Rusiyanın təbii qaz ehtiyatları ilə zəngin olduğunu və Çinin enerji resurslarına ehtiyacı olduğunu nəzərə alsaq, bu saziş ilk baxışdan çox əlverişli səslənir. Lakin bu məqalədə Rusiya və Çin arasındakı Şərqi Sibir müqaviləsinin mümkün müsbət və mənfi cəhətləri müzakirə olunacaq.
Bu yeni saziş Rusiyanın qaz ixracatında dominant yer tutan Avropa bazarından asılılığını azaldacaq. Avropa qaz idxalı üzərində Rus monopoliyasını aradan qaldırmaq və alternativ qaz kəmərləri ilə Avropanı təmin etmək üçün səylər göstərir. Bundan başqa, Ukrayna böhranı səbəbi ilə Rusiyaya qarşı qoyulan son sanksiyalar Rusiya- Avropa qarşılıqlı münasibətlərinə daha da mənfi təsir göstərdi. Bu səbəblərə görə, Çin ilə nəhəng qaz ixracı haqqındakı müqavilə Rusiya üçün böyük strateji əhəmiyyət daşıyır.
Əlavə olaraq, bu saziş Çinə kömür istehsalını saf təbii qazla əvəz etməyə imkan verəcək. BEA-nın proqnozuna görə, Çin enerji istehlakının 69 faizi səmərəsiz və mühitin kirlənməsinə səbəb olan kömür istehsalına əsaslanır.
Lakin belə böyük investisiya üçün Rusiyanın maliyyə resursları çatışmır. Son illərdə neftin qiymətinin kəskin azalması başda Rusiya olmaqla enerji ixracat edən ölkələr üçün gəlir çatışmazlıqlarına səbəb oldu. Aşağı neft qiymətinin təsiri ilə yanaşı, Avropa tərəfindən qoyulan iqtisadi sanksiyalar Rusiya valyutasına kifayət qədər mənfi təsir göstərdi. (Qrafik 1) İqtisadiyyatda tənəzzül, inflyasiya və həmçinin aşağı valyuta dəyəri Rusiya üçün yeni qaz boru kəməri tikməyə, lazımi idxal avadanlıqlarının maliyyə dəyərini artırdı. Rusiyanın maliyyə imkanlarını məhdudlaşdıran başqa bir səbəb isə Rusiyanın enerji nəhəngi «Gazprom»un inhisarıdır. Rusiya qanunvericiliyinə görə, beynəlxalq şirkətlərin və özəl Rus şirkətlərinin enerji investisiyalarında iştirakına icazə verilmir. Əsasən, enerji sektorunun bu inhisarçı xarakteri nəhəng investisiya imkanlarına şərait yaratmır.
Çin tərəfdən də bu müqavilənin nə qədər sərfəli olması haqqında qeyri-müəyyənlik var. Çinin sürətlə inkişaf edən iqtisadiyyatı son on ildə enerji resurslarına böyük tələbat yaratsa da, son zamanlar iqtisadiyyatda gözlənilməyən yavaşlama Şərqi Sibir boru kəmərinin əlverişliliyi haqqında şübhələri artırmışdır. Bu günlərdə Çinin enerji sərfi əsrin ən aşağı indeksini göstərir. 2014-cü illə müqayisədə, 2015-ci ildə enerji ixracı 20% azalıb. Buna baxmayaraq, nəzərə çatdırmaq lazımdır ki, aşağı enerji tələbatı halında belə, Çin çirkli kömür istehsalını əvəz etmək üçün təbii qaz resurslarına ehtiyac duyur.
Əlavə olaraq, Rusiya belə nəhəng investisiyaya daxil olarkən Çin enerji bazarında olan güclü rəqiblərini nəzərdən qaçırır. Hesablamalara görə, 2020-ci ildə Mərkəzi Asiya-Çin boru kəməri və LNG resursları Çinin bütün təbii qaz tələbatını ödəməyə kifayət edəcək. Aleksander Qabuyev mövcud vəziyyəti aydın sözlərlə izah elədi: «Həqiqətən də Rusiya əvvəlki onilliklərdə Asiya bazarında yer tutmaq imkanını əldən qaçırtdı. İndi isə rəqiblərlə dolu bazara çatışmayan infrastruktur və iqtisadi sanksiyalarla gəlib».
Bütün bunlara görə də, yeni qaz boru kəməri gözlənilən qiymətdə, gözlənilən həcmə çatmaya bilər.
Lakin, Corneliya Meyer razılaşmanın çatışmazlıqlarına baxmayaraq, layihənin hələ həyata keçiriləcəyini müdafiə etdi: «Çin fürsətdən istifadə edib qiyməti salmağa çalışacaq? Bəli. Rusiya və Çin mübahisə edəcək? Əlbəttə. Amma yenə də sonda bu proyekt həyata keçiriləcək», Meyer bildirib.