Vaxt.Az

«Hər şey islahatlardan asılı olacaq»


 

Əli Məsimli: ««Manat bahalaşdıqca, biz də qaz tariflərini bahalaşdıracağıq» kimi bəsit yanaşma ilə problemlər həll olunmayacaq»

«Hər şey islahatlardan asılı olacaq» Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- Əli müəllim, bu gün dünya çətin iqtisadi sınaq qarşısındadır. Okeanın o tayında verilən qərarlar Azərbaycandan da yan keçmir. Həm iqtisadçı-deputat, həm də vətəndaş olaraq prosesləri necə qiymətləndirirsiniz?

- Dünyanın aparıcı dövlətləri 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından hələ ötən əsrdə -1929-1933-cü illərin böhranı zamanı tətbiq edilən «böyük xaos yaratmaq» üsulu ilə çıxmaqdadırlar. Maliyyə-iqtisadi böhran xeyli dərəcədə səngisə də, «böyük xaos» getdikcə artan xətlə davam edir. Yaxın Şərq və «Suriya sindromu», bunlardan doğan qanlı olaylar, qırğınlar, dağıntılar, humanitar fəlakət və miqrasiya böhranı, eləcə də Krımın ilhaqı və Ukrayna ətrafında cərayan edən proseslərdən sonra dünya düzəninin riskləri və təhlükələri, həmçinin qeyri-müəyyənlikəri proqnozlaşdırılması çətin bir məcraya yuvarlanıb. Neftin qiymətinin kəskin surətdə aşağı düşməsi iqtisadi amillərlə yanaşı, həm də xeyli dərəcədə geopolitik və geoiqtisadi amillərlə, xüsusən də Ukrayna olayları ilə bağlıdır.

Rusiya ilə Qərb arasındakı qarşıdurmadan yaranmış çox ciddi böhran nəticəsində biopolyar dünya düzənindən «Soyuq müharibəyə» qayıdış başlayıb. Ölkələr arasında silahlanma yarışı güclənib. Bəzi analitiklər hazırkı durumu bir sıra meyarlara görə özünəməxsus forma almış «üçüncü dünya müharibəsi»nin başlanması kimi xarakterizə edir, digərləri isə yeni dünya müharibəsinə hazırlıq getdiyini bildirirlər. Həmin qarşıdurma ölkələrin bəzilərində az, digərlərində bir qədər çox olmaqla iqtisadi və sosial duruma ciddi təsir edir.

Neftin qiymətinin kəskin surətdə aşağı düşməsindən ziyan çəkən ölkələrdən biri də Azərbaycandır. Vəziyyətin bir müddət də belə xaotik şəkildə qeyri-müəyyənlik şəraitində davam etməsi həmin «böyük xaos»un dairəsini və hərarətini daha da artıracaq. Dünyanın qlobal iqtisadi böhrandan, müharibələrdən, istilalardan, hərc-mərclik , xaos və qeyri-müəyyənlikdən yorulmasından doğan narazılıq dalğası məntiqi surətdə superdövlət olan ABŞ-da ciddi dəyişikliklər tərəfdarı olan Donald Trampın hakimiyyətə gəlişi ilə sonuclandı. Tramp fenomeni dünyada bir təşvişdən əlavə, həm də ciddi dəyişikliklər gözləntisi də yaradıb. Müasir dünya düzəni o qədər pozulub ki, yeni çağırışlar tələb edir ki, bu dağıdıcı yarışı dayandırmaq aparıcı dövlətlərin siyasətinin prioriteti olmalıdır. Bu yarışı iqtisadi sahəyə keçirmək lazımdır ki, dünya iqtisadiyyatında çulğalaşıb tərəqqiyə mane olan problemlərin düyünü açıla bilsin...


- ABŞ-dan söz düşmüşkən, ölkənin yeni prezidenti Donald Tramp andiçmə mərasimində «Hər şey Amerika, hər şey amerikalılar üçündür!» deməklə hansı mesajı verdi?

- Doğrudur, 2008-ci il qlobal maliyyə-iqtisadi böhranından sonra inkişaf etmiş ölkələr arasında iqtisadiyyatı daha çox bərpa olunan və daha yüksək artım templəri ilə gedən Amerika iqtisadiyyatıdır. Ona görə də hazırda ABŞ iqtisadiyyatının durumu xeyli parametrlər üzrə 8 il bundan öncə Obama hakimiyyətə gəldiyi vaxtdakından yaxşıdı. Amma əmək məhsuldarlığı, sosial bərabərsizliyin artması və sair sahələrdə problemlər artıb. Ona görə də ABŞ-ın yeni prezidenti Donald Tramp iqtisadi siyasəti dəyişdirmək istəyir. Donald Tramp andiçmə mərasimindəki çıxışının leytmotivi «Hər şey Amerika və amerikalılar üçün!» oldu. O bunu iki istiqamətdə reallaşdıracağını bildirdi: bir tərəfdən Amerikanın milli təhlükəsizliyini artırmaq məqsədilə ölkənin sərhədlərini gücləndirmək və beynəlxalq terrorçulara qarşı amansız mübarizəyə başlayıb, bu məsələni tez bir zamanda çözmək. 

Digər tərəfdən isə ABŞ-n əsas resurslarını, xaricdə xərclənən trilyon dollarla vəsaiti qlobal qarşıdurma, rəngli inqilablar və sair bu kimi istiqamətlərdən daha çox iç problemlərin həllinin sürətlənməsinə, ölkə vətəndaşlarının sosial-iqtisadi problemlərinin həllinə yönəltmək: yetərincə yeni iş yerləri açacaq, fabriklər, zavodlar yaradacaq, körpülər tikdirəcək. Amerika dünyanı təkbaşına idarə etməkdən ötrü daha da güclənəcək... Bu deyilənlər kontekstində «Hər şey Amerika və amerikalılar üçün!» şüarı cəzbedicidir. Amma qloballaşmanın çox dərinə işlədiyi hazırkı şəraitdə Amerikada belə təcridçilik siyasətinin bir hissəsi reallaşsa da, tam əhatəli şəkildə gerçəkləşməsi mümkünsüzdü. Ona görə də böyük sual yaranır: ABŞ prezidentinin gözlənilməz, radikal, geosiyasi baxımından tarazlaşdırılmamış siyasətinin hökm sürəcəyinə dair iddialar özünü doğruldacaq, yoxsa dünyanın ən varlı adamı Bil Qeytsin dediyi kimi, Donald Trampın zamanında ABŞ öz inkişafında irəliyə doğru böyük bir addım atacaq, ... yoxsa Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayerin dediyi kimi,  «XXI əsrdə dünya nizamına baxış necə olacaq, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır».


- Bəs, Donald Trampın sərgilədiyi iqtisadi doktorinanın reallaşması dünyaya və ABŞ-a nə verəcək?

- Donald Trampın sərgilədiyi iqtisadi doktorinanın reallaşmasının dünyaya və ABŞ-a nə verəcəyi sualı da təşviş doğuran məsələlər sırasındadır. Dünya iqtisadiyyatının əsas və müəyyənedici hissəsi zəncirvari reaksiya şəklində bir-biri ilə sıx əlaqəlidir. Bu zəncirin bir həlqəsindəki radikal dəyişiklik mütləq digər həlqələrə də ciddi təsir edir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının dörddə biri səviyyəsindədir. Bu, bütövlükdə Avrozona boyda və ya Rusiya iqtisadiyyatından 13-14 dəfə böyük bir iqtisadi nəhənglik deməkdir. Belə miqyaslı iqtisadiyyat dünya iqtisadiyyatının istənilən sahə və yönümünə: qlobal maliyyə bazarına, fond birjalarına, neftin qiymətinə, milli valyutalara, sənayenin aparıcı sahələrinə və s. istədiyi qədər təsir edə bilər. Məsələn, bir sıra ekspert qiymətləndirmələrinə görə, birdən OPEC sözə baxmayıb neftin qiymətini Amerikanın arzulamadığı səviyyəyə qaldırmaq istəsə, ABŞ uzağı iki aya neftin qiymətini yenə də istədiyi səviyyəyə endirə bilər. Ona görə də Donald Trampın ABŞ üçün yeritmək istədiyi siyasətin dünya iqtisadiyyatına necə təsir göstərəcəyi böyük suallar yaradır... 

Bu baxımdan heç də təsadüfü deyil ki, 2017-ci ilin Davos Forumunda əsas şüar »Liderliyin cavabdehliyi" olmaqla «qlobal təhlükələr cavab axtarışı» məsələlərinə həsr olunmuşdu. Fikrimcə, Donald Trampın iqtisadiyyat sahəsində etmək istədiklərinin çoxunu bir, hətta iki prezidentlik müddətində belə tam reallaşdırmaq müşkül məsələdir. Amma birdən həmin proqramın gözlənildiyindən daha çox hissəsi reallaşarsa, on illiklər ərzində formalaşan qayda, iqtisadi proses, prinsip və meyllərin radikal dəyişdirilməsi nəticəsində dünya iqtisadiyyatı proqnozlaşdırılması çox çətin olan ağır sınaqlar qarşısında qala bilər... Bunun daha çox müsbət və ya mənfi nəticələrlə sonunclanacağı isə yenə də açıq qalan suallar sırasındadır... ABŞ-ın həm daxili, həm də xarici siyasətdə, iqtisadi qanunauyğunluqları yetərincə nəzərə almadan radikal dəyişikliklər etməsi, qlobal iqtisadiyyatda «böyük iqtisadi xaosa» gətirib çıxara bilər.


- Ümumiyyətlə, Tramp hakimiyyəti dövründə Azərbaycanla münasibətlərə dair hansı proqnozları verə bilərsiniz?

- Aydındır ki, Donald Tramp Birləşmiş Ştatların xarici siyasətində dəyişikliklər etmək niyyətindədir. Bununla belə Trampın açıqlamarındakı təcridçilik notlarından çıxış edən bir sıra analitiklər hələlik ABŞ-ın Cənubi Qafqaza marağının azalacağı ehtimalını irəli sürürlər. Bəyanatlardan belə çıxır ki, ABŞ dünyadakı proseslərə o qədər də müdaxilə etməyəcək. Bu baxımdan Trampın Cənubi Qafqaza münasibətdə hansı siyasət yürüdəcəyi ilə bağlı narahatlıq təbiidir. ABŞ-ın xarici siyasəti, eləcə də Azərbaycanla bağlı siyasətindəki dəyişikliklərin konkret məqamlarından danışmaq və proqnoz vermək hələ tezdir. Digər tərəfdən, Amerikanın maraqlarının bu ölkənin prezidentindən öndə olduğunu nəzərə alsaq, onda ölkənin Cənubi Qafqaza, xüsusən də bu regionun ən əsas dövləti olan və Avropanın enerji təhlükəsizliyində iştirak edən, antiterror fəaliyyətinə açıq şəkildə öz töhfəsini verən Azərbaycana münasibətdə siyasətinin radikal şəkildə dəyişəcəyini də gözləmək düzgün olmaz. Ona görə də böyük ehtimalla yaxın perspektivdə Amerikanın Qafqaz siyasətində əsaslı dəyişiklik gözlənilmir. Ölkəmiz müstəqillik qazandıqdan sonra ABŞ və Azərbaycan arasında olan münasibətlərdə müstəqilliyimizə dəstək, təhlükəsizlik, demokratiya və iqtisadi sahədə, xüsusən də enerji sahəsində və alternativ kommunikasiya xətlərinin yaradılması sahəsindəki əməkdaşlıq əsas yer tutub. ABŞ sözügedən həmin sahələrin bir-biri ilə sıx bağlı olmasını təhlükəsizliyin mühüm amili hesab edir. Görünür, bundan sonra da yalnız inauqurasiyada səsləndiyi kimi ölkələrin daxili işlərinə qarışmamaq xətti əlavə olunmaqla, sözügedən həmin 3 sahə, heç birinə ciddi üstünlük verilmədən ABŞ - Azərbaycan münasibətlərinin əsası olmaqda davam edəcək. Bundan əlavə, Donald Trampın Azərbaycana yetərincə bələd olan biri olması əlaqələrə əlavə impuls verə bilər. Azərbaycanın əsas problemi olan Qarabağ məsələsinə gəldikdə isə hesab edirik ki, Cənubi Qafqazın problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ABŞ-ın əvvəlki administrasiya zamanı Vaşinqton üçün prioritetlər siyahısında olmamasının bundan sonra da eyni cür davam etməsi təkcə Azərbaycanın deyil, həm də Qərbin də ziyanına işləyər. Çünki bu halın uzanması Cənubi Qafqazı çox təhlükəli bir münaqişə ocağına çevrilə bilər. Ona görə də biz Cənubi Qafqaz regionuna Rusiya-ABŞ münasibətləri kontekstində yanaşmaqla, Dağlıq Qarabağ məsələsində ABŞ-ın daha fəal roluna ümid edirik. ABŞ-ın Rusiya ilə fikirdə, sözdə və işdə bu problemin həllinin sürətləndirilməsinə yönəlik fəaliyyətdə beynəlxalq hüquq normaları və indiyədək BMT TŞ və digər mötəbər qurumlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara üstünlük verəcəyini gözləyirik. Bu halda ABŞ-Rusiya münasibətlərindən asılı olaraq, Cənubi Qafqaza, Azərbaycana və Dağlıq Qarabağ məsələsinə yanaşmada ən müxtəlif ssenarilər baş verə bilər.


- Biz Azərbaycandakı iqtisadi çətinlikləri dünyadakı böhranın bir parçası kimi dəyərləndiririk. Bəzi ekspertlər isə dünyada iqtisadi vəziyyətin stabilləşdiyini, bizdə baş verənlərin dünya ilə heç bir əlaqəsi olmadığını bildirir, çətinlikləri sırf hökumətin yarıtmaz fəaliyyətinin nəticəsi kimi qiymətləndirirlər. Əslində mənzərə necədir?

- Əslində Azərbaycandakı iqtisadi çətinliklərlə bağlı real mənzərəni, qoyduğunuz sualda səbəbini səsləndirdiyiniz həmin iki amilin sintezində axtarmaq lazımdı. Çünki hazırda Azərbaycan iqtisadiyyatında özünü göstərən problemlərin çoxu neft hasil edən ölkələrin xeyli hissəsinin timsalında da özünü göstərdiyindən, bir tərəfdən, obyektiv amillərdən, dünya iqtisadiyyatında gedən proseslər, neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və s. amillərdən qaynaqlanır. Bununla belə, iqtisadiyyatımızın son illər qarşılaşdığı resessiyanın ağırlaşmış forma alması neftin qiymətinin aşağı düşməsi ilə yanaşı, bir sıra cəhətlərinə görə həm də iqtisadi siyasətdəki çatışmazlıqlar,qüsur və qeyri-neft sektorunun hərtərəfli və rəqabətədavamlı şəkildə inkişafına münasibətdə gecikmələrlə bağlıdır. Neft bumu dövründə Azərbaycanda neft hasilatının yüksələn xətlə artması, ölkənin sosial-iqtisadi problemlərinin həllini xeyli sürətləndirib. Son 15 ildə Azərbaycanda ümumi daxili məhsul 4,5 dəfə, MDB ölkələrində orta hesabla 1,8 dəfə, o cümlədən onun əsas enerjidaşıyıcı ölkələri olan Rusiyada 1,7 dədə, Qazaxıstanda isə 2,8 dəfə artıb. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər bütövlükdə ölkə miqyasında, eləcə də regionların qarşıdakı illərdə də inkişafı üçün məqbul hesab oluna biləcək dərəcədə zəmin yaradıb. Amma neft amilinin üstün inkişafına əsaslanan model ikili nəticə verib. Neft gəlirləri hesabına çoxsaylı infrastruktur layihələri yerinə yetirilsə də, neft bumu dövründə qeyri-adi dərəcədə sürətli inkişaf qeyri-neft sektorunun müasir dövrün tələblərinə cavab verən səviyyədə rəqabətədavamlı və səmərəli fəaliyyətini ikinci planda saxlayıb. Son illər neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və gəlirlərimizin azalması iqtisadiyyatımızın problemlərini önə çıxarıb. Bu özünü 2010-cu illə müqayisədə 2016-cı ildə neft hasilatının 50,8 milyon tondan 41 milyon tona enməsi və ya 24 faizə yaxın azalmasının, neftin qiymətinin 109 dollardan 30 dollar ətrafına düşməsi, sonradan 50 dollar ətrafında qalxıb-enməsi, yəni əvvəlcə 4 dəfəyə yaxın, indiki şəraitdə isə 2 dəfədən çox enməsi, həm də belə aşağı qiymətin qalma müddətinin uzanması fonunda daha əyani göstərir. 

2015-2016-cı illərin sosial-iqtisadi göstəricilərini əks etdirən rəqəmlər əvvəlki 15 ildə yaşadığımız paradiqmalarla müqayisədə başqa paradiqmanı göstərir. Azərbaycan neft ixracından xeyli dərəcədə asılı olduğundan, neftin qiymətinin kəskin düşməsi və manatın devalvasiyası fonunda şok mərhələ yaşanır. 2016-cı ildə dünya iqtisadiyyatında 3 faiz, onun inkişaf etmiş ölkələrində 1,5-2 faiz, inkişaf etməkdə olan ölkələrdə orta hesabla 4 faizdən çox artım, Azərbaycanda isə 3,8 faiz enmə olub. İqtisadiyyatımızdakı mənfi meyllər istehsal, maliyyə-bank sektoru və əhali üçün çox ağrılı keçir. Son illərdə iqtisadiyyatımızda daha qabarıq şəkildə özünü göstərən problemlər, bunlardan doğan çağırışlar çox ciddidir və ölkəmizin sürətli inkişaf trayektoriyasına çıxmasını ləngidir. Hökumətin 2020-ci ilədək olan dövr üçün proqnozları da göstərir ki, biz orta müddətli dövr üçün aşağı templi artım zolağına düşmüşük. Əvvəlcə ən azından 2018-ci ilə qədər iqtisadiyyatımızdakı artım yalınız 2016-cı ilin ÜDM-i 3,8 faizlik itkilərini kompensasiya etməyə çatacağından, cüzi artımlar şəraitində nəzərəçarpan inkişaf olmayacaq. Bunun səbəbi təkcə neftin qiyməti deyil ki, bir neçə ildən sonra qaz layihələri reallaşanda onu tamamilə bərpa etmək mümkün olsun. Bundan əlavə, ikinci əsas səbəb ölkə daxilindədir. Rəsmi statistikada ölkənin ÜDM-də qeyri neft sektorunun payı 66 faiz göstərilsə də, bu sahənin məhsulları hesabına yerli tələbatın ödənilməsi və xaricə mal çıxarılması göstəriciləri yetərli səviyyədə deyil. Neftin qiymətinin aşağı düşməsi nəticəsində bizim ixracatımız 2011-ci ildəki 26,6 milyard dollardan 2015-ci ildə 2,3 dəfə azalaraq 11,4 milyard dollara enib. Əslində qeyri-neft sektorunda ixrac etmək üçün yetərincə rəqabətədavamlı mal istehsal olunsaydı, manatın devalvasiyası qeyri-neft sektorunun ixracatının artırılmasına şərait yaratdığı bir vaxtda, qeyri-neft sektoru hesabına milyardlarla dollar əlavə gəlir götürüb həmin itkilərin bir hissəsinin yerini doldurmaq olardı. Amma bunun müqabilində qeyri-neft ixracatımız 2014-cü illə müqayisədə 2016-cı ildə 1632 milyon dollardan 1272 milyon dollara enib və ya nominalda 22 faiz azalıb. Rəsmi hökumət proqnozlarına görə, qeyri-neft sektorunun ixracatının 2017-ci ildə 1379 milyon dollar olacağı, 2020-ci ildə isə 2347 milyon dollar çatacağı gözlənilir. Qeyri-neft sektorumuzun potensial imkanları fonunda bu rəqəmlərin kiçikliyi manatın dayanıqlığının təmin olunmasında qeyri-neft sektorunun rolunun daha da artırılması istiqamətində əlavə tədbirlər görülməsini diktə edir.

 

- Dəyərdən düşən manat, həddini aşan qiymətlər, kommunal xidmət haqlarının diferesiallaşdırılması... Hökumət büdcəni məhz vətəndaşdan gələn gəlirlə doldurmağa çalışır. Sizcə bu effektlidirmi?

- Son vaxtlara qədər dövlət büdcəsinin 70 faizi və bəzən ondan da artığı neft amili ilə bağlı olurdu. 2016-cı ildə büdcədə neft amilinin payı 55 faizə endirilib, 2017-ci ilin büdcəsində isə 49 faiz olacağı gözlənilir. Göründüyü kimi, büdcənin doldurulmasında qeyri-neft sektorunun payında xeyli artım var. Amma bunların özü də hələ çoxdur və büdcədə qeyri-neft sektorunun payını sürətlə artırmaq lazımdır. Amma hökumət bunu təsərrüfat fəaliyyətinin səmərəliliyini artırmaq, büdcəyə xeyli gəlir gətirə bilən mənbələri işə salmaqdan daha çox işığın, qazın, suyun tariflərini artırmaqla da büdcəyə əlavə vəsait cəlb etmək istəyir. Bu isə əhalinin differensiallaşdırılmış limitdən artıq işıq, qaz və sair istifadəçilərinin ailə büdcəsinə təsir edir. Bu təkcə varlı təbəqəni yox, orta və qismən də çox enerji işlədən aşağı təbəqəni də əhatə edir. Bu yolla büdcə doldurmaq perspektivli yol deyil. Enerji daşıyıcısının qiyməti qalxanda bu, həm də dolayısı yolla başqa məhsulların da qiymətlərinin artmasına təsir edir. Halbuki, büdcəyə əlavə vəsait cəlb etməkdən ötrü yetərincə imkan var. Məsələn, kölgə iqtisadiyyatının vergiyə cəlb oluna bilən hissəsini vergiyə cəlb etmək olar. Onu cəmi onca faiz daraldıb, işıq və qazın tariflərini artırmaqla büdcəyə daxil olan vəsaitdən 2 dəfə artıq gəlir cəlb edə bilərik. Yeri gəlmişkən, işıq və qazın tariflərini artırmaqla büdcəyə daxil olması gözlənilən vəsaitin bir hissəsi minimum əmək haqqının 10,5 faiz artırılmasına yönəldilib.


- Bir neçə gün əvvəl SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov öz çıxışında deyib ki, manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən təbii qazın indiki qiymətinin səmərəliliyi şirkət üçün ziyanla həyata keçirilir. Vitse-prezident qeyd edib ki, əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək. Manat isə hər gün bir az daha ucuzlaşmaqda davam edir. Yenicə bahalaşan təbii qaz qiymətinin təkrar artımı nəyə gətirib çıxara bilər?

- Qazın tariflərinin qaldırılması əhalinin bir hissəsinin kommunal xərclərinin də artması ilə müşayiət olunur və həm də dolayısı ilə digər məhsulların da qiymətlərinin artmasına spesifik təsirini göstərir. Əgər yaxın vaxtlarda qazın tarifi yenidən qaldırılsa, bu həm də keçən dəfəkindən də ciddi ictimai narazılıq yaradacaq. Manatın məzənnəsini bəhanə gətirib «manat ucuzlaşdıqca, biz də qazı bahalaşdıracağıq» kimi bəsit yanaşmalarla problemləri həll eləmək olmaz. Digər tərəfdən, həm də belə problemlərin ağırlığını əhalinin üstünə yükləmək səhv və perspektivsiz yoldu. Çünki manatın məzənnəsinin bundan sonra da nə qədər düşəcəyi kimsəyə bəlli deyil. Fikrimizcə bu sahədə yaranmış vəziyyət əməlli-başlı obyektiv şəkildə araşdırılmalı, SOCAR-ın yüksək potensialından səmərəli istifadə etməklə Azərbaycan əhalisinin qaz ilə təminatı optimallaşdırılması və bir sıra hallarda qazla bilavasitə bağlı bölmələrin fəaliyyətində yol verilən təsərrüfatsızlıqlarla əlaqəli yaranan problemlərin həllini sürətləndirməkdən ötrü səylər artırılmalıdır.


- Azərbaycana xaricdən idxal olunan «AI-95 Premium» markalı benzinin qiymətində də artım baş verdi. Tarif Şurası hər nə qədər «Aİ-92» markalı benzinin qiymətinin bahalaşmasının gündəmdə olmadığı açıqlamasını versə də, vətəndaş əksini düşünür. Bu markalı benzin bahalaşacağı təqdirdə isə ictimai nəqliyyatda gediş, kommunal xidmət haqlarının yenidən bahalaşması qaçılmaz olacaq. Sizcə hökumət buna gedəcəkmi?

- «AI-95 Premium» markalı benzinin qiymətində artımın baş verməsini həmin növ benzinin Azərbaycana xaricdən gətirilməsi ilə izah etdilər. «Aİ-92» markalı benzin isə Azərbaycanın özündə istehsal olunur. Bəli, həmin markalı benzin bahalaşacağı təqdirdə hər cür daşınma xərcləri, ictimai nəqliyatda gediş, kommunal xidmət haqlarının yenidən bahalaşması və s. qaçılmaz olacaq. Tarif Şurası «Aİ-92» markalı benzinin qiymətinin bahalaşmasının gündəmdə olmadığı açıqlamasını verirsə, deməli hələlik hökumət buna getmək istəmir.... Amma bu istəməməyin nə qədər çəkəcəyini deyə bilmərik. Sadəcə, hazırkı çətin bir şəraitdə «Aİ-92» markalı benzinin qiymətinin qaldırılmasının məqsədəuyğun olmadığını deyə bilərik.


- Manatın 21 fevral devalvasiyasından sonra insanlarda həm milli valyutaya, həm hökumət üzvlərinə, həm də digər rəsmi şəxslərə inamsızlığın təcəssüm etdiyinin şahidi oluruq. Nədir, yaxud da kimlərdir vətəndaşda olan inamsızlığın səbəbləri?

- 2015-ci ilin 21 fevralında 34 faizlik şok devalvasiyadan sonra manatın dollara olan məzənnəsi əvvəlcə 0,78 manatdan 1,05 manata keçməklə ucuzlaşdı. Manatı sabitləşdirməkdən ötrü 10 milyardlarla ölçülən valyuta sərf olunsa da, dollara nisbətdə onun məzənnəsi ucuzlaşmaqda davam edir. 2015-ci ilin 21 dekabrda birincidən də sərt 48 faizlik devalvasiya nəticəsində manatın dollara nisbətdə məzənnəsi 1,55 manata çatdı. 2016-cı ildə nisbət 1dollar= 1manat 75 qəpik ətrafında qalxıb-endi. Bu ilin əvvəllərindən artıq dollara nisbətdə manatın məzənnəsi 2 manata, yəni indiki dövr üçün haqqında çox danışılan bazar dəyərinə yaxınlaşır. Amma hazırkı şəraitdə manatın bazar dəyərinin 2 manat ətrafında qərarlaşmasını söyləmək nisbi məsələdir.


- Əli müəllim, bu gün faktiki olaraq problemli kreditlərin həcmi 1 milyard 442 milyon manata çatıb. Manat dəyərdən düşdükcə vətəndaşın borcunun həcmi də bir o qədər də artır. Nəticədə dollarla götürdükləri kreditləri geri ödəməkdə çətinlik çəkirlər...

- Manat dəyərdən düşdükcə əhalinin və biznes strukturlarının banklara dollarla olan borclarının da artmasına səbəb olur. Hazırda məhkəmədəki işlərin əksəriyyəti banklara olan borcla əlaqədardır. Biz də hər gün bu məsələ ilə bağlı bir neçə müraciət alırıq. İnsanlar demək olar ki, hər həftə artan dollarla olan borcları ilə bağlı çox çıxılmaz duruma düşüblər.

Banklar iqtisadiyyatın qan-damar sistemidir. Qan-damar sistemi normal işləməyəndə orqanizm normal fəaliyyət göstərə bilmədiyi kimi, banklar da normal işləməsə, iqtisadiyyat inkişaf edə, əhalinin güzəranı yaxşılaşa bilməz. Bankların normal işləyə bilməsinin ən mühüm şərtlərindən biri isə dollarla olan kreditlər məsələsinin həllidir. Bununla əlaqədar olaraq biz maliyyə sağlamlaşdırılması, o cümlədən dollarla olan kreditlər probleminin həllinə dair deputat həmkarım Vahid Əhmədovla birlikdə Azərbaycanda maliyyə sabitliyi, maliyyə-bank sektorunun inkişafı, real sektorun maliyyə təminatının səmərəliliyinin artırılması, eləcə də manatın devalvasiyasından sonra xarici valyutada kredit alanların vəziyyətinin pisləşməsinin qarşının alınmasına yönəlik təkliflər hazırlayıb aidiyyatı orqanlara təqdim etsək də, reallaşması gecikir. Əhalinin əhəmiyyətli bir hissəsi bizim təkliflər əsasında borclarını qaytarmağa razıdır. Bir müddətdən sonra isə əhalinin əlində borclarını qaytarmaq üçün pul qalmayacaq və banklar indiki üsullarla borcların yalnız cüzi bir hissəsini yığa biləcəklər. Bu isə bütövlükdə iqtisadiyyatımız üçün əlavə ciddi problemlər yaradacaq. Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar. Bu da iqtisadiyyata güclü təkan verər. Dollarla krediti olanların probleminin optimal həlli bank sahəsindəki bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həllinin sürətləndirilməsi həm dövlət, həm banklar, həm sahibkarlar, həm də əhali üçün sərfəlidir.


- Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilməsi, həmçinin, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Ölkə üzrə ərzaq və qeyri-ərzaq qiymətlərinin 3 dəfəyədək bahalaşması müqabilində bu artım yaranan çətinlikləri kompensasiya etməyə kifayət edəcəkmi? Ümumiyyətlə qarşıdakı aylarda əmək haqqı artımı gözləniləndirmi?

- 2015-ci ilə qədər olan rəsmi statistikada əhalinin gəlirlərinin artım tempi inflyasiyanın artım tempini üstələyirdi. Amma ötən il əhalinin nominal gəlirlərinin və əmək haqlarının 7 faiz artımı fonunda inflyasiyanın 12 faizi ötməsi o deməkdir ki, ötən il əhalinin real gəlirləri 5 faiz (12-7) azalıb. Real gəlirlərin azalması əhalinin, xüsusən də aztəminatlı təbəqənin güzəranına mənfi təsir göstərir. Çünki ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,8 faiz bahalaşsa da, ərzaq məhsullarının qiymətləri daha çox-14,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7 faiz artıb. Bir sıra geniş xalq istehlakı mallarının qiymətləri isə daha sürətlə artıb. Ona görə də əhalinin xüsusən də aztəminatlı təbəqənin dolanışığı çətinləşib. 

Manatın devalvasiyası yumşaq variantda yenə də davam etdiyindən, qiymət artımı da, xüsusən də xaricdən gətirilən malların qiymətlərinin artımı da davam edir. İşıq, qaz, suyun tariflərinin qaldırılması əhalinin bir hissəsinin kommunal xərclərinin də artması ilə müşayiət olunur və həm də dolayısı ilə qiymətlərin artmasına da spesifik təsirini göstərir. Qiymət artımı son vaxtlar aztəminatlılardan əlavə orta təbəqəyə də təsir göstərməyə başlayıb. Ona görə də əhalinin artan xərclərinin bir hissəsini qarşılamaqdan ötrü «Minimum aylıq əmək haqqının artırılması haqqında» 2017-cı il 21 yanvar tarixli xüsusi Prezident sərəncamı verildi. Həmin sərəncam əsasında minimum əmək haqqı 11 manat və ya 10,5 faiz artırılıb,105 manatdan 116 manata çatdırdı. Bu artım nəticəsində minimum əmək haqqının 2016-cı il üçün Azərbaycandakı orta əmək haqqına nisbəti 21 faizdən 23 faizə yaxınlaşdı. Həmin artım büdcə təşkilatlarında çalışanların da bir hissəsinin maaşlarına təsir edəcək. Minimum aylıq əmək haqqının təqribən 10,5 faiz artımı, bir tərəfdən indiyəcən 105 manatdan aşağı aylıq gəliri olan 70 min nəfərdən artıq adamın bundan sonra, bəzi detallar dəqiqləşdirildikdən sonra,116 manatdan aşağı maaş almayacağına təsir edəcək.

Ümumiyyətlə götürdükdə isə bu artım təqribən 146 min nəfərə şamil olunacaq və beləliklə də, artımın şamil olunduğu şəxslərin illik gəlirləri 40 milyon manatdan çox olacaq. Təbii ki, manatın devalvasiyasının davam etdiyi hazırkı şəraitdə minimum əmək haqqının 11 manat artırılması əhalinin artan xərclərini qarşılamaq üçün yetərli deyil. Amma ümumiyyətlə götürdükdə, böhran şəraitində əmək haqqı və pensiya və müavinətlərin artırılması istiqamətində atılan hər bir addım, öz-özlüyündə müsbət haldır. Amma gərək həmin proses yenə də davam etsin. Çünki minimum əmək haqqı artırılaraq 116 manata çatdıqdan sonra ehtiyac meyarına uyğunlaşdırılsa da, 2017-ci il üçün təsdiq edilmiş 155 manatlıq yaşayış minimumundan 36 manat və ya 25 faiz aşağıdır. İkincisi, 2004-cü ildə «Dəyişdirilmiş Avropa Sosial Xartiyası»na qoşulan Azərbaycan, bu Xartiyanın 4-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işçilərə və onların ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək səviyyədə əmək haqqı ödənilməsi hüququnu tanıyıb. Xartiyanın ratifikasiya etmiş dövlətlər minimum əmək haqqının ölkə üzrə orta əmək haqqının 60 faizindən az olmaması prinsipini təmin etməlidir. Xartiyadan irəli gələn bu öhdəlik hökumətin proqram sənədlərində də öz əksini tapıb. Həmin öhdəliyi birdən-birə yerinə yetirmək və hazırkı şəraitdə minimum əmək haqqını orta əmək haqqının 60 faizinə, yəni yuvarlaq götürsək, 300 manata çatdırmaq mümkün olmasa da, minimum əmək haqqının mərhələli şəkildə artırıb yaxın dövrdə orta aylıq əmək haqqının heç olmasa üçdə biri səviyyəsinə, yəni 2020-ci ilin yaşayış minimumu proqnozunda nəzərdə tutulan 175 manata çatdırılması məsələsi, sosial proseslərin beynəlxalq səviyyədə qəbul olunmuş öhdəlikləri də nəzərə almaqla hüquqi tənzimlənməsinin mühüm tərkib hissəsi kimi həyat keçirilməlidir.

Minimum əmək haqqının səviyyəsi yaşayış minimumunun dəyərindən asılıdır. «2017-ci il üzrə yaşayış minimumu haqqında» qanuna əsasən, 2017-ci ildə Azərbaycanda yaşayış minimumu 2016-cı ildəki 136 manatdan 155 manata qaldırılıb. Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün - 164,5 manat, təqaüdçülər üçün - 130,2 manat, uşaqlar üçün - 136,6 manat müəyyənləşdirilib. Büdcə zərfində 2017-ci il və növbəti 3 il üçün yaşayış minimumunun artırılması nəzərdə tutulur. Belə ki, 2018-ci ildə 162,6 manata, 2019-cu ildə 169 manata, 2020-ci ildə isə 174,9 manata çatdırılması proqnozlaşdırılır. Buna əsasən əhalinin sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində tədbirlərin mühüm tərkin hissəsi kimi minimum əmək haqqının artması da davam etdiriləcək. Sualın ikinci hissəsinə gəldikdə, 2017-ci ilin büdcəsində əmək haqlarının yalnız 10,5 faiz artırılması yetərli qədər vəsait nəzərdə tutulmuşdu. Əgər neftin qiyməti 2017-ci ilin büdcəsinin əsaslandığı 40 dollardan yuxarı olsa, eləcə də digər mənbələr hesabına yetərincə əlavə vəsait daxil olsa, onda maaşların yenə da qaldırılmasına baxıla bilər.


- Məsələ burasındadı ki, yaranan çətinliklərdə rəsmilər məsuliyyəti digərlərinin üzərinə yükləməklə vəziyyətdən çıxdıqlarını sanırlar. Ölkənin maliyyə bazarına cavabdeh olan Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası kimi... Baş bank deyir «biz valyuta siyasəti həyata keçiririk», Palata da öz növbəsində bankların daxili siyasətinə qarışmamaq şərtilə nəzarət mexanizmi tətbiq etdiyini açıqlayır. Sizin fikrinizcə, ölkənin maliyyə vəziyyəti, bank sektorundakı çöküşü daha çox hansı qurumla bağlıdır?

- Çoxuna məlumdur ki, neçə illərdir biz Milli Məclisdə və mətbuatda davamlı olaraq bank sistemində yaranmış vəziyyətin, iqtisadiyyatımızın inkişafına vurduğu ziyan və həyata keçirilən islahatlar yolunda ciddi maneəyə çevrilməsi, əksər bankların tətbiq etdikləri faizlərin soyğunçu xarakter daşıması və istehsalın inkişafı üçün yararsız olduğu, bankların istehsal sektorunun inkişaf etdirilməsinə səy göstərməmələri, əhalini müxtəlif üsullarla aldatmaları və sair barədə çoxsaylı çıxışlar edirik. Mərkəzi Bankın ölkənin qeyri-neft sektorunun inkişafına dəstək vermək əvəzinə , uzun illər apardığı məzənnə siyasəti nəticəsində idxalı stimullaşdırmaq siyasətini daim tənqid etmişik. Daimi olaraq zamanında yumşaq devalvasiyaya başlayıb şok və dağıdıcı devalvasiya fəsadlarını aradan qaldırmaq təklifləri ilə çıxış etmişik. 

Amma bu məsələyə sizin sualınız kontekstində yanaşanda deməliyik ki, doğrudur, böyük "neft pullarının" ölkəyə gəldiyi vaxtdan bank sektorunda baş verən proseslərin obyektiv təhlili, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına maliyyə sektorundakı vəzifələri və sair prizmasından yanaşıb hər iki qurumun fəaliyyətində qüsur tapmaq olar. Amma duruma obyektiv yanaşsaq, Mərkəzi Bankın sədrinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərinin bir başqa adamlar olsaydı belə, Azərbaycanın maliyyə-bank sistemində durum bir qədər aşağı, bir qədər yuxarı olmaqla yenə də təqribən indiki vəziyyətdə olacaqdı. Çünki maliyyə -bank sistemimiz daha çox xarici konyukturadan birbaşa asılı olan neft gəlirləri amili üzərində qurulub. Neft gəlirləri kəskin surətdə azaldı, ölkədən kapital axını artdı, tədiyyə balansımızın 10 milyard dollardan artıq müsbət saldosu əridi və maliyyə sistemi ağır duruma düşdü, bankların da bir hissəsi çökdü. İndi maliyyə-bank sisteminin sağlamlaşdırılması istiqamətindəki sistemli islahatlar aparmaqla bank sektorunun idarə edilməsindəki nöqsanların aradan qaldırılması, idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması, «dollarlaşma», problemli kreditlər məsələsinin həlli və s. istiqamətlərdə zəruri işlər görülməlidir.


- Azərbaycanda iqtisadi vəziyyətin manatın həqiqi bazar dəyərini alacağı zaman stabilləşəcəyi bildirilir. Sizcə manatın həqiqi dəyəri hansı həddə qədər ucuzlaşmaqdır? Ümumiyyətlə, iqtisadi təlatüm nə zaman stabilləşəcək?

- Ötən il aparılan bir sıra tədqiqatların nəticələri göstərirdi ki, hazırkı durumda manatın real bazar dəyəri 4 faizlik marjanı da nəzərə almaqla 2 manat ətrafındadır. Amma hazırkı şəraitdə, xüsusən marjanın götürüldüyü və üzən məzənnə rejiminə doğru növbəti addımın atıldığı şəraitdə sözügedən hədd artıq nisbi anlayış xarakteri daşıyır. Mərkəzi Banka Dövlət Neft Fondundan ayrılan 4 milyard dollardan çox vəsait və Neft Fondunun özünün də Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında iştirakı manata təzyiqləri nisbətən azalda bilər. Amma iqtisadiyyatımızda böhran davam etdikcə manat da ucuzlaşmaqda davam edəcək. Burda müzakirə mövzusu yalnız manatın məzənnəsinin dəyişməsinin templəri ilə bağlı ola bilər. Bununla belə vəziyyət ümidsiz də deyil... 

Doğrudur, iqtisadiyyatın əksər sahələrində texnoloji gerilik, əmək məhsuldarlığı və səmərəliliyin, eləcə də istehsal etdiyimiz məhsulların xeyli hissəsinin rəqabət qabiliyyətinin, dövlət idarəetmə sisteminin keyfiyyət və səmərəlilik dərəcəsinin aşağı olması, inhisarçı və korrupsiyalaşmış münasibətlərin sivil bazar münasibətləri üzərində dominantlığı, neft amilinə əsaslanan köhnə modelin səmərəli fəaliyyət göstərə bilməməsi, yeni modelin isə hələ formalaşmaması və institusional, struktur və s. xarakterli problemlərin illər boyu bir-birinin üstünə yığılıb qalması böhrandan az itki ilə çıxıb sürətli inkişaf trayektoriyasına keçməyimizə imkan vermir. Həmin meyllərin güclənməsi nəticəsində resessiya bir tərəfdən, bütövlükdə iqtisadiyyat, həm banklar, həm də əhali üçün çox ağrılı keçir. Bununla belə ölkə iqtisadiyyatında yaranmış böhran həm də yeni inkişaf modelinə keçid üçün bir şansdır. Azərbaycanın buna yetərincə potensialı var. Azərbaycan iqtisadiyyatına qlobal təsirləri minimuma endirmək, vəziyyətdən az itki ilə çıxmaq və həmin problemlərin həllinə nail olmaqdan ötrü fundamental islahatlar, xüsusən də həm qeyri-neft sektorunda, həm də idarəetmənin təşkilatı quruluşunu kadr islahatları ilə müşayiət olunmuş şəkildə köklü struktur islahatlarına getməklə, inhisarçılıq və korrupsiyaya, dövlət maliyyəsinin xərclənməsindəki israfçılıqlara qarşı real səmərə verən radikal tədbirlər görməklə, artıma təsir imkanları tükənməkdə olan neft amilinin aparıcı roluna əsaslanan modeldən regionların davamlı tərəqqisinə təminat yaradan milli iqtisadi inkişaf modelinə - Azərbaycanın «üç amil» prinsipinə əsaslanan optimal inkişaf modelinə keçidin sürətləndirilməsi obyektiv tələbata çevrilib. Azərbaycanın «üç amil» prinsipinə əsaslanan optimal inkişaf modelinə keçməsi dedikdə, insan kapitalından, zəngin resurs potensialından və əlverişli geosiyasi üstünlüklərdən yararlanmaqla inteqrasiya imkanlarından istifadənin səmərəliliyinin artırılması, innovasiyalı texniki-iqtisadi inkişaf modelinə keçid və bu əsasda Azərbaycanın rəqabətqabiliyyətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin sürətləndirilməsi nəzərdə tutulur. İslahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır ki, itkilərimizi minimuma endirməklə, böhranın uzanmasına yol vermədən yenidən sürətli inkişaf trayektoriyasına çıxa bilək. Azərbaycanın buna potensial imkanı yetərincədir. Bundan ötrü, hər şeydən əvvəl, hazırkı dövrün problem, təhlükə və çağırışlarına adekvat cavab verə bilən, islahatçı, optimal ölçülü, makroiqtisadiyyatı günün tələbləri səviyyəsində bilən və Azərbaycan reallıqlarını da nəzərə almaqla tətbiq etməyi bacaran, çevik hökumət modelinə keçidi sürətləndirmək lazımdır. «Strateji yol xəritəsi»ndə nəzərdə tutulan tədbirlər, o cümlədən sadaladığımız işlər kompleks və sistemli şəkildə həyata keçirilə bilsə, getdikcə dağıdıcı xarakter alan böhran uzanmaz, itkilərimiz artmaz. Bu halda 2017-ci il son böhran ili olar və yeni inkişaf trayektoriyasına çıxa bilərik. Yəni hər şey islahatların sürəti və effektivlik dərəcəsindən asılı olacaq.

 





02.02.2017    çap et  çap et