- Araz müəllim, necəsiniz? Deputatlıq fəaliyyətindən sonra işləriniz çoxaldığınızdan özünüzü gərgin hiss etmirsiniz?
- Əsla. İş nə qədər çox olsa, o qədər yaxşıdır. Hər şey normaldır.
- Şübhəsiz ki, maddi durumunuz da düzəlib.
- Maddi durumum işsiz vaxtlarıma nisbətən yaxşılaşıb. Şikayətim yoxdur.
- Partiyanızın isə maliyyə vəziyyəti isə yaxşı deyil, eləmi?
- Yox, yaxşıdır.
- Hiss edirsinizmi, deputat olmazdan qabaq partiyanızın maddi vəziyyətindən şikayət edirdiniz.
- Bəli, indi etmirəm. Çünki artıq dövlətdən parlamentdə təmsil olunan partiyalara vəsait ayrılır.
- Onu bilirəm. Amma bu vəsait inanırsınız ki, partiyanızın maliyyə mənzərəsini yaxşılaşdırıb? Bilirsiniz, niyə bu sualı verdim. Çünki elə parlamentdə təmsil olunan bəzi partiya sədrləri dövlət tərəfindən ayrılan maliyyənin azlığından şikayətlənir.
- Ola bilər, mən isə şikayətlənmirəm. Şikayətlənən insanlar bir şeyi başa düşməlidir ki, indi iqtisadi böhrandır. İqtisadi böhran vəziyyətində ola bilməz ki, deputat yaxşı yaşasın, xalq pis. Deputat özü də xalqın içindən çıxıb axı! Necə ola bilər ki, insanlar ailələrini dolandıra bilməsin, amma partiya yaxşı yaşasın. Deputat həmkarım Siyavuş Novruzov qeyd etdi ki, bəzi partiya sədrləri heç bir yerdə işləmir, amma onların bahalı maşınları, cangüdənləri var. Uşaqları da xaricdə tüğyan edir. Bütün bunlar nə ilə olur?
- Konkret ad çəkin.
- Sağ müxalifət partiyaların liderlərinin əksəriyyəti. Çoxu bu siyahıya aiddir.
- Sizin övladınız xaricdə təhsil almayıb?
- Xeyr, mənim övladım Azərbaycanda təhsil alıb.
- Milli Məclisin iclasında da Mərkəzi Bankın pul siyasətini tənqid etdiniz. Tək siz deyilsiniz, çox adam, yaranmış vəziyyətə Mərkəzi Bankın sədrini Elman Rüstəmovu tənqid edir...
- Bir dəqiqə. Deyirsiniz tənqid etməyək?! Mənim Elman Rüstəmovla nə tanışlığm var, nə də düşmənçiliyim. Devalvasiya olanda, dollar 1 manat 5 qəpikdən, 1 manat 55 qəpiyə qalxanda, bütün banklarla razılaşdırıldı ki, krediti olanlar borcunu əvvəlki məzənnə ilə ödəsinlər. Amma Elman Rüstəmov iki ayağını bir başmağa dirədi ki, bu, banks sistemini dağıdacaq. Elman Rüstəmovu başa sala bilmədik ki, bu, əksinə, bank sisteminin inkişafına kömık edəcək. Başa sala bilmədik ki, 78 qəpikdən satılan pulun əvəzini 1 manat 80 qəpikdən ödəməyi tələb edəndə bank sistemi çökəcək. Mən də Milli Məclisin iclasında dedim ki, «Moody’s» Azərbaycanın kredit reytinqini aşağı salıb. Görün nə ediblər?! Heç sovet dönəmində Azərbaycanda quldur reketlər yox idi. Bizdə quldur reketləri yalnız Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə olub. Ayrı zamanlar isə olmayıb. İndi də həmin kollektor təşkilatlarını yaradırlar. Bunlar da quldur reketlərdir.
- AXC hökumətini niyə bu şəkildə ittiham edirsiniz? Əlinizdə fakt varmı?
- Quldur reketlər var idi. Hər bəyin quldur dəstəsi var idi. Gəlirdilər, toylardan pulları götürüb gedirdilər. Gəlib mağazalardan mal götürürdülər. Ad da olurdu ki, hamısı Qarabağa gedir.
- Özünüz şahidi olmusunuz?
- Bəli, hər bir sözümün də arxasında dururam. Gəlirdilər, restorana girirdilər, yeyib-içirdilər, pul verməyib gedirdilər. Hələ avtomatla tavana güllə də atırdılar.
- Elman Rüstəmov zaman-zaman Milli Məclisə gəlir. İndi dediyiniz fikirləri onun özünə də deyə bilərsiniz?
- Mənim daha sərt formada kiminləsə danışmaq fikrim yoxdur. Dediyim budur ki, Azərbaycanda bank sistemi dağılıb. Və kredit borclarını möhtəkircəsinə geri almaq boş və mənasızdır. Sənin əgər 10 manatın varsa, səndən 15 manat almaq ədalətsizlikdir. Bu, həm də insafsızlıqdır. Kredit nədir? Bank satır, sən də o krediti alırsan. Təsəvvür edin ki, Elman Rüstəmov 5 manata bir kilo ət alıb. İndi isə ətin qiyməti 14 manatdır. Qəssab gəlir Elman Rüstəmovun qapısını döyür və «qardaş əlavə 9 manat da verəcəksən» deyir. Elman Rüstəmov da sual edir: «Niyə?». Qəssab da deyir ki, mənə nə.
İndi, hörmətli Elman Rüstəmov, sən dolları 78 qəpikdən satmısan. Bəs niyə o qiymətlə də geri almırsan?! Ya da 1 manat 5 qəpikdən satmısansa, o qiymətə də geri al da. Qazaxıstanda, Çində bunu etdilər. Ölkə iqtisadiyyatı dağıldımı? Xeyr.
Sizə ayrı misal çəkim. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina neçə ildir ki, dünyada bir nömrəli bankir hesab olunur. Rusiya iqtisadiyyatı da neftə köklənib, Azərbaycanın da. Amma neftin qiymətləri artandan sonra Rusiyada rublun qiyməti bahalaşır.
Bizdə büdcədə neftin qiyməti 40 dollardan götürülüb. İndi isə «Azeri Light» neftinin qiyməti təxminən 55-56 dollardır. Əgər büdcədə 40 dollardan götürülübsə, biz hər bareldən təxminən 10 dollardan artıq pul götürürük. Bəs necə olur ki, manatın məzənnəsi aşağı düşür? Bunu mənə iqtisadi cəhətdən başa sala bilərmi?! Mən iqtisadçılardan bu barədə soruşuram. Cavab isə maraqlıdır: «Bilmirik».
Mən başa düşürəm ki, Çin, Yaponiya, indi də Donald Tramp istəyir ki, süni surətdə ölkələrinin valyutalarının qiymətini qaldırsın. Onlar istəyir ki, ixracatdan gələn gəlirlər artsın. Amma Azərbaycanın neftdən başqa ixracatı demək olar ki, yoxdur axı.
- Trampdan söz düşmüşkən. Onun yürütdüyü siyasət Yaxın Şərqin siyasi tablosunu dəyişə biləcəkmi?
- Trampı Yaxın Şərq maraqlandırmır. Onu, yalnız ABŞ maraqlandırır. Bu da düzgün siyasətdir. Yaxın Şərqi bədbəxt vəziyyətə indiki ABŞ administrasiyası salmayıb. Buna görə də, oranın mənzərəsi çətin dəyişə. Məsələn, Liviyanın normal bir dövlət olması üçün yenə də Qəddafi kimi güclü şəxsiyyət ortaya çıxmalıdır. Yəqin ki, Yaxın Şərqin düzəlməsi üçün 50 il vaxt lazım olacaq.
- Yəni, demək istəyirsiniz ki, Trampın 7 müsəlman ölkəsinə qarşı imzaladığı fərman düzgündür?
- Bu, müsəlman ölkələrinə qarşı deyil. Bu, terrorçulara qarşıdır. Tramp demir ki, onları ölkəyə buraxmıram, deyir ki, sadəcə yoxlayıb buraxacağam. Azərbaycan vətəndaşlarını da yoxlayıb buraxırdılar. Məgər, bu, bizim hüquqlarımızı tapdalayırdı?! Suriyalıları, iranlıları yoxlayıb buraxmaq qəbahətdir ki?!
- Deputat həmkarınız Yaqub Mahmudov belə təklif irəli sürdü ki, Azərbaycan İrəvan üzərində varislik hüququnu bərpa etməlidir. İndiki geosiyasi şəraitdə bu necə mümkün ola bilər?
- Yaqub müəllim, gözəl alim, gözəl tarixçidir. Batumi sazişini də o ortaya çıxarıb. Biz deyirik ki, öz sərhədlərimiz çərçivəsində BMT-yə daxil olmuşuq və Qarabağ bizimdir. Tamamilə haqlıyıq. Amma Ermənistan da öz sərhədləri çərçivəsində BMT-yə üzv olub. Heç kim icazə verməz ki, biz İrəvanı geri alaq. Burada ayrı bir məsələ var. Biz bunu mütləq dərsliklərə salmalıyıq. Uşaqlarımız, gənclərimiz bilsinlər ki, erməni qara yarasını Azərbaycanın bədəninə Osmanlı imperatorluğu salıb. Türkiyə isə Osmanlı imperiyasının cinayətlərinə görə, cavab vermək fikrində deyil.
Biz desək ki, Osmanlının sayəsində Azərbaycan ərazisində Ermənistan dövləti yaranıb, çıxıb deyəcəklər ki, bunu ingilislər təkid edirdilər. 1915-ci ildən sonra Osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki, Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı imperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər.
İndi cənab prezident İlham Əliyev bəyan edir ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək.
- Dediyinizdən belə anladım ki, Osmanlılar erməniləri himayə edirdilər. Ancaq Azərbaycanı erməni qırğınından qoruyan da Qafqaz İslam Ordusu idi.
- Elə deyil. Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.
- İstinad etdiyiniz mənbə hansıdır?
- Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi.