Quterres Cenevrədə müxbirlərə deyib ki, vasitəçilər Kipr Respublikasında iki zonalı, iki-icmadan ibarət federal qurumun yaranması üzərində razılıq əldə etməyə yaxınlaşırlar. Lakin o, uzun zamandır davam edən problemin tezliklə çözümünün olmayacağını bildirib. «Siz problemin təcili həlli kimi bir möcüzə gözləməyin. Bizim istədiyimiz problemin tez həll olunması deyil. Biz Kipr və oradakı icmalar üçün möhkəm və davamlı bir həll yolu tapmaq istəyirik», - deyə Qutteres bildirib. BMT-nin baş katibi deyib ki, 43 ildir davam edən bölgüyə son qoyacaq razılığın əldə olunması bütün dünya üçün bir ümid simvolu ola bilər: "Biz çox fəlakətli vəziyyətlə üzləşirik. Bizim bir ümid simvoluna ehtiyacımız var. Mən inanıram ki, 2017-ci ilin əvvəlində Kipr bu simvola çevrilə bilər».
İndiyədək aparılan danışıqlar onu göstərib ki, yanvarın 23-də xarici işlər nazirlərinin mümkün görüşü üçün suallar hazırlayacaq ekspertlərdən ibarət xüsusi komandanın yaranması təsdiqlənəcək. Kiprin yunan və türk vasitəçiləri bir-birləri ilə ölkənin beynəlxalq sərhədləri ilə bağlı fikirlərini əks etdirən xəritələr bölüşüblər. BMT-nin Kipr üzrə nümayəndəsi Espen Bart Eid bunun yaxşı əlamət olduğunu deyib. «Daha öncə kiprli nümayəndələr arasında özlərinin hazırladıqları xəritələrin mübadiləsi baş verməmişdi», - deyə Espen Bart Eid bildirib.
Onu da qeyd edək ki, Britaniyanın adada hələ də iki hərbi-dəniz bazası mövcuddur. Sülh razılığının bir hissəsi olaraq ingilislərə idarə etdikləri Kipr ərazisindən imtina etmək təklif edilib.
Xatırladaq ki, Kiprdə müzakirələr Şimali Kipr Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncının vəzifəyə başlamasının ardından BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Espen Bart Aydenin vasitəçiliyində 2015-ci il mayın 15-də yenidən start götürüb. Cenevrədə keçirilən intensiv müzakirələrdən sonra yanvarın 12-də Kiprdəki tərəflər və 3 zamin ölkə nümayəndələrinin iştirakı ilə baş tutan konfransa Yunanıstanın istəyi nəticəsində yanvarın 18-dək fasilə verilmişdi. Kipr müzakirələri İqtisadiyyat, Avropa İttifaqı, Mülkiyyət, Hakimiyyət-gücün bölgüsü, Torpaq ilə Təhlükəsizlik və Zəmanətlər olmaqla 6 əsas başlıqdan ibarətdir.
Bu arada ŞKTC prezidenti Mustafa Akıncı Cenevrə danışıqlarından sonra bəzi media orqanlarında yayımlanan xəritələrin həqiqəti əks etdirmədiyini söyləyib. TRT-yə müsahibə verən Mustafa Akıncı Cenevrə sammiti və Kipr danışıqlarını qiymətləndirib. Yunan tərəfinə torpaq bölgüsü ilə bağlı xəritə təqdim edildiyi barədə iddiaları təkzib edən Akıncı: «Bizim təqdim etdiyimiz torpaq bölgüsü mərhum Rauf Denktaşın imzaladığı «29 faiz»dən çoxdur. Bunu parlamentdəki bütün partiyalar da təsdiq etdilər. Biz xəritəmizi bu çərçivədə təqdim etdik. Yunanların təklif etdiyi xəritə isə qəbuledilməzdir» deyib.
Cenevrədə danışıqlarda bərabər statusda iştirak etdiklərini bildirən Mustafa Akıncı rəhbərlik məsələlərinə də toxunub: «Kipr probleminin həlli Kipr türkünün də prezident olmasına imkan verəcək. Yeni sistem çərçivəsində adaya bir dövr Kiprin türk tərəfi, iki dövr isə yunan tərəfi rəhbərlik edəcək. İki qurucu dövlət olacaq. Yəni kiprli türklərin ayrı parlamenti, hökuməti, polis təşkilatı, məhkəmələri olacaq. Qurucu dövlət kimi müəyyən sahələrdə beynəlxalq müqavilə imzalama şansımız da olacaq».
Türkiyənin məsələ ilə bağlı mövqeyinə gəldikdə baş nazir ötən gün maraqlı bir açıqlama verib. "Şimali Kipr Türk Cümhuriyyətini satmaq nə deməkdir? Çox ayıbdır. Hədlərini bilsinlər. Kiprlə bağlı bizim də qırmızı xəttimiz var», - deyə baş nazir Binəli Yıldırım bildirib. «Türkiyənin təsir dairəsindən və təhlükəsizliyindən heç bir şərtə görə imtina edilə bilməz. Əgər iki toplumlu dövlət qurulacaqsa, bu dövlətdəki idarəetmə ədalətli şəkildə olmalıdır. Torpaq və ərazi məsələlərində də fikrimiz qətidir. Türkiyənin haqqı tapdalana bilməz. Qısacası, hər iki tərəf razılıqdan məmnun olmalıdır», - deyə B.Yıldırım bildirib.
Qeyd edək ki, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Öztürk Yılmaz Türkiyə iqtidarının Kipri güzəştə getdiyini iddia edib.
Yeri gəlmişkən, nəşrlər problemin həllində Rusiyanın maraqlı olmadığını, hətta danışıqlar prosesini pozmaq istədiyi barədə iddialar səsləndirirlər. Məsələn, «Bloomberg» iddia edir ki, Rusiya prezidenti Vladimir Putin Kipr danışıqlarının uğursuz başa çatmasını istəyir. Nəşr yazır ki, Rusiya bu danışıqlarda iştirak etmək istərdi, lakin onu bura dəvət etməyiblər. Qeyd edilir ki, adanın birləşdirilməsi Rusiyanın regiondakı maraqlarına zidd ola bilər: «Adanın yunan hissəsində 40 min rus yaşayır. Onlar burada daşınmaz əmlaka malikdirlər, eləcə də Kipr onlar üçün ofşor zona rolunu oynayır. Rusiyanın bura birbaşa investisiyalarının həcmi milyardlarla dollarla ölçülür. Rusiya Mərkəzi Bankının məlumatına görə, tək ötən ilin iki rübü ərzində Rusiyanın bura yatırdığı investisiyanın həcmi 2,8 milyard dollar olub. Ötən il bura 225 min rus turist gəlib. Adanın birləşməsi həm də burada NATO-nun mövqeyinin güclənməsinə səbəb olacaq».
«Politico» saytı isə yazır ki, Rusiya pərdəarxası metodlarla danışıqlar prosesini pozmağa çalışır. Müəllif yazır ki, Rusiyanın Kiprə ciddi təsir etmək imkanı var: «Onun yunan icmasında məmurlar və siyasilər arasında ciddi tərəfdarları var. Danışıqların iflası Putinə həm də ona görə sərf edir ki, bununla o, Yunanıstan və Türkiyə arasında münasibətləri gərginləşdirməyə də nail olmaq istəyir».