VAXT.AZ xəbər verir ki, elmlər doktorluğu hazırlığı proqramı üzrə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Fərqanə Əliyevanın «Azərbaycan tarixşünaslıq abidələrində və salnamələrdə bədii qat və ədəbiyyat məsələləri», AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qiyabi doktorantı Ziyafət Hüseynovanın «XX əsr Azərbaycan qəzəlinin inkişaf xüsusiyyətləri», Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının doktorantı Səməngül Qafarovanın «Azərbaycan və rus uşaq ədəbiyyatı və folkloru: təşəkkülü, inkişaf mərhələləri və qarşılıqlı əlaqələri» mövzuları olduğu kimi təsdiq edilib.
Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Aynur Bəşirovanın «Azərbaycan və ingilis dillərində tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən vasitələr», AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani doktorantı Qubad Cəbrayılovun «Oğuz qrupu türk dillərində əşya anlayışı və onun ifadə vasitələri», Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Səbinə Əbülfət Cəfərovanın «Şərt şəkilçisi ilə formalaşan tabeli mürəkkəb cümlələrin struktur-semantik xüsusiyyətləri», AMEA Folklor İnstitutunun qiyabi doktorantı Sevinc Əliyevanın «Azərbaycan folklorunda qurban-vermə motivi və onun ritual-mifoloji kökləri», AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Gülşən Məhərrəmova «Mətnin aktual üzvlənməsi və mətn vahidləri», Bakı Slavyan Universitetinin Ümumi və rus dilçiliyi kafedrasının dissertantı Murad Muradov «Azərbaycan və alman atalar sözlərində gender münasibətlərinin təzahürü», Bakı Dövlət Universitetinin Filologiya Azərbaycan dilçiliyi kafedrasının dissertantı Sənubər Şükürova «Azərbaycan dilinin Şamaxı şivələri», Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının doktorantı Afaq Orucovanın «Azərbaycan dilində evfemizm, disfemizm və ekzotik sözlərin leksik-semantik xüsusiyyətləri», AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı İradə Yusifovanın «Mixail Şoloxov yaradıcılığı və Azərbaycan ədəbiyyatı» mövzuları olduğu kimi təsdiq edilib.
İddiaçılardan Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Taliyə Həmzəyeva «Müstəqillik illərində Azərbaycan ədəbi dilində ingilis dilindən alınmalar və onların mənimsənilmə formaları» mövzusu «Müstəqillik illərində Azərbaycan ədəbi dilində ingilis dilindən alınmaların mənimsənilmə prinsipləri» kimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin qiyabi doktorantı Xanım Qarayevanın «XX əsr ingilisdilli dünya şərqşünaslığındakı Nizami tədqiqatlarında filoloji və siyasi aspektlər» mövzusu «XX əsr ingilisdilli dünya şərqşünaslığındakı Nizami tədqiqatlarında filoloji və ideoloji aspektlər» kimi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani doktorantı Roman Məmmədovun «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində humanitar terminologiyanın formalaşması yolları» mövzusunun adı «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində terminologiyanın formalaşması yolları» kimi, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının qiyabi doktorantı Aygün Səfərovanın «Milli irsin rəqəmsallaşdırılması elmi tədqiqatların kitabxana-informasiya təminatında model kimi (AMEA Mərkəzi Elmi Kitabxanasının iş təcrübəsi əsasında)» mövzusu «Milli irsin elektron variantlarının yaradılmasının elmi tədqiqatların kitabxana-informasiya təminatında rolu» kimi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Gülnar Yunusovanın «Müasir Azərbaycan və yapon nəsrində postmodernizm (K.Abdulla və H.Murakaminin yaradıcılığı əsasında)» mövzusu «Yapon yazıçısı Haruki Murakaminin yaradıcılığında postmodernizm» şəklində müəyyən dəyişiklik və dəqiqləşdirmələr aparılmaqla təsdiq edilib.
Mövzuları müzakirə edilmiş şəxslərdən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Qafqaz Universitetinin dissertantı Yeqzar Cəfərlinin «Den Braunun bədii mətnlərində gerçəklik və onun postmodernist strukturu («Da Vinçi şifrəsi», «Cəhənnəm», «Mələklər və şeytanlar» romanları əsasında)» mövzusu olduğu kimi və həmin müəssisənin doktorantı Aytən Müseyiblinin «Azərbaycan və Türkiyə türkcəsində xüsusiləşmə» mövzusu «Azərbaycan dili və Türkiyə türkcəsində xüsusiləşmə» şəklində dəqiqləşdirmə aparılmaqla şərti olaraq təsdiq olunsa da, universitetin ləğv edilməsi səbəbindən doktorantların rəsmən hansı ali təhsil müəssisəsinə yönəldilməsindən sonra məsələyə yenidən baxılacağı qət edilib.
İddiaçılardan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının qiyabi doktorantı Elmira Həsənovanın «Azərbaycan uşaq mətbuatının tədqiqi məsələləri (1920-2000-ci illər)» və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili və onun tədrisi metodikası kafedrasının doktorantı Aynurə Manafovanın «Amerika hindularının dilində türk mənşəli sözlər» Naxçıvan Dövlət Universitetinin Roman-german dilləri kafedrasının doktorantı Röya Quliyevanın «İngilis və Azərbaycan dillərində tərkib və budaq cümlə problemi» mövzuları iddiaçıların ixtisasına uyğun gəlməməsi səbəbindən təsdiq edilməyib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Mərcan Sofiyevanın «XX əsrin II yarısında Azərbaycan və ingilis nəsrində milli özünüdərk problemi» mövzusunun da iddiaçının ixtisas şifrəsinə uyğun gəlməməsi qeyd edilmiş, mövzudan «Azərbaycan nəsri» istiqaməti çıxarılmaqla tədqiqatın dünya ədəbiyyatı ixtisasına uyğunlaşdırılıb plan-prospektinin növbəti iclaslardan birində baxılması məsləhət görülüb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının əyani doktorantı Türkan Mustafayevanın «XIV-XV əsrlər Azərbaycan klassik ədəbiyyatında antroponimlər və onların struktur-semantik xüsusiyyətləri» mövzusu və Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Xatirə Sultanovanın«Müasir Azərbaycan dilində dini terminologiya» mövzularının müvafiq hazırlıq, xarici dil bilgisi, uyğun səriştələr tələb etməsi, iddiaçılarınsa, belə araşdırmaların öhdəsindən gəlməyə zəruri imkanlarının olmadığı nəzərə çatdırılmaqla təsdiq edilməyib.
Ümumilikdə , iclasda 6-sının adından dəyişiklik edilməklə 20 mövzu təsdiq edilib.
Müzakirələrdə RETƏŞ-in Filologiya Problemləri üzrə Elmi Şurasının sədri akademik Rafael Hüseynovla yanaşı Şura üzvləri filologiya üzrə elmlər doktorları Bədirxan Əhmədov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fexrəddin Veysəlli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Mehdi Kazımov, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini bildiriblər.