Qeyd edilib ki, 2015-ci illə müqayisədə ötən il Müdafiə Nazirliyinin hərbi hissələrində qeydə alınmış cinayətlər 5,1 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 12,7 faiz azalıb. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
Bununla yanaşı, Silahlı Qüvvələrdə ötən il bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.
Xüsusi vurğulanıb ki, 2016-cı ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş bir milyon yüz iki min altı yüz qırx bir manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.
Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 45 nəfər tutularaq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 150 yoxlama keçirilib, nəticədə 2234 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 228 təqdimat göndərilib, 239 nəfərə xəbərdarlıq edilib, 41 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 137 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 23 qanunsuz qərar ləğv olunub.