şərqi Avropanın enerji təchizatının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycanın «Şahdəniz» qaz yatağından təbii qazın Türkiyəyə və bu ölkədən keçərək Avropaya nəqli həyata keçiriləcək.

Bu layihə TANAP-dan başqa, Azərbaycanda «Şahdəniz 2» qaz yatağının istismarı, Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan və Gürcüstandan keçərək Türkiyəyə qədər genişləndirilməsi, eləcə də qazı Yunanıstan və Albaniya ərazisindən və Adriatik dənizinin altından keçərək Cənubi İtaliyaya çatdıracaq Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisini nəzərdə tutan Cənub Qaz Dəhlizi Proqramının tərkib hissəsidir. Proqramda iştirak edən bütün ölkələr üçün Cənub Qaz Dəhlizinin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutları, o cümlədən layihəni Dünya Bankı ilə birgə maliyyələşdirən Asiya İnfrastruktur İnvestisiya Bankı bu Proqramı dəstəkləyir.

Layihə çərçivəsində TANAP boru kəməri sistemində infrastruktur investisiyaları maliyyələşdiriləcək. Uzunluğu 1850 km olan TANAP ümumi uzunluğu 3500 km olan və Azərbaycandan İtaliyaya boru kəməri sistemini ehtiva edən «Cənub Qaz Dəhlizi»nin yarıdan çoxunu təşkil edir. TANAP Türkiyə və Gürcüstanın sərhədindən başlayacaq, Türkiyədən keçməklə şərqdən qərbə doğru uzanaraq Yunanıstan sərhədində qazı Avropa bazarlarına çatdıracaq TAP-la birləşəcək.

«Biz bu gün Dünya Bankı və Azərbaycanın layihə heyətlərinin aylar ərzində gərgin işinin kulminasiyası olaraq TANAP üzrə hüquqi sazişləri imzalamaqdan məmnunuq», -  Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Mercy Tembon deyib, - «Biz əminik ki, bu layihə ölkənin regional ticarətdə rolunu və rəqabət qabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək». 

Azərbaycanda «Şahdəniz 2» qaz yatağı ildə 16 milyard kubmetr qazın istehsalı üçün işlənilməkdədir. Qaz hasilatı və nəqlindən əldə olunacaq gəlirlər ölkə və onun vətəndaşları üçün əhəmiyyətli olacaq. Layihə Bankın Azərbaycanla tərəfdaşlığının strateji məqsədlərinə nail olunmasına töhfə verəcək, xüsusilə Azərbaycanın nəqliyyat bağlantıları və tranzit sahəsində rolunu gücləndirərək, eləcə də ixracını artıraraq ölkənin regional və Avropa enerji bazarlarına inteqrasiyası və  iqtisadi rəqabət qabiliyyətinin artırılmasını dəstəkləyəcək.

 





16.01.2017    çap et  çap et