Hər bir halda bankların reklamına inanmayın. Ay nə bilim, kapitalı artırdıq, bunu etdik, ona nail olduq və s. Hamısı boş şeydir, əgər bank hesabatını gizlədirsə. Ötən ilin III rübündən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası bəyanat verdi ki, banklara sərt göstəriş verilib və bundan sonra hesabatlarını vaxtında açıqlayacaqlar. Düzdür, ötən rüblə müqayisədə hesabatı açıqlayan bankların sayı 10-dan 17-ə çatıb. Amma bu, yenə də o deməkdir ki, Palata indiyədək bütün bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir şeyin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?!
Təsnifat 4 qrupdan ibarətdir: 1) hesabatı müntəzəm gizlədənlər, 2) hesabatı ilk dəfə açıqlamayanlar, 3) açıqlanan hesabata əsasən zərərlə işləyənlər; 4) açıqlanan hesabata əsasən mənfəətlə işləyənlər.
I qrup – hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 12 bank: «Accessbank», «Bank VTB», «Bank BTB», «Dəmirbank», «Günaybank», «Muğanbank», «Naxçıvanbank», «Pakistan Milli Bankı»nın Bakı filialı, «Rabitəbank» və «XalqBank». Bunlar ən etibarsız banklardır. Bu qrupa həmçinin Azərbaycan Beynəlxalq Bankı və «AzərTürkbank» da aiddir. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün qanun pozuntusu olan hesabatın açıqlanmaması onların etibarsızlığına dəlalət etmir. Hər bir halda görünən odur ki, bu iki bankın rəhbərliyi artıq neçənci dəfədir dəyişir, amma hesabatlar açıqlanmır ki, açıqlanmır.
II qrup – hesabatlarını ilk dəfə açıqlamayan 3 bank: «Caspian Development Bank», «YapiKrediBank» və «AFB Bank». Ötən rübün nəticələrinə əsasən vəziyyətləri pis deyildi. Yəqin kəskin pisləşib.
III qrup – açıqlanan hesabata əsasən zərərlə (milyon manatla) işləyən 8 bank:
1. «Turanbank» – 1,4-ə yaxın zərər.
2. «Unibank» – 3-ə yaxın zərər.
3. «Amrahbank» – 8-dən çox zərər.
4. «NBC Bank» – 10,5-dən çox zərər.
5. «Bank Melli İran» Bakı filialı – 30 -a yaxın zərər.
6. «Bank Respublika» – 34-dən çox zərər.
7. «AGBank» – 60-dan çox zərər.
8. «Nikoyl Bank» – 148,5 zərər.
IV qrup – açıqlanan hesabata əsasən xalis mənfəətlə (milyon manatla) işləyən 9 bank (bu mənfəət əsasən devalvasiya hesabına əmələ gəlib):
1. «PaşaBank» – 69-dan çox mənfəət.
2. «KapitalBank» – 52-dan çox mənfəət.
3. «Bank of Baku» – 20-a yaxın mənfəət.
4. «Azərbaycan Sənaye Bankı» – 17-a yaxın mənfəət.
5. «Ziraat Bank» – təxmini 9-dan çox mənfəət.
6. «Bank Silk Way» – 3-dən çox mənfəət.
7. «Bank Avrasiya» – 2-dən çox mənfəət.
8. «AtaBank» – 1-dən çox mənfəət.
9. «Expressbank» – 1-dən çox mənfəət.
Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Özünüzdən və pulunuzdan muğayat olun!