«Trump Organisation»ın icraçı vitse-prezidenti və baş konsulu Alan Qarten Azərbaycandan başqa, Braziliya və Gürcüstandakı lisenziyaların ləğvini maraqlar toqquşması riskindən daha çox şirkətdəki «təmizləmə» işləri ilə əlaqələndirmişdi. O bildirmişdi ki, lisenziya razılaşmanın şərtlərinə əməl edilmədiyinə görə, ləğv olunub.
Donald Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq.
İstər prezidentlik kampaniyası dövründə, istərsə də sonradan qərb mediası Tramp və onun Azərbaycanlı ortağı Anar Məmmədov haqda xeyli məqalələr dərc edib.
«The Washington Post» qəzeti yazırdı ki, neft ölkəsi olan Azərbaycanda Tramp 35 yaşlı milyarder Anar Məmmədovla tərəfdaşlıq edib və bu əməkdaşlığından il yarımda azı 2.5 milyon dollar qazanıb.
Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O, adını ZQAN-dan «Garant»a dəyişən holdinqə rəhbərlik edir. Bakıdakı Tramp hotelini də «Garant Holding» tikdirib.
Anar Məmmədov həm də Azərbaycan- Amerika Alyansının təsisçisidir. Alyans dörd ildə Vaşinqtonda qala yeməklərlə birlikdə lobbiçilik işlərinə azı 12 milyon dollar pul xərcləyib. (azadliqradiosu.az)