Xəbər verdiyimiz kimi, dünən Sabunçu rayon məhkəməsində Akif Çovdarova qarşı cinayət işinə baxılması üzrə hazırlıq iclası keçirilib və başlayandan az sonra vəkilin vəsatətinə əsasən oktyabrın 31-nə təxirə salınıb.
Oxucuları maraqlandıran suallardan biri də Akif Çovdarovun belə «ölüm ayağında» məhkəməyə necə gətirilməsidir. Məhkəmə iclasında iştirak etmiş vəkillərdən birinin sözlərinə görə, müttəhim heç də xəstə təsiri bağışlamır, tam əksinə, bütün iclas boyunca yanında əyləşmiş digər müttəhimlər – keçmiş əlaltıları ilə daim nəyisə fəal şəkildə müzakirə edir. Hələ ötkəm şəkildə «15 günə 56 tom (cild – virtualaz.org) oxumaq olar?» kimi replikalara özündə güc-qüvvə tapır.
Yeri gəlmişkən, Akif Çovdarovun iclasda iştirak edən vəkillərindən biri qeyd edib ki, müttəhim bir neçə gün aclıq aksiyası keçirdiyi üçün cinayət işi ilə tanış olmağa «halı olmayıb» və bunu da iclasın təxirə salınması üçün əsas kimi göstərib.
Adamın yadına zərərçəkmişlərin vəkilinin dünənki sözü düşür: «Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı»...