Vaxt.Az

«Vuran oğul dayısın...»


 

Rasim Musabəyov: «Lavrovdan başqa nə cavab gözləyirdik ki?»

«Vuran oğul dayısın...» Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında Dağlıq Qarabağ probleminin həllilə bağlı söylədikləri, Azərbaycan deputatları barəsində Avropa Şurasında korrupsiya ittihamları barədə və digər suallara millət vəkili Rasim Musabəyov cavab verib.

Müsahibəni BBC Azərbaycanca üçün Bakıda jurnalist Natiq Cavadlı aparıb.


- Rasim bəy, Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı gözlənilən idimi?

- Əslində, nazirin söylədiklərində Rusiya mövqeyindən kənara çıxan heç nə yox idi. Məgər, Ermənistanın arxasında Rusiyanın dayandığını bilmirdikmi, özü də sözdə yox, hərbi baza yerləşdirilib, milyonlar dollarlıq silah-sursatın verilməsi də dəfələrlə təsdiqlənib. İkinci, Rusiya və Ermənistan arasında müttəfiqlik sazişinin olduğunu nəzərə aldıqda nazirin mövqeyi tamamilə bəllidir. Jurnalistin sualı o şəkildə verməyini isə yersiz sayıram.


- Nə üçün?

- Çünki istəmədiyi cavabı aldı. Biz indi bildiyimiz şeyi qabardıb Ermənistana əminlik verməyə nə ehtiyac vardı?! Bir daha deyirəm, bildiyimiz cavaba nə ehtiyac vardı?


- Bəs Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun reaksiyası adekvat sayıla bilərmi?

- Cənab Məmmədyarov diplomatik cavab verdi ki, BMT TŞ-nin qətnamələri var, amma bu çərçivədə Ermənistanı ağla gətirmək lazımdır ki, gərginlik artmasın. Ancaq nazir Məmmədyarov Rusiyanın bəlli mövqeyini nə rədd etdi, nə də sual altına qoydu.


- Məmmədyarov dedi ki, Rusiya ciddi məşğul olsa, problem həll olunar...

- Bəli, məşğul olsa da. Bax, məsələ gücdədir. Bilirsiniz, vuran oğul, dayısından icazə almaz, vurar. Antiterror əməliyyatı keçirməyə gücün varsa və Rusiyanın reaksiyasına tüpürməyə hazırsansa, get et. Yox, edə bilmirsənsə, bunu soruşmağa nə ehtiyac var? Hansı cavab gözləyirdik Lavrovdan?


- Sergey Lavrovun açıqlamasından iki gün sonra Azərbaycan prezidentinin Davosda Rusiyadan yeni silahlar alacağımız barədə açıqlaması o demək deyilmi «dava yorğan davasıdır»...?

- Yox, elə düşünmürəm. Əslində, prezidentin açıqlaması Lavrovun cavabından həvəslənən erməniləri yerində oturtmaq məqsədi daşıyırdı. Yəni sözdə sizə dəstək verir, amma lazım olan silahı pulla bizə satır.


- Azərbaycan bu məsələdə Rusiyaya necə təsir edə bilər? Azərbaycanın əlində nə üsullar var?

- Yəni real siyasətçi reallıqları adekvat görməlidir. Rusiya Ermənistanı bizim ayağımıza verəsi deyil. Ancaq açıq şəkildə Ermənistanın iddialarını dəstəkləməyi udmaq baxımından Rusiya üçün çox az şey verməlidir. Yəni Azərbaycanla əməkdaşlıqda daha çox şey qazanır. Bilirsiniz, Azərbaycan öz təzyiqlərini Ermənistana artırdığı halda Rusiya da müəyyən risklər qarşısında qalır. Məsələn, Ermənistanı açıq dəstəkləməsi, Azərbaycan daha sərt addımlar atacaq. Ancaq Ermənistanı hərbi cəhətdən açıq dəstəklədiyi halda Azərbaycanla münasibətlər tamamilə pozulur. Moskva isə Bakıyla münasibətlərinin tamamilə pozulmasını istəmir. Bu seçim Rusiya üçün kifayət qədər çətindir. Ola bilsin, böyük dövlətlərin reaksiyası baxımından Azərbaycanın hazırda böyük müharibə aparmaq imkanı olmasın. Ancaq heç kəs Azərbaycana Ermənistanı daim təzyiq altında saxlamağa qadağan edə bilməz. Böyük müharibə olmasa da, ərazilərimizi hissə-hissə qaytara bilərik, necə ki, 2016-cı ilin aprelində bunu gördük. O zaman ortalığa sual çıxacaq, hansı tərəfin bu gərginliyi davam etdirməyə gücü çatır? Kimin gücü çatmayacaq, o güzəştə getməli olacaq.


- Qayıdaq jurnalistin sualına və hakimiyyətin yaxın telekanalların mövqeyinə. Lider TV-nin jurnalisti işdən çıxarıldı, ardınca yanvarın 22-də ATV kanalı şərhində Sergey Lavrovu çox sərt tənqid etdi, bir gün sonra kanalın aparıcısı Lavrova haqq qazandırdı və Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirdi. Bu, hakimiyyət daxilində Rusiya siyasətinə ikili münasibətin təzahürü deyilmi?

- Bu sual Prezident Administrasiyasına ünvanlamalıdır. Mən o mənbələri idarə etmirəm. Amma bir daha deyirəm, jurnalistin sualı tamamilə yersiz və qeyri-peşəkar idi.


- Siz də yaxşı bilirsiniz ki, Lider TV kimi kanalın jurnalisti özbaşına sual verməz, mütləq razılaşdırır...

- İndi mən bilmirəm özbaşına verib, yoxsa razılaşdırıb. Amma o cür sualı verməzlər. Sualı belə qoymaq olardı: siz statusdan danışırsınızsa, 40-dan çox dövlətin tanıdığı 2 milyonluq Kosovonı tanımadığınız məqamda Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparmasına necə yanaşırsınız? Bəli, bu ayrı sual olardı. Amma Rusiyanın ikili standartla yanaşdığına işarə vurardı. Hərbi əməliyyat haqda sualı Lavrova yox. başqa rus rəsmisinə versəydi də, eyni cavabı alardı. Hətta Qərb dövlətlərinin rəsmiləri də eyni cavabı verəcəkdi.


- Mən yenə də sualımı təkrarlayıram, Lider TV-nin müxbiri bu cür konfranslarda icazəsiz sualı bu şəkildə qoymazdı...

- Bax, o tərəfini bilmirəm. Mənim baxışım odur ki, sual qeyri-peşəkar və əyalət səviyyəsindəydi.


- Ancaq jurnalistin azad şəkildə sual vermək təşəbbüsü var...

- Təşəbbüsü ola bilər. Amma məsələyə qeyri-peşəkar yanaşırsa, ona reaksiya da mənfi olmalıydı.


- Siz münaqişənin tarixini bilirsiniz, baxın 2003-cü ilə qədər referendum məsələsi ümumiyyətlə, gündəmdə deyildi, bu mənada Azərbaycanın güzəştə getdiyini düşünmək olarmı?

- Əvvəla, referendum sözü yoxdur, söhbət iki icmanın rəyinin nəzərə alınmasından gedir.


- Ancaq nazir Elmar Məmmədyarov çıxışlarında referendum ifadəsini işlədir...

-Necə ki, Kiprdə hansısa danışıqlar əsasında mətn razılaşdırılıb, sonradan həmin mətn iki icmanın səverməsinə təqdim olunub, BMT-nin keçmiş rəhbəri Kofi Annan hazırlamışdı mətni. Bizim də mövqeyimiz belədir ki, o vaxta kimi iki icmanın mövqeyi razılaşdırılmayıb, qərar da qəbul olunmur. Onun üçün müvəqqəti, aralıq status söhbəti var.


- Ermənistan ona razılaşacaqmı?

- Biz referendumu onların istədiyi şəkildə razılıq verdiyimiz halda, lap vaxtı 50 il sonraya qoyaq, bu, o deməkdir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına razıyıq. Nəzərə aldıqda ki, Ermənistan ərazini işğal edib və tam əllərindədir, bu, Azərbaycanın həmin ərazilərlə vidalaşması deməkdir.


- Sizə elə gəlmirmi balans siyasəti artıq əvvəlki effekti vermir? Çünki artıq böyük güclər "kiminləsən" sualını gündəmə gətirir. Gürcüstan, Ukrayna öz mövqelərini müəyyənləşdiriblər, Ermənistan məlumdur, Rusiya rəsmiləri bu ölkəni öz forpostları hesab edir, bəs Azərbaycan özünü harada görməlidir?

- Gəlin, xəritəni açıb baxaq, Gürcüstanın Qərbə açıq kommunikasiyası var və NATO üzvü olan Türkiyəylə həmsərhəddir. İkinci, Gürcüstan xristian ölkəsidir və Qərb tərəfindən Azərbaycanla müqayisə olunmayan dəstəyə malikdir.


- Yəni dini məqam da nəzərə alınır?

- Əlbəttə alınır. Ukrayna da həmçinin, bu dövlətin NATO ölkələriylə açıq kommunikasiyaları var, Rumıniya, Polşa, Macarıstan, Qara dəniz vasitəsilə çıxışını nəzərə aldıqda, onların imkanı var. Azərbaycana gələk, şimalında Rusiya, cənubunda İran, Xəzər dənizi boyu 2 min kilometr müdaxilə üçün adlarını çəkdiyim ölkələrlə sərhəd. Hələ paytaxt Bakıd a həmin sərhəddə yerləşir. Qərbdə isə torpaqlarımızı işğal edən Ermənistan və çox zəif olan Gürcüstan. Belə olan halda NATO-ya üzvlükdən danışmaq ağla sığarmı?


- Bu siyasət nə vaxta qədər davam edəcək?

- Coğrafiya tale deməkdir, dahilərdən hansısa bunu deyir. Bizim də taleyimiz belə gətirib, ona görə bu coğrafiyaya uyğun siyasət aparmalıyıq. Gözləmək yox, çətin də olsa, Rusiyayla hansısa dil tapmağa çalışmalıyıq. Gürcüstan bir az hərəkət etdi, 2008-ci ilin avqustunda rus qoşunu ölkəyə daxil oldu, Ukrayna kimi böyük dövləti gördük, yenə hərəkət edən kimi Krımı və Donbass işğala məruz qaldı. Belə olan halda, Azərbaycan rəhbərliyini hansı ağılla balanslaşdırılmış siyasətə görə kimsə qınaya bilər?!


- Söhbətimizin istiqamətini dəyişək, sizcə Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin iki üzvünə qarşı irəli sürülən və hal-hazırda İtaliyada korrupsiya ittihamlari ilə bağlı istintaq keçirilən iddialar Azərbaycanın Avropadaki imicinə və bununla Qarabağ münaqişəsinin çözümünə yönələn təşəbbüslərinə ziyan vururmu?

- Bilirsiniz, hüquq sistemi kifayət qədər korrupsiyalaşıb. Öz deputatlarının da korrupsiyaları var, belə olduğu halda öz problemləriylə məşğul olsunlar. Belə bir ölkənin Azərbaycanın əleyhinə nəsə etməyə haqqı yoxdur. Hesab edirəm ki, İtaliya bu mənada erməni lobbisinin "zakaz"larını həyata keçirməsə, yaxşı olar.


- Siz nə bilirsiniz ki, bu araşdırma erməni lobbisinin «zakazı»dır?

- Hər halda ortalığa çıxan məsələ ermənilərin Avropa Şurası Parlament Assambleyasında çətin vəziyyət düşməsindən sonra yarandı.


- Amma italiyalı deputat Luka Volonte öz ifadələrində azərbaycanlı deputatlar Elxan Suleymanov və Müslüm Məmmədovun adını çəkərək onlardan milyonlarla dollar aldığını deyir. Bu iddialar hələ sübut olunmasa da, Azərbaycanın adları çəkilən AŞPA deputatlarını nümayəndə heyətindən müvəqqəti və ya ehtiyat hərəkəti kimi uzaqlaşdırmaması düzgün qərardırmı?

- Bütün hallarda mənim İtaliya hüquq-mühafizə sisteminə çox böyük etibar etmək istəyim yoxdur. Onlar manipulyasiya olunan bir sistemdir.


- Sizin dediklərinizin arxasında dəqiq faktlar var, yoxsa fərziyyədir?

- Fakt yoxdur, amma mən qarşı tərəfdən də kifayət qədər fakt yox, daha çox manipulyasiya görürəm.


- Bütün hallarda Luka Volonte İtaliya ictimai televiziyasına müsahibəsində etiraf edib...

- Bu, artıq mənlik deyil, onu özündən soruşmaq lazımdır. Mən belə düşünürəm.


- Bəs İtaliyada bu iddialar üzrə məhkəmənin bitməsini gözləyənə qədər, Azərbaycan nümayəndə heyətinin ləyaqətini ləkələyən ittihamların ortada olması Azərbaycanın Avropa Şurası və digər Avropa qurumlarında fəaliyyətinə mane yaratmayacaqmı?

- Hər halda bu vaxta kimi yaratmayıb.


- O zaman bu iddialardan sonra Azərbaycanın AŞPA nümayəndə heyəti üzvləri dəyişdirilməli deyilmi?

-Mən bu suala cavab verə bilmərəm. Sual Milli Məclisin rəhbərliyinə ünvanlamalıdır. Söhbət yalnız həmin faktların təsdiqlənib, təsdiqlənməməsindən getmir. Məsələ odur ki, situasiya yaranıbsa, onu zərərsizləşdirmək vacibdir, amma hansı şəkildə zərərsizləşdirmək, bax onu bilmirəm, çünki nümayəndə heyətinin üzvü deyiləm.

 





27.01.2017    çap et  çap et