Maraqlıdır ki, test üsulunun ləğv olunmasının faydalı tərəflərinin çoxluğundan əsasən təhsil ekspertləri danışır. Bəs cəmiyyətin digər sahələrdə çalışan insanları nə düşünür?
Doğrudanmı, test üsulunun ləğvi Azərbaycan cəmiyyətinə fayda verəcək?
Milli Məclisin deputatı Cavanşir Feyziyev Modern.az-a açıqlamasında test üsulunun ləğv olunması məsələsinə kəskin etirazını bildirib.
«Test üsulunun ləğv olunması Azərbaycan cəmiyyətində əvvəllər mövcud olmuş neqativ hallara yenidən yol açacaq. Bu, birmənalıdır. Hesab edirəm ki, bunu cəmiyyət arasında təşviq edən, yayan adamlar da məhz həmin məqsədə xidmət edirlər. Test üsulu dünyanın bütün ölkələrində, o cümlədən ən inkişaf etmiş ölkələrdə tətbiq olunan mütərəqqi bir üsuldur. Burada Azərbaycan xalqına ziyan verəcək elementlər axtarmağa ehtiyac yoxdur.
Əgər test üsulu ziyan vermiş olsaydı, Böyük Britaniyaya, Almaniyaya, Amerikaya ziyan verərdi. O zaman həmin dövlətlər bizdən də öncə test üsulunu ləğv etmiş olardı. Birmənalı şəkildə aydındır ki, test üsulunu ləğv etməyə çağırış edənlərin məqsədi, Azərbaycan xalqının mənafeyinə uyğun deyil».
Deputat test üsulunun insan təfəkkürünün inkişafına əngəl yaratması fikirlərinə də aydınlıq gətirib.
«Bəzən belə bir arqument gətirirlər ki, test üsulu insan təfəkkürünü, nitqini əngəlləyir. Bu, absurddur. Test yaşamaq üçün deyil. Test üsulu bilikləri nümayiş etdirmək üçündür. İnsan nə qədər testlə məşğul olur ki! Yarım saat, bir saat, uzağı 3 saat. İnsan qalan həyatını testlə yaşamır ki! İnsan evdə, işdə, təhsil aldığı, orta məktəbdə, müəssisədə münasibətləri test üsulu ilə tənzimləmir ki! İnsan nitqlə yaşayır. Test üsulu sadəcə, insanın topladığı biliklərin sınağıdır. Buna görə də bunu guya, insanların nitq fəaliyyətini zəiflətməsi kimi dəyərləndirmək absurddur və gülüncdür.
Özünə təhsil eksperti deyən adamların belə açıqlama verməsi açıq-aşkar onların başqa maraqlarından xəbər verir. Belə çağırışların tam əleyhinəyəm. Hesab edirəm ki, test üsulu ali məktəblərə qəbul, orta məktəblərdə şagirdlərin biliklərinin qiymətləndirilməsi və müxtəlif dövlət, ya da, özəl müəssisələrində işə qəbul zamanı biliklərin dəyərləndirilməsi ən mütərəqqi üsuldur. Düşünürəm ki, test üsulu, biliyi qiymətləndirməyin ən düzgün yoludur».