Vaxt.Az

Bakı deklarasiyası dünyanın diqqətində


 

İtaliya mətbuatı «Ermənistan-Azərbaycan Sülh Platforması» haqqında

Bakı deklarasiyası dünyanın diqqətində İtaliyanın nüfuzlu «Opinion» qəzetində «Ermənistan-Azərbaycan Sülh Platforması» haqqında məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, Bakıda 2016-cı ilin noyabrında həm Azərbaycanın, həm də Ermənistanın hüquq müdafiəçilərinin iştirakı ilə «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış» adlı sülh konfransı təşkil olundu: «Konfransın əsas məqsədi Azərbaycan və Ermənistan nümayəndələrini gərgin, amma konstruktiv dialoqun təşkil edilməsi üçün «dəyirmi masa» ətrafına toplamaqdan ibarət idi. Konfrans başlamazdan əvvəl erməni nümayəndələri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı dinc sakinlərə qarşı törədilmiş Xocalı soyqırımına görə üzr istəmiş və Azərbaycanın paytaxtı Bakıda Xocalı soyqırımına həsr olunmuş abidəni ziyarət etmişlər. Konfransın nəticəsi kimi beynəlxalq hüququn norma və prinsiplərini və Helsinki Yekun Aktını rəhbər tutaraq «Ermənistan-Azərbaycan Sülh Platforma»sı yaradılıb.

Ermənistan tərəfindən Vahe Avetyan (hüquq müdafiəçisi), Vahan Martirosyan («Milli Azadlıq Hərəkatı» ictimai təşkilatının sədri), Syuzan Caqinyan («Meridian» hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev («Dağlıq Qarabağın Azərbaycanlı İcması» İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru) və Şəlalə Həsənovanın («İctimaiyyətlə Əlaqələrin İnkişafına Dəstək» İctimai Birliyinin sədri) imzaladığı bəyanatda deyilir ki, Ermənistan hökuməti işğal faktını dayandırmalı, öz ordusunu geri çəkməli, məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu təmin etməli, habelə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa Şurasının qətnamələrinə əsaslanaraq Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələr bərpa edilməli və kommunikasıyalar açılmalıdır».

Məqalədə deyilir ki, «Ermənistan-Azərbaycan Sülh Platforması» münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini nəzərdə tutur və bu Platformanın yaranmasının səbəbi 20 ildən də artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərində status-kvonun uzadılmasına cəhd etməsidir. Platforma hər iki ölkədən olan vətəndaş cəmiyyəti institutlarına, qeyri-hökumət təşkilatlarına, elm adamlarına, habelə Platformanın güclənilməsində maraqlı olan bütün ölkələrin vətəndaşlarına açıqdır: «Ermənistandan bir sıra şəxslər dərhal Platformaya qoşulublar. Platformaya imza atanlar arasında Ukraynada «Avromaydan» hərəkatında iştirakı ilə tanınan erməni aktivisti Aram Karapetyan, Ermənistan Yazıçılar İttifaqının üzvü yazıçı Vaaqn Karapetyan, gənc siyasi aktivist Aram Virabyan, jurnalist Artyom Avakimov, vətəndaş cəmiyyəti və erməni diasporasının üzvü Anait Sinanyan, vətəndaş cəmiyyətinin üzvü Taçella Arzumanyan, aktivist və jurnalist Lusine Nersisyan və erməni iş adamı Erik Xaçaturov vardır. Erməni aktivistlərin çoxu bildirmişlər ki, «Sərkisyanın kriminal rejimi erməni xalqına Azərbaycanla münaqişəni həll etməyə imkan vermir». Vahan Martirosyan emosional çıxışı zamanı «Qarabağa görə Ermənistanı itirə bilərik. Çoxlu gənc ölmüşdür və bütün bu cəsədlər Sərkisyanın vicdanındadır» deyə bildirmişdir. Eyni zamanda, diqqəti çəkən məqam Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1998-ci ildə söylədiyi fikrin yenidən dilə gətirilməsi olmuşdur: «Məlumdur ki, Azərbaycanla münaqişə həm Ermənistanda, həm də Qarabağda iqtisadi, sosial, demoqrafik və mənəvi-psixoloji vəziyyəti pisləşdirib və münaqişənin mərhələli şəkildə, digər məsələlərlə yanaşı, Azərbaycan bölgələrinin işğaldan azad edilməsini nəzərdə tutan həlli yolu vacibdir».

Məqalədə bildirilir ki, eyni zamanda, İtaliyadan da Platformaya dəstək verilib: «Uşaqları xilas etmək üçün bizə yardım edin» təşkilatı münaqişənin həlli üçün mövcud imkanların olduğunu bəyan edərək öz dəstəyini bildirmişdir. Platformaya ümidlər yüksəkdir və çoxları ümid edir ki, çoxsaylı ermənilərin Platformaya üzv olması qonşu Azərbaycanla sülhün əldə olunması üçün Ermənistan hakimiyyətini konstruktiv danışıqlara başlamağa inandıra bilər. Lakin Ermənistan hakimiyyətinin erməni və azərbaycanlı intellektuallara qulaq asmaq istəyində olmaması aydın görünür. Platformaya üzv olan ermənilər ciddi təzyiqlərə məruz qalırlar.

Vahe Avetyan Azərbaycan KİV-lərinə müsahibəsi zamanı bir sıra ictimai hücumlara məruz qaldığını bildirmişdir, Aram Karapetyan, digərləri ilə yanaşı, sosial şəbəkələrdə ölüm təhdidləri almış, Lusine Nersisyan isə həbs edilib. Keçən ilin 29 dekabr tarixində baş verənlər Ermənistan hakimiyyətinin hər hansı bir sülh təşəbbüsünə qarşı çıxmasından xəbər verir. Həmin gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərək təxribatçı addımlar atıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov öldürülərək və onun cəsədi Ermənistanın ərazisinə aparılıb. Ermənistan bütün beynəlxalq qaydalara baxmayaraq, hələ də azərbaycanlı hərbçinin cəsədini qaytarmayıb və sosial şəbəkələrdə cəsədin şəkillərini yaymışdır. Bu son hadisə 2016-cı ilin aprel ayında baş vermiş toqquşmalar vaxtı azərbaycanlı əsgərlərin cəsədlərinə qarşı törədilmiş saysız işgəncələr və onların şəkillərinin Ermənistan tərəfindən KİV-lərdə yerləşdirilməsi və ya bir neçə il əvvəl Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mübariz İbrahimovun cəsədinin Ermənistan ordusu tərəfindən saxlanılması və yalnız cəsədin müxtəlif işgəncələrə məruz qalmasından sonra qaytarılması kimi hadisələrlə uzlaşır». («Trend»)

 





20.01.2017    çap et  çap et