Vaxt.Az

«Qərb musiqisində Osmanlı izləri»...


 

...Və ya qadın cildindəki Vladislav Şpilman

«Qərb musiqisində Osmanlı izləri»... Zaman-zaman uğurlu konsertləri ilə gündəmə gələn, İstanbulda yaşayan pianoçu, həmyerlimiz Tutu Aydınoğlu bu dəfə daha orijinal bir layihə ilə Türkiyənin musiqi gündəminə damğasını vurdu. Tutu xanım uzun müddət müraciət edilməyən bir mövzuya işıq tutdu. Belə ki, pianoçumuz uzun illər musiqi arxivlərinin rəflərində toz basmış musiqi kitablarını gün üzünə çıxarmaqla qulaqların yadırğadığı notlara can vermiş oldu. Əsərlərini heyranlıqla dinlədiyimiz, musiqilərinə doymadığımız, keçmişdən bu günümüzə gəlib çatan, Avropalı klassik musiqi bəstəkarlarının Osmanlı sultanları şərəfinə və türk heyranlığına xitabən bəstələdiyi bəstələrini səsləndirən T.Aydınoğlu tarixin yaddaşını vərəqləyən bir proqramla keçmişə dönən bir yolçuluq gerçəkləşdirdi.

Lüdviq van Bethoven, Georq Fridrix Hendel, Karl Maria von Veber, İohan Adolf Hasse (alman), Volfqanq Amadey Motsart, Kristof Villibald Qlyuk, Cozef Haydn (avstriyalı), Jan Filipp Ramo, Jorj Bize (fransız), Coakkino Rossini (italiyalı), Elias Periş Alvars (ingilis) və Ferens List (macar) kimi dünya klassiklərinin əsərlərinin geniş bir xronoloji ardıcıllıqla səslənən proqramda Tutu Aydınoğlu sanki qədim bir pərdəni qaldırmaqla musiqisevərləri keçmişə səyahətə aparmış oldu.

Konsert zamanı pianoçumuzu Bülent Halvaşinin (dirijor) rəhbərliyi altında türk musiqisini tanınmış simalarından opera müğənniləri Bengisu Çimen, Ekin Su Paker (soprano), Algın Özcan, Uğur Etiler (tenor), musiqi alətlərində isə Yonca Özkan Bilenoğlu (arfa), Oleksandr Samoylenko (skripka), Jülide Canca Eke (viyolonçe), Erdem Sakarya (kontrabas) müşayiət ediblər.

Kimdir Tutu xanım Aydınoğlu?

1984-cü ildə Bakıda dünyaya göz açan Tutu xanımın hələ 6 yaşındaykən musiqiyə olan marağını görən valideynləri Bülbül adına musiqi məktəbinə qoyurlar. R.Atayevanın sinfində musiqinin əlifbasını öyrənən pianoçu marağının ötəri olmadığını sübut etmək qərarına gəlir. 2002-ci ildə məktəbi bitirən Aydınoğlu təhsilini Ü.Hacıbəyli adına Musiqi Akademiyasında davam etdirir. Akademiyanı O.Abbasquliyevin piano sinfində davam etdirərək 2006-cı ildə Konservatoriyanı yüksək qiymətlərlə bitirir. Magistr dərəcəsini yenə Abbasquliyevin sinifnində davam etdirən Tutu xanım professor Sevda İbrahimovanın rəhbərliyi altında (Riçard Vaqnerin (alman) «Tanqeyzer» Opera Üverturasına yazılmış «Piano Transkripisiyasının şərhçilik problemləri» adlı açıq imtahan-konsertlə magistr dərəcəsinə yiyələnmiş olur.

2009-da İstanbula köçən musiqiçi həmin il İstanbul Dövlət Konservatoriyasında musiqidən dərs deməyə başlayır. Eyni zamanda professor Meral Yapalının rəhbərliyi altında musiqi təhsilini davam etdirir. Professor Cana Gürmenin elmi rəhbərliyi ilə «İohan Sebastyan Baxın (alman) orijinal əsərlərinin romantik dönəm bəstəkarlarının piano transkripisiyaları ilə qarşılaşdırılması» məzmunlu elmi işi ilə doktorluq dərəcəsinə sahibənmiş olur.

Bu illər ərzində pianonun sirlərini təkcə sadaladığımız musiqi ocaqlarının divarları arasında öyrənməklə kifayətlənmədi. Hələ orta məktəbdə oxuyarkən 1999-cu ildə Fransis Çaplinin ustad dərslərinə qatıldı, 2002-ci ildə isə Mstislav Rostropoviçin ustalıq sinfində iştirak etdi. İstanbula yaşamağa başlayan kimi 4 il ardıcıl olaraq Andrey Borisoviç Diyevin ustad dərslərinə qatıldı. Bu zaman çalışmalarını gücləndirən sənətçi müəlliminin təqdirini qazandı.

Tutu Aydınoğlu bu illər ərzində yüksək dərəcəli musiqi yarışmalarında da iştirak edib. Azərbaycanda keçirilən 1999 Beynəlxalq Piano Müsabiqəsi və 2006-cı ildə baş tutan Kövkəb Səfərəliyeva adına Beynəlxalq Piano Müsabiqəsində, Türkiyədə isə 2012-ci ildə keçirilən 20-ci əsrin dahi pianoçusu Sergey Raxmaninov şərəfinə keçirilən Piano Müsabiqəsi, sonuncu dəfə isə 2013-cü ildə Əhməd Adnan Saygün Piano Müsabiqəsində finala yüksəlib.

Pianoçumuz yiyələndiyi bilikləri vətənindəki davamçılarına aşılamağı da unutmur. Tutu xanım dəfələrlə Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılıqları ilə düzənlənən simpoziumlarda da iştirak edib. Bunlara misal olaraq Musiqi Akademiyasında keçirtdiyi «Musiqinin estetik funksiyası» və «Moris Ravelin solaxay pianoçuların (bəstəkar ilk əsərini birinci dünya müharibəsində sağ qolunu itirən pianoçu Pol Vitqenşteyn xahişi ilə sol əl üçün bəstələmişdi) fərqlilikləri» adlı konfranslar verdi. Akademik çalışmaları ilə yanaşı səhnə həyatını da inkişaf etdirən pianoçu Tutu Aydınoğlu zaman-zaman Azərbaycan və Türkiyənin konsert salonlarında da çıxış etdiyi solo konsertlərlə anşlaq yaratmağı da bacarır.

Bütün bu yorulmaz fəaliyyətini, təhsilini, bir çoxlarından fərqli olaraq fəth etdiyi zirvələrlə kifayətlənməməsi, daim öyrənmək-öyrətmək həvəsi musiqisevərlərdə 20-ci əsrin dahi pianoçusu Vladislav Şpilmanın qadın variantı təəssüratını yaradır.

 





30.01.2017    çap et  çap et