Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, millət vəkili Kamran Nəbizadə sözügedən sənədin Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyən edilməsində vacib rol oynadığını söyləyib: «Hələ ilin əvvəlində cənab Prezident Azərbaycan iqtisadiyyatının gələcək illərdə inkişafı proqramını açıqlamışdı. Orada xüsusilə vurğulanır ki, qeyri-neft sektoru prioritet xarakter daşıyır. Bu gün Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi müzakirə olunur. Bu müzakirələr zamanı da vurğulanıb ki, gələn il Azərbaycanın sırf qeyri-neft sektorunda gəlirlərin artımı nəzərdə tutulub. Cənab Prezidentin sözügedən fərmanı büdcə müzakirələri ilə eyni vaxtda düşüb. Bu isə çox vacib əhəmiyyət kəsb edir».
Deputat deyib ki, Azərbaycan iqtisadiyyatının strateji yol xəritələri qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək: «Əslində, bu sahədə 2016-cı ildə də ciddi işlər görülüb. Azərbaycanda kənd təsərrüfatı, turizm, tikinti, informasiya kommunikasiya texnologiyaları və digər qeyri-neft sahələrində xeyli inkişaf əldə olunub. Biz bütün bunların nəticəsini 2017-ci ildə daha yaxşı görə biləcəyik. Ona görə də mən büdcə müzakirələri zamanı bildirdim ki, Azərbaycanın iqtisadi inkişafına optimist olaraq baxıram. İnşallah bütün bu addımların hər biri 2017-ci ildə öz nəticələrini verəcək. Digər istehsalla bağlı sahələrdə görülən işlər isə öz nəticələrini bir-iki ilə deyil, 2018-2019-cu illərdən sonra göstərəcək».
İqtisadçı alim Vüqar Bayramov deyir ki, strateji yol xəritəsinin təsis edilməsi Azərbaycan prezidentinin fərmanına əsasən həyata keçirildi və bu xəritə hazırlanan zaman Amerika Birləşmiş Ştatlarının «Makkenzi» şirkətinin təcrübəsindən istifadə olundu: «Strateji «yol xəritəsi» çərçivəsində hazırlanan strategiyalara «Makkenzi» şirkəti tərəfindən hazırlandıqdan sonra yerli ekspertlər tərəfindən baxıldı və yerli prinsiplərə uyğunlaşdırıldı. Mən də bu «yol xəritəsi»nin hazırlanmasına cəlb olunanlar arasında idim. Əvvəla bu fərmanın nə üçün vacib olduğunu araşdırmaq lazımdır. Məlumdur ki, Azərbaycan qısa zaman ərzində neftdən böyük gəlirlər əldə etdi. Lakin indi artıq həmin gəlirlər yoxdur. İndi artıq postneft dövrüdür. Ona görə də hazırkı şəraitdə iqtisadiyyatı postneft dövrünün tələblərinə və yeni çağırışlara uyğun olaraq inkişaf etdirilməsinə ehtiyac var. Bu xəritə də məhz bu məqsədlə işlənib və hazırlanıb. «Yol xəritəsi» 2020-2025-ci illəri və 2025-dən sonrakı illər üçün Azərbaycan iqtisadiyyatının inkişafını nəzərdə tutan bir sənəddir. Bu «yol xəritəsi»nin əvvəllər təsdiq olunmuş proqramlardan əsas fərqi burada konkret fəaliyyət növlərinin müəyyənləşdirilməsidir».
V.Bayramov deyir ki, sənəddə hər bir fəaliyyət üzvünün eyni zamanda indikatorları və işlərin yerinə yetirilməsinə nəzarət edilməsinə məsul olan qurumlar var: «Bu imkan verir ki, fəaliyyətlərin nəticələrini qiymətləndirmək və hansı dərəcədə səmərəli olub-olmadığını müəyyənləşdirmək mümkün olsun. Təbii ki, bu da «yol xəritəsi»nin ən üstün cəhəti hesab oluna bilər. Yeni «yol xəritəsi» postneft dövründə Azərbaycan iqtisadi inkişafı üçün strateji yanaşma ortaya qoyulmasına imkan yaradır. Bu ilkin və mühüm olan addım idi. Növbəti addım strateji «yol xəritəsi»nin və eləcə də digər yol strategiyalarının nəzərdə tutulan fəaliyyətlərinin icrası və icrasına nəzarətin gücləndirilməsidir. Əgər bu olmazsa, nəticə etibarilə həmin fəaliyyətlərin reallaşması qeyri-mümkündür. Yeni «yol xəritəsi» postneft dövründə böhranın təsirlərinin daha qısa zamanda minimumlaşdırılmasına şərait yaradır. Güman edirəm ki, bu fərman iqtisadiyyatın böhrandan çıxışı və diverfisikasiyası üçün yeni bir strateji yanaşmadır. Bu yanaşma hazırkı iqtisadi şəraitin mövcud prinsiplərinə uyğun olaraq həyata keçirilir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, belə bir sənədin imzalanması çox mühüm addımdır. Bu sənəd hökumət qarşısında da kifayət qədər ciddi öhdəliklər qoyur. Hökumət də mövcud öhdəliklərə uyğun olaraq «yol xəritəsi»nin nəzərdə tutulan fəaliyyəti və icrasına məsuliyyətlə yanaşıb artıq postneft dövründə yeni iqtisadi modelin formalaşmasına dəstək olmalıdır».
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, yeni iqtisadi istiqamətin və modelin tətbiqi üçün sözügedən yol xəritəsi əslində çoxdan gözlənilən bir şey idi və nəhayət, öz rəsmi təsdiqini tapdı: «Düşünürəm ki, «yol xəritəsi» məhz bu kimi gözləntilərə tutarlı cavab hesab oluna bilər. 2014-cü ildən sonra neftin qiymətlərinin aşağı düşməsi onu göstərdi ki, əslində Azərbaycan iqtisadiyyatı postneft dövrünə hazır deyil. Bu baxımdan da iqtisadiyyatı ən qısa müddətə yeni tələblərə uyğunlaşdırmaq zərurətə çevrildi. Burada əsas nəzərdə tutulanlar ixrac potensialının gücləndirilməsi, daxili tələbatın yerli istehsal hesabına təmin olunması, fiskal siyasətin tənzimlənməsi, insan kapitalının növbəti dövrlər üçün inkişafı, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında xüsusi çəkisinin artırılması və ümumiyyətlə, qeyri-neft sektorunun təmsilçilərinin ölkə iqtisadiyyatının dayağına çevrilməsi istiqamətində köklü, institusional islahatlardır. Eyni zamanda onu da qeyd etməliyəm ki, növbəti dövrlərdə bu strategiyalarda əksini tapan hədəflərə əməl olunarsa, həqiqətən də bir neçə il sonra uğurlu nəticələrin əldə olunması mümkündür».
İqtisadçı qeyd etdi ki, yeni strategiya ölkə iqtisadiyyatını neft asılılığından azad etməyə yardımçı olacaq: «Hesab edirəm ki, strategiya sayəsində büdcə gəlirlərinin, ixrac potensialının, dövlət gəlirlərinin, o cümlədən ümumdaxili məhsulun həcminin neft asılılığından azaldılması istiqamətində irəliləyiş əldə oluna bilər. Əgər kompleks şəkildə addımlar atılarsa orta və uzun müddətli dövr ərzində, təxminən 2020-ci ilə qədər normallaşma, 2025-ci illərdən sonra isə artıq iqtisadiyyatın neftdən asılılığına son qoymaq olar».