Vaxt.Az
Nişan üzüyü seçərkən bilməlisiniz...
Barmağınızın ölçüsünün tez-tez dəyişdiyini hiss etmisiniz?
Nişan üzüyünü seçmək yəqin ki çoxlarını düşündürür. Belə ki, 2 əsas sual alıcı qarşısında durur, mən hansı üzüyü istəyirəm və barmağıma uyğun ölçüdə üzük tapmaq mümkün olacaqmı. Nişan üzüyünü düzgün seçmək üçün hər şeydən öncə bilmək lazımdır ki, barmağın ölçüsü havadan (qış-yay, isti-soyuq, nəm-quru) və sutkanın hansı saatı olmasından asılı olaraq dəyişir. Məsələn soyuq barmaqların ölçüsünün alınması dəqiq nəticə verməyəcək, çünki soyuq havada barmaqlar ensiz olur. Eyni zamanda duş qəbul etdikdən sonra, idmanla məşğul olduqdan sonra, ağır yük və ya çantaların daşınmasından sonra, həmçinin çoxlu maye qəbul etdikdən sonra barmaqların dəqiq ölçüsünü götürmək mümkün deyil. Buna görə də üzük seçən zaman yuxarıda sadalanan hallardan qaçmağa çalışın.Ən münasib vaxt kimi iş gününün sonunu göstərmək olar. Çünki bu zaman barmaqlar tipik qalınlıqlarına qayıdırlar. Beləliklə, siz üzük mağazasındasınız... İlk öncə üzüyün birkasında göstərilən ölçü ilə üzüyün real ölçüsünün bir-birindən fərqlənməsinə hazır olmaq lazımdır. Ölçü hər iki tərəfə (birka və real ölçü) 0.4 mm dəyişə bilər. Məsələn, siz «A» mağazasına gələrək orada hər hansı bir üzüyü yoxladınız. Bir digər mağazada isə «A» mağazasında gördüyünüz eyni ölçülü üzük sizə kiçik ola bilər. Unutmaq lazım deyil: üzüyün qiyməti nə qədər ucuzdursa, barmağa uyğun gəlməmək (səhv ölçülü) ehtimalı artır. Alacağınız üzüyün eni ilə əlaqədar: əgər üzüyün eni 4-5 mm-ə bərabərdirsə, o zaman geniş barmaqlarda üzüyün hər mm eninə 0.1 mm ölçü əlavə etmək lazımdır ki, səhv etmək ehtimalı azalmış olsun. Üzüklərin ölçüləri onların daxil profilindən (görünüşündən) çox asılıdır.
Əgər Rusiyada istehsal olunmuş üzük almağa qərar versəniz, unutmayın ki, Rusiya üzükləri üçün daxili profilin yastı olması xarakterikdir. Ancaq digər ölkələrdən idxal olunmuş üzüklər «comfort fit» adlanan qabarıq profilə malik olur. Bu cür profilə malik üzüklər digərləri ilə müqayisədə daha enli olsalar da, barmaqda daha rahat oturur, barmaqlar şişəndə dəriyə batmır və ən önəmlisi, illər sonra yaşla əlaqədar barmaqlar kök olanda bu üzüklərin daxili hissəsini cilalamaqla lazımi ölçüyə gətirmək olar. Bu adətən brilyant üzüklər üçün vacibdir. Çünki onları başqa yolla genişləndirmək və ölçüsünü böyütmək mümkün deyil. Beləliklə, əgər siz daxili profili yastı olan üzük ölçüb, ancaq əvəzinə «comfort fit», yəni qabarıq profilli üzük sifariş vermək istəyirsinizsə, bu zaman yastı üzüklərin ölçüsündən 0.1 mm çıxmaq lazımdır (eni 4-6 mm olan üzüklər üçün) və ya əksinə əgər yastı üzük sifariş verəcəksinizsə «comfort fit» üzüklərinin ölçüsünə 0.1 mm əlavə etmək lazımdır.
Əgər iki ölçü arasında seçim etməli olsanız: - üzüyün daxili profili yastı olsa, daha böyük ölçünü seçin-üzüyün daxili profili qabarıq olsa, daha kiçik ölçünü seçin Daha bir neçə praktik məsləhət: Uzun incə barmaqlarda (14.0-15.7 mm) ya eni 2.5-3.5 mm olan dar (ensiz) üzüklər, ya da eni 8-10 mm olan üzüklər yaxşı durur. Uzun kök barmaqlarda (17.5 mm-dən başlayaraq) eni 7-8 mm olan üzüklər çox yaxşı görünür. Qısa ensiz və qısa kök barmaqlar üçün yalnız bir qayda var: eni 2.5-3.5 mm olan ensiz üzüklər. Orta uzunluqda və orta ölçüdə olan barmaqlara (15.7-17.5 mm) üzüyün optimal eni 4.5-6 mm olmalıdır. Unutmayın zərgərlik məmulatları heç vaxt təmiz metaldan hazırlanmır. Qızıl və ya gümüşə digər metal əlavə olunaraq üzüyə müəyyən forma və keyfiyyət qazandırılır. Xalis qızıl çox plastikdir. Əgər sadəcə qızıldan üzük hazırlansa, o asanlıqla əyiləcək. Bu isə zərgərlik məmulatları üçün qəbuledilməzdir. Bunun üçün yuxarıda qeyd edildiyi kimi qızıl gümüş, mis, palladium (az tapılan gümüş rəngli metal), nikel (gümüşü-ağ rəngli çətin əriyən metal), sinklə (göyümtül ağ rəngli metal) birlikdə əridilir.
Üzüyün tərkibində qızılın nisbətini müəyyənləşdirmək üçün əyardan istifadə olunur. Ən yüksək əyar 958 hesab olunur. Bundan əlavə 750, 538, 500, 375 əyarına uyğun gələn zərgərlik məmulatları da var. Təbii ki, bunlar ümumi qaydalar idi və yuxarıda söylənənlərin hər hansı biri üçün istisna mümkündür. Ən optimal variant bir neçə tip üzüyün barmaqda yoxlanılmasıdır. Barmaqların qalınlığından asılı olaraq müxtəlif tövsiyələr isə individual xarakter daşıyır.
Nişan üzüyünün seçiminə çox diqqətlə yanaşmaq lazımdır, çünki hər şeydən əvvəl onu bütün həyatınız boyunca barmağınızda gəzdirəcəksiniz. Və nəhayət ev şəraitində üzüyün ölçüsünü müəyyən etməyin yolları barədə məlumat. Hər şey çox asandır: Qaytan, ip və ya zolaq formasında kağız və xətkeş götürün. Qaytan və ya ipi barmağınızın ətrafında dolayın (üzüyün yerləşəcəyi hissədə), bununla belə ipin arasından barmağın ən enli hissəsinin rahat keçə biləcəyi qədər məsafə olmalıdır. Bundan sonra ipin (qaytanın) üzərində birləşmə yerini qeyd edin. İpi açıb xətkeşlə uzunluğunu ölçün.
10.10.2012 çap et