Vaxt.Az

«Həsən Həsənov birinci katib olmaq istəyirdi»


 

«20 Yanvar»dan sonra bütün partokratlar hakimiyyətə can atırdı

«Həsən Həsənov birinci katib olmaq istəyirdi» 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra çoxları hakimiyyət uğrunda mübarizə aparırdı - Ayaz Mütəllibov, Əlisahib Orucov, Vaqif Hüseynov. Hamısının adı çəkilir, amma Həsən Həsənovun adı çəkilmir.

Modern.az xəbər verir ki, bunu o zaman baş vermiş hadisələrin müşahidəçisi, tanınmış jurnalist Azər Rəşidoğlu bildirib. O qeyd edib ki, proseslərdən ən yaxşı xəbərdar olanlardan biri Zərdüşt Əlizadədir.

Qeyd edək ki, Həsənov Həsənov 1988-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İqtisadiyyat məsələləri üzrə katibi vəzifəsində olub.

Azər Rəşidoğlunun «Facebook»da açdığı müzakirələrin iştirakçıları Həsən Həsənovun o zaman ölkə rəhbəri postuna can atdığını, lakin SSRİ-yə başçılıq edən Mixail Qorbaçovdan rədd cavabı aldığını vurğulayıblar.

O zaman «Azadlıq» radiosuna rəhbərlik etmiş Mirzə Xəzər isə «hərəkat rəhbərləri Həsən Həsənovu millətçi sayıb himayə edirdilər» - deyə bildirib.

Zərdüşt Əlizadə isə Modern.az-a açıqlamasında deyib ki, 20 Yanvar hadisələrindən sonra bütün partokratlar hakimiyyətə can atırdı.

«Amma mən belə söhbətlərin şahidi olmamışam. Bu haqda nə Qorbaçovla, nə də Həsən Həsənovla danışmışam. Bütün hadisələri, prosesləri kənardan izləmişəm»-deyə o bildirib.

Zərdüşt Əlizadə qeyd edib ki, Həsən Həsənovun Azərbaycan Mərkəzi Komitəsinin I katibi olmaq iddiası var idi və bu, normal idi.

«Bu, cinayət deyildi. Bir daha vurğulayıram ki, bütün partokratlar hakimiyyətə can atırdı. Həsən Həsənov da daxil olmaqla bütün partokratlar birinci olmağa çalışırdı. Lakin Həsən Həsənov yox, Ayaz Mütəllibov dəstək aldı. Mərkəzi Komitənin plenumumda Ayaz Mütəllibov dəstək qazandı».

 





22.01.2017    çap et  çap et