Vaxt.Az

Sosial şəbəkələrdə şantajın «şikar»ları


 

Kimdir günahkar: kişilər, yoxsa qadınlar?

Sosial şəbəkələrdə şantajın «şikar»ları Sosial şəbəkələr həyatımıza nə qədər rəng qatsa və işimizi asanlaşdırsa da, bir o qədər də ciddi problemlərə yola aça bilir. Son vaxtlar bununla bağlı cəmiyyətdə arzuolunmaz hallar artmağa başlayıb. Əlinə klaviatura keçən oğlanlar tanımadığı qadınlarla danışmağa, münasibət qurmağa çalışır. Necə deyərlər, ağzı olan hər kəs «sevirəm» deyir, ağlı olmayan hər qadın da oğlanların bu yalanlarına inanır. Nəticədə isə münasibət getdikcə daha çirkin formaya düşərək, şantaja, təhdidə çevrilir. Bir sözlə, son zamanlar qadınlar sosial şəbəkədə asan «şikar»a çevriliblər. Bəs görəsən, bu kimi neqativ hallar nədən irəli gəlir? Bunun qarşısını necə almaq olar? Belə olan təqdirdə əsas günah kimdədir, qadında yoxsa kişidə? Suallarımızı ekspertlərimizə ünvanladıq.

 

«Hansı əsaslarla o qədər insanla ünsiyyət yaradırlar?»


Sosioloq Lalə Mehralı deyir ki, biz həmişə şantaj edəni, dələduzu qınayırıq. Amma əslində onlara bu fürsəti elə qadınlar özləri verir: «Sosial şəbəkə evin içi deyil, ictimai məkandır. Nə yazdığına, nə paylaşdığına diqqət eləmək lazımdır. Şantaja məruz qalan xanımlar bir deyil, iki deyil, onlarladır. Hamısı da öz açıq-saçıq fotosunun tələsinə düşür. Çılpaq şəkil çəkdirmək məsələsini başa düşməməyimiz bir yana, bu şəkli virtual tanıdıqları adamlara göndərmək nə deməkdir? Nəticənin nə olacağını, başına necə iş açılacağını təxmin etmək o qədər çətindirmi? Ətrafda pislik etmək niyyətində olan o qədər adam var ki, saf qadınların başına asanlıqla corab hörürlər. Üstəlik, qarşı tərəf öz adı ilə qeydiyyatdan keçmir, öz şəklini paylaşmır və sən onun haqqında ən kiçik bir informasiyaya malik deyilsən. İndi kompüterin monitoru qarşısında yeniyetmədən qocayadək, istənilən yaşda adam oturur, qarşı tərəf  ilə sərbəst söhbət edir, özünü normal insan kimi təqdim edə bilir».

Müsahibim bildirdi ki,  insanlar  internetdən, daha doğrusu, məhrəmliyini qoruya bilməyən qadınlardan qazanc mənbəyi kimi istifadə edirlər: «Gərək gözüaçıq olasan ki, belələri ilə münasibət yaratmayasan. Mən 6-7 ildir ki, sosial şəbəkə istifadəçisiyəm, ictimai platformada az-çox tanınan biriyəm. Amma dostluğuma yalnız üzdən tanıdığım, sosial statusunu bildiyim adamları qəbul edirəm. Yəni qarşı tərəfdəki profilin saxta olmadığını, onun kim və nə işlə məşğul olduğunu dəqiqliklə bilirəm. İşlə əlaqədar tanıdığım çox sayda insan var, amma onların hamısını dost siyahıma salmıram. Lakin siz şəbəkədə qısa bir reyd etsəniz, görəcəksiniz ki, evdar bir xanımın dostluğunda ən az 2-3 min adam var və demək olar ki, əksəriyyəti kişidir. Hansı əsaslarla o qədər insanla ünsiyyət yaradırlar? Bu qədər insanın arasında cəmisi 10-15 yaxın tanışı var, qalanı ilə virtual tanışdır. Bu tanışlıqlar da axırda bu cür şantajlara, dələduzluğa səbəb olur».

 

«Müəyyən çərçivələri keçmək lazım deyil»


«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, əslində sosial-psixopatlar deyilən bir qrup var və onlar psixi cəhətdən anormal adamlardır. Həmsöhbətim belə adamların bundan xüsusi zövq aldığını qeyd etdi: «Belə psixopatlar  qadınları tora saldıqca  özlərini təsdiq etdiyini və doğrultduğunu hesab edirlər. Təəssüflər olsun ki, bu kimi problemlərin sonradan  həlli çox  çətin olur. Hesab edirəm ki, problemin tək yolu sosial şəbəkədə danışılan  şəxs haqqında dolğun məlumat toplamaqdır. Bu zaman tələskənliyə yol vermək olmaz. Bəzən qızlar xoş sözləri, deyilən vədləri real qəbul edir və bunun əsl sevgi olduğunu hesab edirlər. Ona görə də qızlar tez bir zamanda münasibətə razılaşırlar. Hətta sosial şəbəkələr vasitəsilə qurulan qısa bir ünsiyyətdən sonra ailə qurmağa razılıq verənlər də olur. Elə olur ki, bəzən qadınlar onlarla intim münasibətlərə belə  razılıq verirlər. Bu münasibətlərin əksəriyyətinin də acı nəticələri göz qabağındadır».

M.Zeynalova deyir ki, zərərçəkən qadınların bir qismi sonradan   bu haqda aidiyyəti  qurumlara şikayət etsə də, çox zaman belə  hadisələr məxfi saxlanlır: «Bundan sonra isə qadınlar  daha böyük travma ilə yaşamağa məcbur olurlar. Problemin ən əsas həlli  budur ki, qadınlar tanımadıqları adamlarla açıq-saçıq şəkildə danışmamalıdırlar.  Həmçinin,  qadınlar şəbəkədə şəxsi şəkil  və videoların göndərilməsinin, yaxud özü ilə bağlı məlumatların yayılmasının qarşısını əvvəlcədən almalıdırlar. Sosial şəbəkədə  maksimum şəkildə ehtiyatlı olmaq lazımdır. Əksər hallarda qadınlar sosial şəbəkədə özləri haqda geniş məlumat verirlər. Bu detallar  da qarşı tərəf üçün açar rolu oynayır. Belə olduğu halda həmin qadını ələ almaq, onunla münasibət qurmaq  daha asan olur. Bəzən belə sosial-psixopatlarla  insanların xeyli ortaq dostları olur ki, belə olduğu təqdirdə onlar daha inandırıcı görünür. Ola bilsin ki, həmin psixopat digərlərinə də dostluq təklifi göndərib.  Lakin təkcə bu  əsas göstərici deyil. Qarşı tərəf haqqında tam dolğun məlumat toplamaq lazımdır. Müəyyən çərçivələri keçmək lazım deyil. Sosial şəbəkədə iş ilə bağlı tanımadığın biri ilə danışa bilərsən. Amma tanımadığın  insanlarla şəxsi mövzuda  müzakirə aparmaq çox böyük faciələrlə nəticələnə bilər. Ailəli xanımlara gəldikdə isə deyə bilərəm ki, belə hallara daha çox  qadına diqqət olmayan və  yaxud  ailədə zorakılıq, şiddət olduğu zaman yaşanır. Bəzən isə ailəli qadınlar özləri macəra axtarışında olurlar. Bu halda isə çox zaman onlar özləri tora düşürlər. Lakin bir şeyi də unutmaq olmaz ki, bu dələduzluqla təkcə kişilər deyil, eyni zamanda qadınlar da məşğul olurlar. Ona görə də maksimum şəkildə ehtiyatlı olmaq lazımdır».


«Qadınların əksəriyyəti  sevgi yoxsulluğundan əziyyət çəkirlər»


Psixoloq Gülnarə Əliyevanın fikrincə,  bu, təkcə indinin problemi deyil. Müsahibim deyir ki, əvvəllər də belə problemlər olub, gələcəkdə də olacaq: «Çünki bu qadınların mayası ilə əlaqəli bir şeydir. Qadınlar tez inanan, qarşıdakını özü kimi görən, mərhəmətli, şəfqətli bir psixologiyaya sahib olurlar. Buna görə də, kişiləri  də özləri kimi  görürlər. Adətən sosial şəbəkədə münasibət quran qadınlar bunun nəticəsinin nə  olacağını düşünmürlər. Çünki onlar bu münasibətə o niyyətlə başlamırlar. Qadınlar bu zaman sevib evlənəcəyini, xoşbəxt olacağını  düşünür. Kişilərin bir çoxu  isə əksinə, tamam başaq niyyətdə olurlar. Onlar ilk andan düşünürlər ki,  mənim bu qadınla münasibətim müəyyən nöqtəyə çatmalıdır və ondan istifadə etməliyəm. Təəssüflər olsun ki, qadınların əksəriyyəti bunu dərk edə bilmirlər. Münasibətə başlayan qadınların əksəriyyəti  sevgi yoxsulluğundan əziyyət çəkirlər. Həmçinin, depressiyada olan xanımlar da  belə münasibətə çox meylli olurlar. Həyat yoldaşından, ailəsindən görə bilmədikləri  sevgi və qayğını qadınlar başqa limanlarda axtarırlar. Bundan başqa, maddi sıxıntılar da subay xanımları belə münasibətə cəlb edir.  Onlar internetdə tanış olduqları oğlanın maddi vəziyyətinin yaxşı olduğunu görərək,  onu həyatlarının qurtarıcısı kimi görürlər. Əksərən, belə münasibətlər dostluq əlaqəsi ilə başlayır. Kişilər də bu zaman qadınların psixologiyasını mənimsəyib, ondan istifadə edirlər. Onlar çox vaxt özlərini yazıq biri kimi təqdim edərək, təkcə  bu qadında rahatlıq tapdığını söyləyir. Qadınlar da «o mənsiz nə edər,  onu ata bilmərəm» deyib münasibəti kəsmirlər. Kişilər bir iki jest edərək, qadınları asanlıqla tora salırlar».

Psixoloqun sözlərinə görə, bəzən qadınlar ailədəki sevgi yoxsulluğundan bu yola əl atırlar: «Bu qadınları danışdırsaq görərik ki, problem əslində uşaqlıqdan qaynaqlanır. Təəssüf ki, Azərbaycanda ata-qız münasibəti istənilən səviyyədə deyil. Atanın  uşaq psixologiyasında tamam başqa yeri var. Lakin  bizdə  belə bir düşüncə var ki, qız uşağının tərbiyəsi ilə yalnız ana, oğlan uşağının tərbiyəsi ilə  ata məşğul olmalıdır. Halbuki, bunların yerini dəyişsək, daha uğurlu nəticə əldə edə bilərik. Ata sevgisindən uzaq qalan qızlar, boşanan qadınlar bu tələlərə daha tez düşürlər. Çünki onların  sevgi təminatı uşaqlıqdan ödənməyib. Bu da insan həyatının müəyyən mərhələsində özünü büruzə verir. Ona görə də qızlar bir xoş sözə, bir jestə tez aldanırlar. Hesab edirəm ki, səbəblərin ən böyüyü məhz budur. Bununla yanaşı, depressiyada olan qadınlar da dərdləşməyə adam axtarır, sosial şəbəkədə kiminləsə söhbət edib, ona bağlanırlar. Bəzən kişinin evli olduğunu bilsələr belə onu tərk edə bilmirlər. Çünki qadın artıq aşiq olduğunu  düşünür. Buna görə də istəsələr də, istəməsələr də kişinin hər dediyini edirlər. Məhz buna görə də çox çirkin hadisələr baş verir. Şəkillər videolar çəkilir və qadınlar öz acizliyinin qurbanı olurlar. Onlar etdikləri səhvin üstünə başqa səhvlər etməyə və bu çirkin münasibəti saxlamağa məcbur qalırlar. Ona görə də çalışmaq lazımdır ki, qızlarımızı ayıq-sayıq böyüdək.  Qadınların həyat yoldaşı onlara  daim sevgi və diqqət göstərsinlər. Bu xəbərləri oxuyan qızlar başa düşməlidirlər ki, tanımadıqları insanla ünsiyyət qurmaq olmaz. Az yaşlı qızların bəziləri düşünür ki, kiminləsə  danışsam belə sonradan ayrıla, yaxud dost ola bilərəm. Bu da tamamilə səhv düşüncədir. Qadınlar bu cür kişiləri sevdiyini düşünürlər və  hər şeyi qurban verməyə hazır olurlar. Onlar  lazımsız cəsarət göstərib, özlərini qurban edirlər. Bəzən rayon yerlərində yaşayan qızlar sosial şəbəkədən tanıdığı oğlanın arxasınca Bakıya gəlirlər. Belə oğlanlar isə bu qızlardan yetərincə istifadə edirlər. Buna görə də baş verənlərdən dərs alıb, qızları bu həddə gətirib çıxarmaq lazım deyil. Çünki onlar bu zaman qurtuluşu başqa yerdə axtarırlar».

 





01.02.2017    çap et  çap et