Virtualaz.org saytı əməkdaşlarının paytaxt küçələrində apardığı müşahidələrə əsasən, ən bərbad vəziyyət Zığ, Günəşli, Hövsan, Qaraçuxur, Bülbülə, Biləcəri qəsəbələrində, mikrorayonlarda və Xırdalan istiqamətində müşahidə olunur.
Bakı-Sumqayıt yolundakı tıxacları aradan qaldırmaq üçün dünən gecədən yolun təmizlənməsinə başlanılıb. Lakin 3, 4 və 9-cu mikrorayonlardan metronun «20 Yanvar» istiqamətinə gedən yollar buz bağlayıb, nəticədə maşınlar yolda qalıb.
Metronun «Koroğlu» stansiyasından Bakı kəndlərinə gedənlərin işi də çətinləşib. Yolların buz bağlaması nəticəsində avtobuslar yolda qalıb.
Paytaxtın daha bir problemli yolu-Yasamal istiqaməti olub. Yasamal qəbiristanlığından Badamdar qəsəbəsinə gedən yollar buz bağlayıb, nəqliyyatın hərəkəti dayanıb. Eləcə də Cəlil Məmmədquluzadə küçəsindən Papanin istiqamətinə, Badamdar qəsəbəsindən 20-ci sahə və Bayıl qəsəbəsi istiqamətlərində yollar bağlıdır.
Paytaxt yollarındakı vəziyyətlə bağlı saytın redaksiyasına da çoxsaylı şikayətlər daxil olub. Şikayətçilər deyirlər ki, metro keçidlərinin, dayanacaqların, park və səkilərin buz bağlaması nəticəsində piyadaların hərəkəti çətinləşib. Bu sadalanan ərazilərdə qarın təmizlənməsi üçün heç bir texnika işləmir. Ən yaxşı halda isə sakinlər əllərində süpürgə, bel avtomobil yollarının yaşadıqları yerdən keçən hissəsini təmizləyirlər. Çox vaxt bu təmizlənən qar da piyadaların keçdiyi səkiyə töküldüyündən əlavə problemlər yaradır.
Ən acınacaqlı vəziyyət isə yeraltı və yerüstü piyada keçidlərində müşahidə olunur. Yolu keçmək istəyən sərnişinlər ən çox mərmər döşənmiş bu keçidlərdə yıxılaraq xəsarət alırlar. Son bir neçə gün ərzində sürüşüb xəsarət alan 9 nəfər təcili yardıma müraciət edib. Müraciət edən vətəndaşlardan altı nəfəri xəstəxanaya yerləşdirilib.
Bakının qar yağarkən qabaran ənənəvi problemini araşdırmaq üçün aidiyyəti qurum və orqanlara zəng vurduq. Məlum oldu ki, əlaqə saxlamaq istədiyimiz bələdiyyələrin əksəriyyəti heç özləri işə gəlməyiblər. Suraxanı, Qaraçuxur, Bülbülə bələdiyyələrindən, Suraxanı İcra Hakimiyyətindən və Bakı Şəhər İcra Hakimiyyətindən telefon zənglərimizə cavab verən olmadı.
Binəqədi bələdiyyəsindən isə ötən gecədən bütün üzvlərin yollardakı qarı təmizləmək üçün səfərbər olunduğunu dedilər.
Bələdiyyənin sədr müavini Sabir Həsənovun virtualaz.org-a bildirdiyinə görə, bələdiyyənin əhatə etdiyi bütün yollarda vəziyyət normaldır: «Yolların təmizlənməsi əslində Mənzil-kommunal təsərrüfatlarının səlahiyyətindədir. Amma vəziyyətlə əlaqədar olaraq bizim bələdiyyə üzvləri də yolların qardan təmizlənməsi üçün səfərbər olunublar. Hazırda 6-cı, 7-ci, 8-ci, 9-cu mikrorayon yolları və Dərnəgül yolu qardan təmizlənib. Təkcə bizim bələdiyyə tərəfindən yolların təmizlənməsi üçün 40-50 kubmetr (təxminən 5 maşın) duz-qum qarışığı təşkil olunub», - deyə sədr müavini bildirib.
«Azəravtoyol» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bəzi yollarda problemlərin qalmasını etiraf etsə də, Bakıətrafı yollara qum və duz tökülməməsi ilə bağlı deyilənlərlə razılaşmır. ASC rəsmisi həmçinin yolda qalan və qəzaya düşən avtomobillərə görə sürücüləri ittiham edir.
«Texnikaların yolları qardan təmizləməməsi ilə bağlı deyilənlər yanlışdır. Biz neçə gündür gecə boyu durmadan çalışırıq. Bunu demək, həmin insanların zəhmətini nəzərə almamaqdır. Sərnişinlər ona görə yolda qalır ki, sürücülər yay şinləri ilə yola çıxırlar. Bir avtomobilin yolda qalması həmin yolda böyük tıxacın yaranmasına səbəb olur. Hazırda tıxac olan yolların əksəriyyətində elə həmişə, qar yağmayanda da tıxac olub».
A.Nəcəfli hansı küçələrə nə qədər qum və duz tökülməsini açıqlamasa da, kifayət qədər qum, duz ehtiyatının olduğunu bildirdi və bütün küçələrdə texnikanın işlədiyində, onların qardan təmizləndiyində israr etdi.