Həmkar deyəndə, yəqin AFFA nəzərdə tutulur. Mətləbi çox uzatmadan deyim ki, AFFA-nın futbolumuzun inkişafı naminə bu cür orijinal, yaxşı ideyalarına biz yaxın tariximizdə tez-tez rast gəlmişik...
O yaxşı ideyalardan birini, təkcə birini yada salaq...
Azərbaycan futbolunun inkişafı üçün AFFA Almaniyada, səhv oxumadız, Almaniyada (Bakıda, Naxçıvanda, Sumqayıtda, Ağcabədidə yox a, məhz Almaniyada!) futbol məktəbi açmışdı. Guya bizim orda yaşayan azərbaycanlı uşaqları bu məktəbə cəlb edəcəkdilər. İdeyası da, deyilənə görə, qurumun vitse-prezidenti Rauf Əliyevə məxsus idi. Yalan-gerçək, bu layihəyə 900 min dollara qədər pul xərcləndiyi də iddia edilirdi.
Nəticə? O məktəb bağlanıb getdi, təbii ki...
Almaniyadan bir nəfər də azərbaycanlı futbolçu tapılmadan! Amma əsas odu ki, Almaniyada olmasa da, AFFA az qala hər ay Dağıstandan neçə adam (futbolçu yox!) gətirib doldurdu milli komandalarımıza...
Onlardan biri Arif Daşdəmirovdur... Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyan son iki vacib oyunda komandalarını böyrü üstə qoyan Arif Daşdəmirov! Millinin Şimali İrlandiyaya 0:4, «Qarabağ»ın «Slovan»a 0:3 hesablı məğlubiyyətlərini unutmamışıq... O qədər saysıs-hesabsız səhvi, bəlkə də Rövnəq müəllim özü meydana çıxıb oynasaydı, buraxmazdı...
Milli komandalarımıza çox «Ariflər» bəxş edib AFFA...
Buranı yarıtdılar guya, indi də keçiblər MDB-ni düzəltməyə... «Birlik kuboku»nun bərpası üçün təklif verirlər.
Yəqin, yadınızda olar o turnir... Son illər Avropa futbol tarixinə düşmüş ən nüfuzsuz yarışlardan biri idi. Ruslar özləri təsis etmişdilər, gördülər, səviyyə-filan qalmayıb, ləğv elədilər, getdi... Amma zamanında hörməti vardı. Hətta 1998-ci ildə, gələcəyin böyük futbolçusu olacaq Andrey Şevçenko oynamışdı bu turnirdə (eks idman şərhçimiz Altay Əliyevi burdan salamlayıram, ilk dəfə Şevadan müsahibəni Azərbaycan mətbuatı, özəl olaraq, bizim «525-ci qəzet» üçün o almışdı və məhz «Birlik kuboku»nda).
1993-cü ildən ta 2002-ci ilə qədər turnirin yalnız iki qalibi olurdu: ya Moskva «Spartak»ı , ya da Kiyev «Dinamo»su... Sonra həm normal rəqiblərin yoxluğundan, həm də mükafat fondu aşağı olduğundan Rusiya və Ukrayna çempionları yarışa bəzən 2, bəzən də 3-cü komandalarını göndərdilər.
Elə o vaxtdan zayı çıxdı turnirin. O dərəcədə çıxdı ki, sizə bir az gülməli görünəcək, indiyədək turnirdə autsayderlərdən olan Azərbaycan «Birlik kuboku»nun hegemonlarından birinə döndü. Düz 3 dəfə bizim klublar («Neftçi», «Xəzər Lənkəran» və «İnter») yarışda birinci yeri tutdular. O aralıqda (2003-2011) heç ruslar özü bu qədər qalib ola bilmədilər.
Mutkonun vecinə deyil o turnir, amma bizimkilərin vecinədi... Yəqin bir az (bir az?) pul xərcləyib turniri bərpa etmək istəyir AFFA. Sayəmizdə neçə-neçə komanda oynaya bilər orda...
Almaniyadan sonra, indi də olmayan «Birlik kuboku»nda Azərbaycana yeni futbolçu «qazandırmaq» eşqinə düşüb...
...Futbolumuzun məbədi olan Gəncədə isə stadionun qazonunu dəyişməyə «pul tapmır» AFFA!