Vaxt.Az

«Yenidən başlayaq»


 

Azərbaycanın ABŞ-dakı səfirindən Tramp administrasiyasına mesaj

«Yenidən başlayaq» Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərinə dair konfrans keçirilib. Amerika Xarici Siyasi Xidməti Assosiasiyası (The Associates of the American Foreign Service Worldwide) tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi Vaşinqtonda akkreditə olunmuş diplomat və ekspertlərin iştirakı ilə məsələ üzrə fikir mübadiləsinin aparılması olub.

Virtualaz.org Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən bildirir ki, tədbirdə natiq qismində səfir Elin Süleymanov, Sinqapurun ABŞ-dakı səfiri Aşok Kumar Mirpuri və tanınmış siyasi şərhçi Duqlas Makqreqor çıxış ediblər. Konfransa Dövlət Departamenti və Vaşinqtondakı düşüncə mərkəzlərinin nümayəndələri, habelə diplomatik korpusun təmsilçiləri də daxil olmaqla təqribən 150 nəfər qatılıb.

Səfir E.Süleymanov çıxışında Azərbaycan ilə ABŞ arasındakı mövcud münasibətlərin tarixindən danışıb, son 8 ildə ABŞ-ın apardığı xarici siyasətin bu ölkənin bir çox müttəfiq və tərəfdaşlarını məyus etdiyini xatırladıb. O, yeni administrasiyanın ardıcıl, strateji yanaşma tətbiq etməklə suveren bərabərlik, qarşılıqlı hörmət və maraqlar əsasında öz tərəfdaşları ilə münasibətləri inkişaf etdirəcəyinə dair ümidini ifadə edib.

Konfransın sual-cavab hissəsində natiqlər iştirakçıların çoxsaylı suallarına cavab verib və xarici siyasi məsələlərə dair fikirlərini bölüşüblər.

Qeyd edək ki, 1960-cı ildə yaradılmış Amerika Xarici Siyasi Xidməti Assosiasiyası ən nüfuzlu qeyri-hökumət təşkilatlarından biridir və əsas vəzifəsi ABŞ diplomatik icmasına dəstək verməkdir.

E.Süleymanovun Dövlət Departamentinin yüksək tribunasından Ağ Evin yeni administrasiyasına ünvanladığı mesajı Azərbaycan hökumətinin Donald Trampın seçkiqabağı platformasındakı müddəalardan irəli gələn böyük gözləntiləri ilə izah etmək olar. Xatırladaq ki, yeni prezidentin seçkidən əvvəlki təbliğatının əsas müddəalarından biri başqa ölkələrin daxili işlərinə müdaxilə etməyəcəyi və Barak Obama administrasiyasının təcavüzkar xarici siyasətinə yenidən baxılacağı ilə bağlı idi.

Amerika hökumətinin yeni xarici siyasət doktrinası ABŞ və Azərbaycan arasında yeni strateji əməkdaşlıq münasibətlərinin keyfiyyət baxımından yenidən formalaşma üçün əsas ola bilər. Və Amerika siyasətinin yeni prioritetlərinə söykənərək, səfir Elin Suleymanov ABŞ hakimiyyətini Azərbaycanla münasibətlərə yeni nəzərlərlə baxmağa çağırıb.

 





18.01.2017    çap et  çap et