Vaxt.Az

«Ona və onun töhmətlərinə əhəmiyyət vermirəm»


 

Rövşən Əkbərov Səfər Əbiyev haqqında sərt danışdı

«Ona və onun töhmətlərinə əhəmiyyət vermirəm» Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərov Müdafiə Nazirliyi rəhbərliyinə yeni təyinatla bağlı «Media forum» saytının suallarını cavablandırıb.
Oktyabrın 22-də hökumətin yeni tərkibini formalaşdıran prezident İlham Əliyev general-polkovnik Səfər Əbiyevi müdafiə naziri postuna təsdiqləməyib, bu vəzifəyə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Zakir Həsənovu təyin edib. Dövlət başçısı həmin gün Zakir Həsənova general-polkovnik hərbi rütbəsi də verib.
General-leytenant Rövşən Əkbərovla müsahibə zamanı «Media forum» saytının ona ünvanladığı ilk sual bu haqda olub. Rövşən Əkbərov deyib: 
- Prezident, Ali baş komandan İlham Əliyev həmişə olduğu kimi yenə də çox düzgün qərarlar qəbul edib. Biz yeni müdafiə naziri Zakir Həsənovu peşəkar, düzgün, təmiz, intizamlı və yaxşı bir zabit kimi tanıyırıq. Hesab edirəm ki, dövlətimiz və ordumuz üçün gözəl işləyəcək. Vətəninə, prezidentinə, Ali baş komandanına canla-başla xidmət etmək istəyən hər bir generalın əl-qolu yenidən açıldı, imkanlar yarandı. Yeni nazirə uğurlar arzulayıram. 
- Zakir Həsənovu çoxdan tanıyırsınız? 
- Zakir Həsənov da, mən də Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişik, oranın məzunuyuq. Bu təhsil ocaqlarını bitirənlərin hamısı bir-birini tanıyır. Təbii ki, Zakir Həsənovu çoxdan tanıyıram. 
- Sizcə, yeni müdafiə nazirinin qarşısında duran əsas vəzifələr hansılardır? Orduda nə dəyişməlidir? 
- Hesab edirəm ki, əsas vəzifələr Ali baş komandanın tapşırıqlarını vaxtında, düzgün yerinə yetirmək, təmiz işləmək, ordunun döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaqdır. Eyni zamanda Ali baş komandan əmr verdiyi an torpaqlarımızı işğaldan azad etməyə hazır olmaqdır. Biz zabitlər, əsgərlər, bütün ordu hər an buna hazır olmalıyıq. 
Vacib işlərdən biri də zabitlərin, əsgərlərin şəraitinin yaxşılaşdırılmasıdır. Biz yeni nazirdən şəraitimizin yaxşılaşdırılmasını gözləyirik. Elə etməliyik ki, hər bir valideyn uşağını əsgərliyə göndərəndə arxayın olsun, narahatlıq keçirməsin və bilsin ki, övladı yaxşı şəraitdə qulluq edir və sağ-salamat evinə qayıdacaq. 
- Yəqin ki, yeni nazirin Müdafiə Nazirliyinin kollektivinə və ordu rəhbərliyinə təqdim olunması mərasimində iştirak etmisiniz. Ordu rəhbərliyi bu təyinatı necə qarşıladı? Əhval-ruhiyyə necədir? 
- Bəli, həmin mərasimdə iştirak etdim. Gözəl mərasim keçdi. Yeni nazirin təyin və təqdim olunmasından hamı çox razı qaldı, şad oldu. Çox gözəl əhval-ruhiyyə var, hamı çox şaddır. Bütün zabitlər tapşırıqları canla-başla yerinə yetirəcəklər. Generallarımız məmnundur. Başqa cür ola da bilməz, çünki yeni nazirin təyin olunması Ali baş komandanın qərarıdır.
- Ordu rəhbərliyində başqa dəyişiklik var? 
- Hamı yerindədir, başqa dəyişiklik yoxdur. 
- Rövşən müəllim, Səfər Əbiyevlə sizin münasibətləriniz yaxşı deyil. Vida mərasiminiz necə keçdi? 
- Hamı necə görüşüb vidalaşdısa, mən də elə. Salam, sağ ol. 
- Sizinlə Səfər Əbiyevin münasibətlərinin yaxşı olmamasının əsas səbəbi nədir, aranızda problem ilk növbədə nədən yaranmışdı? 
- Bunu onun özündən soruşarsınız. 
- 2013-cü ilin yanvar ayında Səfər Əbiyev sizə töhmət verib. Həmin töhmət üzərinizdə qalıb, yoxsa götürülüb? 
- Mən ona və onun töhmətlərinə fikir, əhəmiyyət vermirəm. Heç bilmirəm töhmət qalır, yoxsa götürülüb. 
- Avqust ayında prezident İlham Əliyev Şəmkirə səfər edəndə Şəmkir hərbi birləşməsinin qərargahına baş çəkdi, yaradılan şəraitlə tanış oldu. Amma Səfər Əbiyev Şəmkirə getməmişdi. Bu nəylə bağlı idi? 
- Bunun səbəbini onun özündən soruşarsınız. 
- Sizin Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunacağınıza dair məlumatlar yayılıb. Belə bir təyinat gözlənilirmi? 
- Mənə dedilər ki, kimsə belə bir məlumat yayıb. Mənim heç nədən xəbərim yoxdur. Yeni nazirin təqdimat mərasimində iştirak etmək üçün Bakıya gəlmişəm. İndi də Şəmkirə - iş yerimə qayıdıram.
 





24.10.2013    çap et  çap et