Çərşənbə günü imzalanmış qrant sazişi 200 min dollar həcmindədir, report.az bildirir.
Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur, Azərbaycan İqtisadiyyat Nazirliyinin yayımladığı bəyanatda bildirilir.
Daha əvvəl, BBC Azərbaycancanın araşdırmasına görə, islam bankçılığının əsaslandığı Şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi isə qadağan edir. Bu, onun son dövrlərdə bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biridir.
İslam bankçılığı nədir?
İslam bankçılığının əsaslandığı Şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi isə qadağan edir. Bu, onun son dövrlərdə bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biridir.
2008-ci ildə başlanmış dünya maliyyə böhranı məhz bankların real aktivlərə yox, spekulyasiyalara sərmayə qoyması nəticəsində ortaya çıxmışdı.
Dünyada, xüsusilə də Malayziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Bəhreyn, Qatar və Böyük Britaniya kimi ölkələrdə İslam kapital bazarları və maliyyə institutlarının artımı hiss olunur.
Qərbdə
Adi Qərb bankları və maliyyə institutları da İslam maliyyəsinin məhsullarını uğurla tətbiq etməkdədir. Bu qurumların arasında «Citibank N.A», «Barclays» və «Deutsche» Bank da var.
Bundan başqa, maliyyə və bankçılıq mütəxəssisləri Islam bankçılığının 2007-2010-cu illərin dünya maliyyə böhranına qarşı güclü müqavimət nümayiş etdirə bildiyini də deyirlər. Bu isə onun daha da inkişaf etdirilməsi üçün kifayət qədər ciddi səbəbdir.
İslam bankçılığının Şəriətdən doğan bir neçə cəhəti var ki, bu cəhətlər onu adi bankçılıqdan fərqləndirir. Belə ki, İslam bankçılığında bütün alqı-satqı və kirayə əməliyyatları yalnız real, göz qabağında olan aktivlərə əsaslanır. Bu növ bankçılıqda faizlər (ərəbcə «Riba») qadağandır.
Tütün və alkoqol məhsullarına, qeyri-halal mallara, silahlara sərmayə qoymaq və onların ticarətini aparmaq olmaz. Qumar və Şəriətə zidd olan başqa bank və maliyyə sahələrinə də sərmayə qoymaq və oradan gəlir götürməyə çalışmaq qadağandır.
İslam bankçılığını fərqləndirən maraqlı cəhətlərdən biri də, hər hansı risklərdən yan keçə bilmək üçün mal və xidmət bazarlarında həyata keçirilən bütün əməliyyatların şəffaf və açıq olmasının vacibliyidir.
Yuxarıda sadalananlara rəğmən, bazar iqtisadiyyatı ilə ziddiyyət təşkil etməməsi və bazar iqtisadiyyatı şəraitində normal fəaliyyət göstərə bilməsi, İslam bankçılığını cəlbedici edir və ona tələbat təkcə müsəlman ölkələrində yox, Qərb ölkələrində də artır.
İslam maliyyəsinin yeganə iştirakçıları İslam bankları deyil. Onlardan başqa ənənəvi banklarda olan İslam pəncərələri, digər İslam maliyyə institutları, İslam Kapital bazarları, məsələn, investisiya bankları və s., habelə İslam sığortası (ərəbcə «Takaful») da mövcuddur.
İslam bank institutlarının fəaliyyətini tənzimləyən beynəlxalq qurumlar da mövcuddur.
Bunlardan 2002-ci ildə Malayziyada yaradılmış İslam Maliyyə Xidmətləri Şurası (IFSB), əsası 1991-ci ildə Bəhreyndə qoyulmuş İslam Maliyyə İnstitutlarının Mühasibat və Audit Təşkilatı (AAOIFI) və 1975-ci ildə yaradılmış İslam İnkişaf Bankını nümunə göstərmək olar.
Azərbaycanda
Maliyyə hüququ üzrə ekspert Əkrəm Həsənov da qeyd edir ki, get-gedə daha çox insanın İslam bankçılığına meyl etməsi bu növ bank xidmətlərində faizlərin qadağan olması, bunun əvəzində müştərinin müəyyən müddət ərzində bankın bir növ səhmdarına çevrilməsi ilə bağlıdır.
Əkrəm Həsənovun sözlərinə görə, bu sahə Azərbaycanda yox dərəcəsindədir və bu sahənin yaxın gələcəkdə inkişafı da gözlənilmir. Ekspert bunu müvafiq qanunvericiliyin mövcud olmaması və Azərbaycanın biznes strukturlarında İslam bankçılığının tələb etdiyi şəffaflıq və açıqlıq prinsipinin lazımi səviyyədə olmaması ilə əlaqələndirir.
Onun fikrincə, bir biznes qurumu bankdan pulu götürüb sonradan banka haqq verməmək üçün gəlirlərini gizlədə bilər. Bu isə sui-istifadəyə və bankların gəlir götürə bilməmə səbəbindən bu xidmətləri dayandırmağa məcbur olmasına səbəb ola bilər.
Əkrəm Həsənov İslam bankçılığına meylin artmasının səbəblərindən biri kimi dindar müsəlmanların ənənəvi bankların xidmətlərindən istifadə etməkdən çəkinməsi və İslam bankçılığına üstünlük verməsini göstərir.
Onun sözlərinə görə, İslam bankçılığının inkişafı dövlət üçün də sərfəli olardı. Bu, həm ümumilikdə gəlirlərin artmasına, risklərin isə az olmasına, həm də dindar istifadəçilərin rahatlıqla öz pullarını bank sisteminə etibar etməsinə şərait yaradacaq. Bu isə həmin pulların evdə yatıb qalmaması, sərmayə şəklində istifadə olunması və ölkənin maliyyə sisteminə qoşulması deməkdir.
«Qanuna dəyişiklik edilməlidir»
İqtisadi məsələlər üzrə müstəqil ekspert Əliağa Əlizadə izah edir ki, bu qrant islam bankçılığın inkişafına dair hazırlanma proseslərin aparılması, hüquqi normativ qanunvericiliyin yaradılması, vergi qanunvericiliyində dəyişiklik edilməsi, Mərkəzi bank və digər əlaqəli qurumlarda maarifləndirmə təlimlərinin aparılmasını nəzərdə tuta bilər.
Bu addımlar ona görə atılır ki, normativ hüquqi baza olmadan ölkədə islam bankçılığına aid bütün məhsulların istifadə və tətbiqi mümkün deyil. Qanunvericiliklə müəyyən əlverişli şərait yaradılmalıdır ki, banklar fəaliyyət göstərə bilsinlər, o qeyd edir.
Təhlilçi bildirir ki, müvafiq dəyişikliklər olarsa, Azərbaycanda islam bankçılığı tətbiq edilə bilər.
Onun sözlərinə görə, İranda bank sistemi tamamilə islam bankçılığı prinsipləri ilə çalışır. Lakin bir neçə ölkə var ki, orada həm ənənəvi, həm də islam bankçılığı fəaliyyətdədir.
«Məsələn Malaziyada 2 cür maliyyə sistemi var. O modeldə həm ənənəvi bank və həm də islam bankçılığına nəzarət üçün qanunvericilik var. Fars körfəzi ölkələrində isə ənənəvi sistemdir, amma bu sistemin içində islam bankçılığının fəaliyyətini mümkün etmək üçün müəyyən düzəlişlərin aparılması həyata keçirilib», o deyir.
Cənab Əlizadə bildirir ki, 200 min dollarlıq layihədə müəyyən olunmalıdır ki, bu sistemlərin hansı Azərbaycan modeli üçün daha uyğundur. Yəni Azərbaycan mövcud qanunvericilikdə dəyişikliklər aparmalıdır, yoxsa yeni qanun qəbul edilməlidir.
Onun sözlərinə görə, islam bankçılığı Azərbaycanda fəaliyyət göstərib, lakin mövcud qanunvericilik onun fəaliyyətini məhdudlaşdırıb.
Təhlilçi qeyd edir ki, islam bankçılığının əsas prinsiplərindən biri səhmdarların gəlirlərinin artırılması deyil, məhz ictimaiyyətin rifahının artırılmasıdır.
«Burada faiz gəlirləri, qeyri-müəyyən və riskli əməliyyatların tətbiqi qadağandır».
Layihədən kim faydalanacaq?
Cənab Əlizadə deyir ki, imzalanmış saziş, maliyyə sistemi üçün müsbət addım olacaq və layihə müəyyən qaydada maliyyə sisteminin möhkəmləndirilməsinə yönəldilə bilər.
O hesab edir ki, investisiyalar cəlb edilə və sosial sahələrə, müəyyən dövlət layihələrinə yönləndirilə bilər. Layihə reallaşarsa, biznesin inkişafına təkan ola bilər.
«Müəyyən insan təbəqələri var ki, bank sistemindən dini əqidəsinə görə yararlana bilmirdi, onlar üçün əlavə seçim olacaq», o bildirir.
Əliağa Əlizadənin sözlərinə görə, belə bir sazişin imzalanması Azərbaycanın hazırdakı iqtisadi vəziyyəti ilə əlaqəlidir.
Çərşənbə günü Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Aganın rəhbərlik etdiyi Siyasi Dialoq Missiyası ilə görüşüb.
Nazir bildirib ki, İDB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 mlrd. ABŞ dollarına yaxın investisiya yatırılıb: «Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir».