Virtualaz.org xəbər verir ki, bu haqda «Reuters» anonim mənbələrə istinadən bildirir. Məlumata görə nazir «Rosneft»dən tələb etdiyi 2 milyon dollar rüşvəti almaq üçün şirkətin ofisinə gedəndə Seçin özü də orada olub və pulun verilməsində iştirak edib. Nazir pul dolu diplomatla ofisi tərk etmək istəyən kimi FTX əməliyyatçıları onu tutublar.
Xatırladaq ki, Ulyukayev ötən ilin noyabrında həbs olunub. O, «Rosneft»in 19 faizlik səhm paketinin özəlləşdirilməsinə müsbət rəy verməyin əvəzində şirkətdən 2 milyon dollar rüşvət almaqda ittiham olunur.
«Rosneft» şirkətindən Seçinin Ulyukayevlə görüşdə iştirak etdiyinə dair informasiyanı şərh etməyiblər. Bununla belə «Rosbalt»ın mənbəyi bildirir ki, Seçin nazirə saat 18.00-də şirkətin ofisinə gəlməyi təklif edib. Ulyukayev təyin olunmuş vaxtda gəlib, ancaq Seçin dərhal onunla görüşməyib və bir qədər gözlədib.
Seçin Rusiyanın ikinci ən qüdrətli adamı hesab olunur, onun prezident Putinə birbaşa çıxışı və güclü təsir imkanları var.