Bəs işin sirri nədədir?
Yaponiyada silah almaq istəyən adamın çoxlu səbri və qətiyyəti olmalıdır. O, bütün gün davam edən dərsdə iştirak etməli, yazılı imtahan verməli və atıcılıq testini 95 faiz nəticə ilə verməlidir. Bundan başqa, ruhi sağlamlıq və narkotik testlərindən keçmək tələb olunur. Sizin cinayət tarixçəniz yoxlanır və polis sizin hər hansı ekstremist qruplarla əlaqənizi araşdırır. Bundan sonra onlar sizin qohum-əqrəbanızı və hətta iş yoldaşlarınızı yoxlayırlar. Bununla yanaşı, polis sizə silah lisenziyası verməkdən imtina edə bilər. Polis həm də sizə verilmiş silahı axtara və onu əlinizdən ala bilər.
Məsələ bununla bitmir. Əl silahları yerli-dibli qadağandır. Yalnız atıcı silahlara və tüfənglərə icazə verilir.
3-dən artıq silah dükanı olmasın
Silah dükanlarının sayı qanunla məhdudlaşdırılıb. Yaponiyada prefekturaların sayı 40 civarındadır. Onların əksəriyyətində 3-dən artıq silah dükanının olmasına icazə verilmir. Üstəlik, yeni güllə patronlarını ötən dəfə aldığınız, işlənmiş boş patronu qaytarmaqla əldə edə bilərsiniz.
Polis silah və ona aid sursatın harada saxlanıldığından xəbərdar olmalıdır. Onlar ayrıca, qıfıllı yerdə saxlanmalıdır. Polis həmçinin ildə bir dəfə silahları təftiş edir. Üç ildən sonra lisenziyanızın müddəti bitir və yenidən kursa gedib imtahandan keçməlisiniz.
Bu, Yaponiyada kütləvi atışmaların olmamasının mühüm səbəblərindəndir. Kütləvi qətllər törədilən zaman qatil çox zaman bıçaqdan istifadə edir.
Hazırkı silahlara nəzarət qanunu 1958-ci ildə qəbul olunub. Ancaq bu siyasətin kökləri əsrlərlə əvvələ gedib çıxır.
1000 adama 6 silah
«Silahlar bu ölkəyə ayaq açandan bəri Yaponiyanın silah qanunları sərt olub. Bu, bütün dünyada silah qanunu tətbiq etmiş ilk dövlətdir», – «Silahlı Zorakılığa Qarşı» adlı qurumun rəhbəri və «Silah, canım silah» («Gun Baby Gun») kitabının müəllifi İain Overton deyir.
Hələ 1685-ci ildə odlu silahlarını təhvil verən insanlar mükafatlandırılırdı. Overton deyir ki, bu siyasət bəlkə də, dünyada bu sahədə ilk belə təşəbbüs olub.
Nəticədə bu gün Yaponiyada silaha malik olma faizi çox aşağıdır. 2007-ci ildə hər yüz adama 0,6 silah düşüb. İngiltərə və Uelsdə bu göstərici 6,2, ABŞ-da isə 88,8 olub.
«Cəmiyyətdə silah varsa, silahlı zorakılıq da olacaq. Ancaq düşünürəm ki, məsələ kəmiyyətdədir. Əgər cəmiyyətdə çox az silah varsa, zorakılıq səviyyəsinin aşağı olması da, demək olar, qaçılmazdır», – Overton deyir.
Zorakılığın cavabı
Yapon polisi silaha çox nadir hallarda əl atır. Çox zaman Şərq döyüş növlərinə üstünlük verilir. Bütün polis əməkdaşlarının cüdo üzrə qara kəmərə malik olması tələb edilir. Onlar kendo (bambuk ağaclarla döyüş növü) məşqlərində atıcılıq dərslərindən daha çox vaxt keçirirlər.
«Zorakılığın cavabı zorakılıq yox, onun yumşaldılmasıdır. 2015-ci ildə bütün ölkə üzrə yapon polisi cəmi altı dəfə atəş açıb. Əksər hallarda yapon polisi özü ilə gəzdirdiyi iri sırıqlı döşəyi götürüb zorakılıq edən, yaxud içkili olan insanı dürmək kimi bükəcək və sakitləşdirmək üçün bölməyə aparacaq», – jurnalist Antoni Berteo (Anthony Berteaux) deyir.
Ancaq silahlara nəzarət qanunu yapon qanqsterlərinə problem yaradır. Son 15 ildə Yakudzanın (yapon mafiyası) törətdiyi silahlı cinayətlərin sayı azalıb.
«Cinayətkarlar silahı ton balığının içində keçirirlər ki, o, donmuş ton balığı kimi görünsün. Ancaq biz onların içində silah gizlətdikləri çamadanları aşkarlamışıq», – istefada olan polis məmuru Tahi Oqava deyir. (Azadlıq Radiosu)