Vaxt.Az

Rusiyadan eyham


 

«Nebo-M» Gümrüdən Azərbaycanı izləyəcək?

Rusiyadan eyham Rusiya Müdafiə Nazirliyinin jurnalı «Voennoe obozrenie» («Hərbi icmal») silahlanmaya son illərdə daxil olan ən yeni «Nebo-M» radiolokasiya stansiyasının taktiki-texniki göstəriciləri və onun NATO ölkələrinin «stels» tipli təyyarələrini belə aşkar etmək imkanında olduğu barədə məqalə dərc edib.

Virtualaz.org xəbər verir ki, məqalədə bu kompleksin Ermənistandakı 102-ci hərbi bazada yerləşdirilməsinə də eyham vurulur. Özü də Azərbaycanın İsraildən aldığı «Green Pine» radiolokasiya stansiyasına cavab olaraq.

Məqalədə deyilir ki, «Nebo-M» radiolokasiya stansiyası raket hücumundan xəbərdarlıq və uzaq məsafələrdən aşkar etmə sistemini özündə birləşdirir. Habelə zenit-raket bölmələri üçün hədəfləri aşkar edib koordinatlarını verir. Bu ilin əvvəllərinə olan məlumata görə Rusiyanın radiotexniki qoşunları 10-dan çox «Nebo-M» kompleksinə malikdir. Komplekslərdən birincisi 2012-ci ildə silahlanmaya qəbul edilib. Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, ötən il Hava-Kosmik Qüvvələrinə 5 «Nebo-M» radilokasiya kompleksi verilib. Beləliklə də, silahlanmada olan komplekslərin sayı 10-u keçib.  Həmin komplekslər Şərq və Qərb hərbi dairələrinin radioelektron mübarizə qoşunlarının sərəncamındadır.

Müəllif iddia edir ki, «Nebo-M» radiolokasiya kompleksi raket hücumu barədə xəbərdarlıq edən, o cümlədən aşağı hündürlükdə uçan, səsdən iti və səsdən çox iti-hipersürətli raketlərin, digər bu kimi uçan aparatların trayektoriyasını müəyyən edən yeganə kompleksdir. Kompleksin sınaqları 2009-cu ildə başlayıb. «Nebo-M» 1800 kilometrə qədər məsafədən hədəfləri aşkar edib izləyir. Kompleks sektor rejimində 200-250 kilometr məsafədə və 160 kilometrə qədər məsafədə dairəvi müşahidə rejimində reaktiv yaylım atəşi sistemlərinin korrektə edilən mərmilərini müəyyən edir. 

«Nebo-M»in mühüm özəlliklərindən biri kimi onun hətta 1200 km hündürlükdə, atmosferdən yuxarıda hədəfləri aşkar edə bilməsi göstərilir. Həmin hündürlükdən isə qitələrarası ballistik raketlər uça bilər.

Rusiya MN-in jurnalı göstərir ki, komplekslərə cənub-qərb istiqamətlərində tələbat daha çoxdur. Çünki bu istiqamətdə ABŞ Hərbi Hava Qüvvələrinin taktiki və strateji aviasiyasının fəallığı daha yüksəkdir. Perspektivdə isə Türkiyə özünün «İldırım» operativ-taktiki ballistik raketini sınaqdan keçirməyə hazırlaşır. Habelə müəllif iddia edir ki, «Nebo-M» Gürcüstan istiqamətindən qaynaqlanan təhdidlərə qarşı da effektiv olacaq. Çünki Gürcüstan Vaziani hərbi bazasında NATO-nun tank bölmələrini və bir neçə batareya «Patriot MAC-3» və ya SAMP-T komplekslərini yerləşdirməyə hazırlaşır.

Müəllif hesab edir ki, «Nebo-M» S-300B4 və S-400 «Triumf» zenit-raket kompleksləri ilə birlikdə tətbiq olunduqda yüksək effektivlik nümayiş etdirir. Ümumiyyətlə bildirilir ki, bu kompleksin dünyada analoqu yoxdur. Və müəllif qeyd edir: «Cənub-qərb hərbi istiqamətinə qayıdaraq qeyd etmək lazımdır ki, «Nebo-M» radiolokasiya kompleksinin Gümrüdəki 102-ci hərbi bazada yerləşdirilməsi tamamilə məntiqidir. Burada o, Azərbaycanın İsraildən aldığı «Green Pine» radilokasiya stansiyasına layiqli cavab olacaq, habelə Türkiyə, İraq, Suriya və Gürcüstan üzərində böyük miqyasda hava sahəsinə nəzarət etməyə imkan verəcək. NATO və İsrailin taktiki aviasiyasının Yaxın Şərqdə istənilən sanksiyalaşdırılmamış uçuşu kompleks tərəfindən qeydə alınacaq».

Məqalədə «Nebo-M» kompleksinin Ermənistanda yerləşdirildiyi göstərilmir, ancaq müəllif açıq-aşkar buna eyham vurur. Və üstəlik qeyd olunur ki, kompleksin Ermənistanda yerləşdirilməsi Azərbaycanın İsraildən aldığı «Green Pine» radar kompleksinə cavab ola bilər. Bu, Rusiya hərbi dairələrinin Azərbaycanın İsraildən ən yeni silah sistemləri almasından qətiyyən xoşlanmadıqlarını bir daha təsdiq edir.

Ötən ilin oktyabrında KTMT blokuna daxil olan ölkələrin radiotexniki və zenit-raket qoşunları birgə təlim keçiriblər. Bu təlimlərə «Nebo-M» kompleksi də cəlb olunub. Ancaq kompleksin cənub-hərbi dairəsinin 102-ci bazasında yerləşdirildiyi haqda rəsmi açıqlanmış məlumat yoxdur. Bununla belə Rusiya MN Cənub dairəsinin qoşunlarını ən yeni silah sistemləri ilə təchiz etmək planlarını açıqlayıb və istisna deyil ki, «Nebo-M» kompleksi də artıq Ermənistandakı bazada var.

Ermənistanla Rusiyanın vahid havadan müdafiə sistemi yaratdıqları nəzərə alınarsa bu, təəccüblü görünməyə bilər. Lakin Qarabağda mümkün irimiqyaslı müharibə zamanı Azərbaycanın Ermənistan ərazisini birbaşa raket hücumlarına məruz qoymaq kimi planı olmadığından bu birləşmiş havadan müdafiə sistemi nəzəri olaraq ruslarla erməniləri maraqlandıran məsələdir. Bununla belə hərbi əməliyyatların gedişində Azərbaycan ərazisi Ermənistandan raket hücumuna məruz qalsa Azərbaycan buna cavab verməli olacaq. Və Rusiyanın məqsədi də bu cavab variantını istisna etməkdir...

 





18.01.2017    çap et  çap et