Vaxt.Az

«Akif Çovdarov, sən general adına layiq deyilsən»


 

«Koramal»ın əlindən təngə gələn zərərçəkən «Gürzə»yə şikayət edir

«Akif Çovdarov, sən general adına layiq deyilsən» Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Bugünkü iclas zərərçəkmiş Azər Quliyevin ötən ilin avqust ayında vəfat etməsi səbəbindən həyat yoldaşı Sona Quliyevanın onun hüquqi varisi və cinayət işi üzrə zərərçəkmiş kimi tanınması ilə başladı.


Sevinc Rüstəmova MTN-lə necə əlaqə qurub?


İclasda zərərçəkmiş qismində çıxış etmiş keçmiş polis əməkdaşı Neman Kərimov bildirib ki, 2008-ci ildə çoxdan tanıdığı və münasibətdə olduğu Sevinc Rüstəmovadan 30 min manat borc alıb. Pulu 8 aya qaytaracağına söz versə də, 2009-cu ildə anası Svetlana Kərimovanın intihar etməsi onun planlarını pozub və N.Kərimov Sevincdən bir qədər gözləməsini xahiş edib.

Zərəçəkmişin sözlərinə görə, həmin vaxtlar Nərimanov rayon polisində işlədiyi üçün eyni inzibati binada oturan MTN əməkdaşı Elçin Çıraqovla dostluq edirmiş. Elçin Çıraqov Neman Kərimovun vasitəsilə Sevinc Rüstəmova ilə tanış olur, bir müddət sonra yeni tanışlar arasında münasibət yaranır.


Zərərçəkmiş təqsirləndirilən Səlim Məmmədovu haradan tanıyır?


N.Kərimovun ifadəsinə görə, Elçin Çıraqov MTN-də idarə rəisi işləyən Səlim Məmmədovla yaxın münasibətlərdə olub və günlərin birində ailəsi ilə birlikdə «Şəki» restoranında E.Çıraqovun uşağının ad günündə Neman Kərimovla Səlim Məmmədov tanış olurlar.

Bu silsilə tanışlıqlar isə son nəticədə əcaib bir cinayətin baş verməsinə gətirib çıxarır.


Sevinc Rüstəmova polisə və məhkəməyə deyil, MTN-ə şikayət edir


Zərərçəkmiş N.Kərimov deyib ki, bir gün dayısı oğlu Elvin Mövsümovla «Elit» otelində gecələmək qərarına gəlirlər. Gənclər orada tanıdıqları iki qızla qalır. Ertəsi gün səhər otel otağının qapısı döyülür və qapının arxasındakılar MTN əməkdaşları olduqlarını və Neman Kərimovdan qapını açmasını tələb edirlər.

N.Kərimov bildirib ki, səhər pəncərədən küçəyə baxarkən maşınının yanında iki VAZ və bir «Tofaş» avtomobilinin olduğunu görüb. «Əməliyyatçı olduğum üçün dərhal başa düşdüm ki, tədbir var. Amma nə biləydim ki, mənim dalımca gəliblər».

Otağa daxil olan 7-9 nəfər zərərçəkmiş N.Kərimovla dayısı oğlunu maşınlara otuzdurub MTN-in binasına gətirirlər. Yalnız burada zərərçəkmiş öyrənir ki, xüsusi xidmət orqanının binasına gətirilməsinin səbəbi S.Rüstəmovanın 30 min manatını tələb etməsidir. Maraqlıdır ki, polis və məhkəmə qala-qala, qadın pul borcu məsələsinə görə Milli Təhlükəsizlik Nazirliyində Akif Çovdarovun rəhbərlik etdiyi nəqliyyat (!) məsələləri ilə məşğul olan idarəyə şikayət edib. Bu «Koramal»dan «Gürzə»yə şikayətə bənzəyir.


MTN-dən kişilər üçün hamiləlik testi


Az keçmiş MTN-in binasının ikinci mərtəbəsində yerləşən otağa Səlim Məmmədov və Elçin Çıraqov daxil olurlar. Onlar zərərçəkmişə bildirirlər ki, Sevinc Rüstəmova 30 min manat borcunun qaytarılmasını tələb edir və müvafiq ərizəsi var.

Daha sonra N.Kərimovdan və dayısı oğlu E.Mövsümovdan sidik analizi vermələri tələb olunur. Zərərçəkmiş bildirir ki, onların sidiklərində narkotik maddənin olub-olmamasını hər bir aptekdə satılan, hamiləliyin təyin olunması üçün istifadə olunan adi testerlə yoxladılar. Amma bu yoxlamanın nəticəsi məlum olmadı.

Bu arada Neman Kərimov MTN-də bir vaxtlar «at oynadan» Səlim Məmmədova və Elçin Çıraqova deyir ki, borcunun 10 min manatlıq hissəsini Sevincə ödəyib və cəmi 20 min manat borcu qalıb.


Səlim Məmmədovun «Makarov» tapançası


MTN-də dindirilmə vaxtı idarə rəisi Səlim Məmmədov cibindən Makarov tapançasını çıxarır və dəsmalla silməyə başlayır.

Neman Kərimovun sözlərinə görə, S.Məmmədov bir dəqiqəlik tapançanı saxlamağı ondan xahiş edir. Neman Kərimov isə gülümsəyərək, bu «uşaq oyunu»na getməyəcəyini və tapançada barmaq izi qoymayacağını deyir.


Akif Çovdarov hələ belə söz eşitməmişdi!


Bugünkü prosesin bəlkə də ən maraqlı və kuryoz anı Akif Çovdarovun ayağa qalxaraq, yerindən zərərçəkmişə etirazını bildirməsi ilə başladı.

Təqsirləndirilən general üzünü Neman Kərimova tutaraq «Sən nə həyasız adamsan!» deyən kimi, zərərçəkmiş onun replikasını cavabsız qoymadı: «Həyasız sən özünsən!»

Bundan bir qədər sonra Çovdarovun daha bir replikası ona baha başa gəldi – o, proses boyunca eşitmədiyi sözləri zərərçəkmiş Neman Kərimovdan eşitdi: «Cinayətkar, sən o general adına layiq deyilsən!»

Təqsirləndirilən Akif Çovdarovun vəkilləri məhkəmə qərarı olmadan müvəkkillərinin bu cür adlandırılmasına etiraz etdilər.


MTN-də «axşam bazarı»


N.Kərimov bildirdi ki, ona və dayısı oğluna telefonları verilərək, dayısı Zakir Mövsümova zəng etmələri əmr edilir. Bir müddətdən sonra Sumqayıtda Nəqliyyat departamentinin rəisi vəzifəsində işləmiş Z.Mövsümov MTN-ə gəlir və onun iştirakı ilə bazarlıq başlayır.

Akif Çovdarov və Səlim Məmmədovun yaxından iştirakı ilə başlayan «hərrac»da N.Kərimovun MTN zirzəmisinə salınmamasının və evə buraxılmasının qiyməti təyin olunur. 250 min manatdan başlayan alış-veriş 80 mində dayanır. Zərərçəkmiş tərəfin iddiaları ona səbəb olur ki, Sevinc Rüstəmovaya ödəniləcək 20 min manat da bu məbləğə daxil edilir. Yəni, MTN qaniçənləri özlərinə «vur-tut» 60 min manat istəyirlər.


Bəs 6 min manat hanı?


Bu qalmaqaldan sonra rahat yaşayacağını düşünən N.Kərimov tezliklə heç də hər şeyin bitmədiyini anlayır. Təxminən 15-20 gündən sonra Sevinc ona zəng vuraraq, MTN-dən pulun ona çatdırıldığını, amma 6 min manatın əskik olduğunu deyir. Buna görə də, qadın «bandotdel»ə şikayət edəcəyini bildirir.

Bu xəbərdən hiddətlənən Neman Kərimov və dayısı Zakir Mövsümov birbaşa Akif Çovdarovun mobil telefonuna zəng edirlər və pulun 6 min manatının harada olduğunu soruşurlar. Akif Çovdarov əlaltısı Səlim Məmmədovu çağırıb, dərhal 6 min manatın Sevincə çatdırılmasını tələb edir və Elçin Çıraqovun ünvanına bildirir ki, pul çatdırılmasa, onu «iti qovan kimi» qovacaq. Tezliklə pulun qalan hissəsi də qadına çatdırılır.


Hakim Çovdarovu yerinə necə otuzdurdu


Zərərçəkmişlərin və ifadələri ilə onların sadaladıqları faktları təsdiq etmiş şahidlərin çıxışlarından sonra Akif Çovdarov hakimdən icazə alaraq, baxılan məsələ ilə bağlı arayış vermək istədiyini bildirdi.

Lakin bir neçə dəqiqədən sonra nəyə görəsə hakimə etiraz əlaməti olaraq, şüşə qəfəsi tərk etmək və dəhlizə çıxmağa cəhd etdi. Bu zaman prosesə sədrlik edən hakim Həbib Həsənov artıq tab gətirmədi: «Hara gedirsən? Məndən icazə almısan? Otur yerinə!»

Hakimin əmrini yerinə yetirməkdən başqa çarəsi qalmayan və bir vaxtlar bu vəziyyəti ən dəhşətli yuxusunda belə görməyən Çovdarov yerinə qayıtmağa məcbur oldu, lakin replikasız da ötüşmədi: «Mənə bağırma ha... Elə bağıraram ki...»

Məhkəmə bazar ertəsi, yanvarın 23-də davam edəcək.

 





18.01.2017    çap et  çap et