Vaxt.Az

Mehriban Əliyeva muğamdan yazdı


 

Misirin “İRS” jurnalında Azərbaycanın birinci xanımının məqaləsi dərc edilib

Mehriban Əliyeva muğamdan yazdı AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin və “İRS-Heritage” jurnalının redaksiya heyətinin birgə təşəbbüsü ilə ərəb dilində nəşr edilən “İRS” jurnalının 28 May - Respublika Gününə həsr olunmuş ikinci nömrəsi çapdan çıxmışdır.

Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə olan qayğının və diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi ərəbdilli oxucular tərəfindən xüsusi maraqla qarşılanmışdır.
Məqalədə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumat öz əksini tapmışdır.
Nəfis tərtibatda hazırlanmış jurnal ərəb dünyasını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.
Bundan əlavə, jurnalda Firdovsiyyə Əhmədovanın Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətləri, Sübhi Əhmədovun Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, Aydın Balayevin Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ölkəmizin siyasi-iqtisadi inkişaf modeli, eləcə də qədim məscidlərimiz, təbiət abidələrimiz, Nizami Gəncəvinin həyat və yaradıcılığı və Azərbaycanda numizmatika mədəniyyəti haqqında məqalələr dərc edilmişdir.
Bütün ərəb dünyasında yayılacaq jurnalın mütəmadi əsasda nəşr edilməsi nəzərdə tutulmuşdur.

 





02.06.2013    çap et  çap et