Prezident Aleksandr Lukaşenko dövlət başçılarını iclasın gündəliyi ilə tanış etməzdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona ali dövləti vəzifəsində uğurlar arzulayıb. Təşəkür edən İlham Əliyev bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın və dostluğun, sülh və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev bir neçə gündən sonra Bakıda keçiriləcək Humanitar Forum barədə də məlumat verib.
MDB dövlət başçılarının sammiti başa çatıb. MDB-nin Minsk sammitində bir neçə sənəd imzalanıb. Dövlət başçıları MDB daxilində korrupsiyaya qarşı mübarizə şurasının yaradılmasını və yüksək texnologiyalar sahəsindəki cinayətlərə qarşı əməkdaşlıq konsepsiyasını təsdiq ediblər.
İclasdan sonra jurnalistlərin suallarını cavablandıran Belarus prezidenti Aleksandr Lukaşenko bir çox başqa sənədlərin imzalandığını bildirib.
«2014-2016-cı illər üçün ekstremizm və terrorçuluğa qarşı, narkotik maddələrin qanunsuz dövriyyəsinə, cinayətkarlığa və insan alverinə qarşı birgə əməkdaşlıq haqqında müqavilələr imzalanıb».
Lukaşenko sammitdə verilən qərarların bütün MDB ölkələrinə müsbət təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə ən önəmli qərarlardan biri 2015-ci ilin bütün MDB ərazisində Böyük Vətən Müharibəsi veteranlarının ili elan edilməsi olub.
«1941-1945-ci illərdəki qələbənin şərəfinə «2015-ci il Böyük Vətən Müharibəsi veteranları ili» elan olunacaq. Vahid yubiley medallarının verilməsi də nəzərdə tutulub».
Xatırladaq ki, dövlət başçıları şurası 2014-cü ildə MDB-yə sədrliyin Belarusdan Ukraynaya keçməsi barədə də qərar qəbul edib.