- Elə deyil. Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.
- İstinad etdiyiniz mənbə hansıdır?
- Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi».
Bayaqdan mənə media quruluşlarından, ayrı-ayrı vətəndaşlardan zənglər olur ki, həqiqətənmi sizin belə bir məqaləniz var? Əlbəttə yoxdur və ola da bilməz. Çünki illərdir Nuri Paşanın haqqının tanınması üçün hərtərəfli mübarizə aparan insanlardan biri kimi, belə bir məqalə yazmam mümkündürmü? Çünki harada yazılmağından asılı olmayaraq bu bir böhtandır və əgər məndən soruşsalar ki, XX əsrdə Azərbaycanın gerçək qəhrəmanlarından bir neçəsinin adını çək, heç şübhəsiz birincilər sırasında Nuri Paşanın adını çəkərdim. Təmənnasız, həyatını ortaya qoyaraq Azərbaycan xalqını rus-erməni qətliamından xilas edən qəhrəman haqqında ancaq qürurla danışmaq mümkündür.
Maraqlıdır ki, bir neçə dəqiqə öncə Araz Əlizadə zəng edərək mənim adımı yanlış olaraq müsahibədə çəkdiyinə görə üzr istədi».