Hər iki universitetin Təsisçilər Şurası maliyyə məsələlərini qabartsalar da, gerçəklik fərqli situasiyanı ortaya qoyur.
Üstəlik, xeyli sayda müəllim və tələbə kontingentinin ilin-günün bu vaxtında üzləşdiyi çətinliklər onların əhvalına təsirsiz ötüşməyib.
Ümumilikdə, Təfəkkür və Qafqaz Universitetlərinin fəaliyyətlərinin dayandırılması digər özəl və ali məktəblərə nə deyir?
Müəllim heyətinin işsizlik problemi necə yoluna qoyulmalıdır?
Təhsil eksperti Etibar Əliyev Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib. O bildirib ki, lazım olmayan ixtisasların, ali məktəblərin fəaliyyəti dayandırılmalıdır.
«Akkreditasiya şöbəsi öz işini təkmilləşdirməlidir»
«Təhsil Nazirliyinin nəzdində Akkreditasiya şöbəsi fəaliyyət göstərir. Akkreditsiya şöbəsi ali məktəblərdə təhsilin keyfiyyətini qiymətləndirir. Şübhəsiz ki, komissiyanın müəyyənləşdirdiyi kriteriyalara əməl olunmayacaqsa, hətta, dövlət universitetlərində belə, bir neçə ixtisasların qapadılması məsələsinə baxıla bilər. Bütün dünyada bunun sivil üsulu budur. Təfəkkür Universiteti bağlanarkən belə əsaslandırıldı ki, 2016-ci ildə akkreditasiya müddəti bitib. Bu da əsas götürülüb. Əslində, akkreditasiya şöbəsi öz işini təkmilləşdirməli və çox yüksək səviyyədə qurmalıdır. Həmçinin, bu gün ölkə üçün lazım olmayan, böyük xərclər tələb edən həm dövlət vəsaitini, həm də əhalinin gəlirlərinin səmərəli xərclənilməməsinə gətirib çıxaran ixtisaslar, yaxud da ali məktəblər dayandırılmalıdır».
Təhsil eksperti, Qafqaz Universitetinin fəaliyyətinin dayandırılmasından danışarkən, yeni universitetin yaranacağını da istisna etməyib.
«Qafqaz Universiteti Türkiyənin proyekti olub»
«Qafqaz Universiteti təhsilin keyfiyyəti ucbatından bağlanmadı. Fəaliyyətinin dayandırılmasının əsas xətlərindən biri Türkiyə tərəfindən diplomların tanınmaması olub. Çünki Qafqaz Universiteti Türkiyə tərəfinin proyekti olub. Bu universitetin bağlanması üçün həmin qərar əsaslı rol oynadı. İkincisi, Qafqaz Universitetinin bazasında Mühəndislik Universiteti formalaşacaq. Bu, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Mühəndislik məktəblərinin Qərb ölkələrində, xüsusilə, Türkiyədə geniş şəbəkəsi var. Ölkənin inkişafı, insan kapitalının formalaşması üçün həmin universitetlərin rolu olacaq. Bu proyekti Mühəndislik Universiteti tamamlayacaq.
Universitetlərin bağlanması faktı onu göstərdi ki, istər dövlət ali məktəbləri, istərsə də özəl ali məktəblər öz fəaliyyətlərini korrektə etməlidirlər. Həmçinin, akkreditasiya prosesinə yaxşı hazırlaşmalıdırlar».
«Müəllimlər, mütləq işlə təmin olunmalıdır»
Etibar Əliyevin sözlərinə görə, fəaliyyəti dayandırılan universitet müəllimləri işsiz qala bilməz:
«Müəllimlərin başqa universitetlərə yerləşdirilməsi mütləq təmin olunmalıdır. Müəllimlər işlə təmin olunmalıdırlar. Şübhəsiz ki, həmin tələbə kontingenti digər ali məktəblərə köçürüləcəksə, tələbələrin sayında mütləq dəyişiklik olacaq. Tələbə sayında dəyişiklik olduğuna görə həmin müəllimləri indiki şəraitdə işsiz saxlamaq olmaz. Etiraf etmək lazımdır ki, Qafqaz Universitetinin müəllimləri həm təcrübəli, həm də yüksək elmi potensiala malik olan müəllimlərdir. İstər Təhsil Nazirliyi, istərsə də digər qurumlar müəllimlərin işlə təmin olunmasına şərait yaratmalıdırlar».