Vaxt.Az

«Azərbaycan ləyaqətli dövlətdir»


 

Ekspertlərin fikrincə, bütün xarici təsir və təhdidlərə baxmayaraq, ölkəmiz öz inkişaf yolu ilə uğurla addımlayır

«Azərbaycan ləyaqətli dövlətdir» Bir neçə gün bundan öncə Heydər Əliyev Mərkəzində «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş nitq söyləyən Prezident İlham Əliyev regional inkişaf proqramlarının əhəmiyyətindən, eləcə də Azərbaycanda uğurla həyata keçirilən siyasi kursdan danışıb. Qeyd edib ki, bu siyasətin məqsədi ölkəni gücləndirməkdən, müstəqilliyi möhkəmləndirməkdən, dayanıqlı inkişafa nail olmaqdan, ən başlıcası isə Azərbaycan xalqının, vətəndaşlarımızın daha da yaxşı yaşamasını təmin etməkdən ibarətdir. Məhz buna görə də sosial məsələlərin həlli bütün dövlət proqramlarında nəzərdə tutulub, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması, həm də sosial infrastrukturun yaradılması əsas vəzifə kimi qarşıya qoyulub.

Azərbaycan prezidenti bildirib ki, ötən müddət ərzində təbii sərvətlərdən maksimum dərəcədə səmərəli istifadə edilib, ölkəmiz güclənib, möhkəm dövlət qurulub. Azərbaycanın 25 ildir müstəqil ölkə kimi yaşadığını diqqətə çatdıran prezident İ.Əliyev kənd, qəsəbə, rayon və şəhərlərin yenidən qurulduğunu, vətəndaşlar üçün gözəl həyat yaradıldığını vurğulayıb. Qeyd edib ki, gələcəkdə daha da böyük işlər görüləcək. Dövlət başçısı bir daha bəyan edib ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun sözlərinə görə, əgər xalq dəstək verməsəydi, bu günə qədər görülən işləriin reallaşması qeyri-mümkün olardı.

Prezident İ.Əliyev bütün uğurların mərkəzində Azərbaycan vətəndaşının dayandığını yenidən qeyd edərək, bildirib ki, xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək iqtidarı həm gücləndirir, həm də ruhlandırır. Ölkə rəhbəri indiyə qədər görülən işlərin o qədər də asan olmayan şəraitdə icra edildiyinə də diqqət çəkib. Deyib ki, Azərbaycana qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Dövlət başçısı bunların haradan qaynaqlanmasından, belə hərəkətlərin arxasında kimlərin dayanmasından, məqsədlərinin nədən ibarət olmasından hamının xəbərdar olduğunu dilə gətirib və bəyan edib ki, bunların heç biri Azərbaycanı öz inkişaf yolundan döndərə bilməz: «Ona görə də biz öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik».

Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli mövzu ilə bağlı fikirlərini «Kaspi» ilə bölüşərkən deyib ki, dünyada, xüsusən də ABŞ-da Donald Tramp prezident seçiləndən sonra qlobalistlərlə kapitalistlər arasında mübarizə daha ciddi xarakter alıb. Onun sözlərinə görə, qlobalistlər dünya dövlətlərini öz nəzarətləri altında saxlamaqda, «kukla» kimi həmin ölkələri idarə etməkdə, kapitalistlər isə münasibətlər qurarkən öz mənffətlərini güdərək addım atmaqda maraqlıdırlar. Deputat deyib ki, belə olan halda, hər iki tendensiya islamafobiya yaradır, məqsəd İslam aləmini, türk dünyasını sarsıtmaqdır: «Həm qlobalistlərin, həm də kapitalistlərin addımlarında bu tendensiya müşahidə olunmaqdadır. Dünyanı idarə edən, yaxud idarə etməkdə maraqlı olan dövlətlər digər ölkələri rahat buraxmır, onların daxili işlərinə müdaxilə edir, müxtəlif təzyiq və təsir siyasətinə əl atırlar. Azərbaycanla da bağlı belə bir ssenari var. Maraqlı dairələr hər zaman ölkəmizdə siyasi, regional məsələləri qabartmağa çalışırlar. Xüsusən də Azərbaycanın vaxtilə sovetlər ittifaqı tərkibində olması, Rusiya ilə həmsərhəd olması amilini nəzərə alıb siyasət yürüdürlər. Dağlıq Qarabağ məsələsinə münasibətdə də biz bu yanaşmanı, böyük dövlətlərin laqeydliyini müşahidə etməkdəyik. Minsk qrupunun həmsədr dövlətləri erməni diaspor təşkilatlarının güclü olduğu ölkələrdir. Azərbaycan öz təbii sərvətlərindən, neft-qaz potensialından ölkənin inkişaf etdirilməsi ilə bərabər, əsas problem sayılan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də istifadə edir. Böyük dövlətlərdə Azərbaycanın bu addımına qarşı erməni diasporu qoyulur, paralellik aparılır».

T.Kərimli deyib ki, Azərbaycan öz sərvətlərindən ağıllı şəkildə istifadə edir, ölkəni inkişaf etdirir, beynəlxalq aləmə müstəqil siyasət yürüdən ölkə kimi inteqrasiya olunur, qarşılıqlı maraqlara söykənən münasibətlər qurur. Partiya sədrinin sözlərinə görə, Azərbaycan heç bir dövlətin «vassalı» olmaq, hansısa dövlətdən asılı qalmaq istəmir: «Təbii ki, bu siyasət dünyaya, dövlətlərə ağalıq etmək, onları idarə etmək niyyətində olan güclərin maraqlarına uyğun gəlmir. Belə olan halda, Prezident İlham Əliyevin Heydər Əliyev Mərkəzində keçirilən konfransda vurğuladığı kimi, Azərbaycana qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır, ölkəmizə qarşı əsassız iddialar, ittihamlar irəli sürülür. Dövlət başçısının ən yüksək tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdırması, hətta indiki Ermənistanın da qədim Azərbaycan torpaqları olduğunu bildirməsi də müəyyən dairələr tərəfindən narahatlıqla qarşılanır. Böyük güclər bəlkə də bu reallığı bilirdilər. Ancaq heç kəs bu həqiqətləri açıq müstəvidə eşitmək istəmirdi. Azərbaycan prezidentinin qətiyyətli çıxışları tarixi həqiqətlərin hər kəs tərəfindən eşidilməsinə səbəb oldu. Böyük güclərin Ermənistanın timsalında Qafqazda xristian anklavı yaratmaq, müxtəlif vasitələrlə onu böyütmək, gücləndirmək, bununla da bütövlükdə regionu nəzarətdə saxlamaq istəyi Azərbaycan tərəfdən sərt təpki ilə qarşılanır. Ona görə də Ermənistanı «bacı» hesab edənlər, onun himayədarına çevrilənlər, yaxud bu dövləti özlərinin forpostu sayanlar Azərbaycana qarşı kampaniyalara, qərəzli siyasətə start verir, hadisələrə münasibətdə ikili standartlardan çıxış edirlər. Əgər bu gözdənsalma kampaniyası beynəlxalq aləmdə erməni lobbisi, diasporu və onların təsir altında olan təşkilatlar vasitəsilə həyata keçirilirsə, ölkə daxilində «5-cı kolon» funksiyasını yerinə yetirənlər bu işi görür, hətta İraq, Suriya, Liviyada baş verənləri Azərbaycanda da təkrarlamaq istəyirlər. Amma bütün bu təhdidlərə baxmayaraq, Azərbaycan öz yolu ilə uğurla addımlayır, təsirlərin qarşısında duruş gətirir, müstəqil siyasət yürüdür. Hesab edirəm ki, Azərbaycana olan hücumların mərkəzində məhz bu amillər dayanır».

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə mövzuya dair qəzetimizə açıqlamasında diqqəti XX əsrin sonuncu onilliyində SSRİ-nin dağılmasına və nəticədə dünyanın ABŞ-ın inhisarına keçməsinə çəkib. Qeyd edib ki, bu andan etibarən həm Amerika, həm də onun «vassalları» sayılan Avropa İttifaqı ölkələri özlərini dünyanın «ağası» hesab ediblər: «Bu ölkələr elə hesab edirdilər ki, bütün dünyaya «ağalıq» edəcəklər. Onlar necə istəsələr, digər dövlətlər də məhz o cür yaşamalı, davranmalı, hərəkət etməlidirlər. Lakin keçmiş ittifaq üzvü olan Azərbaycan öz yolu ilə gedir, müstəqil siyasət yürüdür. Azərbaycan xarici siyasətində özünə «böyük qardaş» axtarmır, dünya dövlətləri ilə qarşılıqlı maraqlara xidmət edən, bərabərhüquqlu, dost münasibətlər qurur. Bu da özünü dünyanın «göbəyi» hesab edən dövlətləri qane etmir. Onlar düşünürlər ki, ərazisinin 20 faizi işğal olunmuş balaca bir dövlətin müstəqil addım atmaq ixtiyarı yoxdur, yalnız diktə edilən şərtlər çərçivəsində oturub-durmalıdır. Görəndə ki Azərbaycan bütün təhdid və təsirlərə əhəmiyyət vermir, duruş gətirir, müstəqil siyasət yürütməkdə davam edir, dərhal qarayaxma kampaniyalarına başlayır, ölkənin beynəlxalq nüfuzunu aşağı salmağa çalışırlar. Bunun üçün həmin dövlətlər hətta ölkəmizin daxilində «5-ci kolon» -  casuslar da axtarıb tapır, onlar vasitəsilə müəyyən işlər görürlər».

A.Əlizadə deyib ki, bu casuslar Azərbaycan müstəqillik qazandıqdan sonra hərbi çevriliş yolu ilə hakimiyyəti zəbt edənlər, amma siyasi səbatsızlıqları və səriştəsizlikləri ucbatından qısa müddətdə dövlət rəhbərliyindən kənarlaşdırılan insanlardır. Partiya sədrinin fikrincə, bu «demokratlar» hakimiyyətdə olduqları bir il ərzində Azərbaycanı demokratiya yolundan döndərdilər, hərc-mərclik yaratdılar, ölkəni vətəndaş müharibəsinə sürükləməklə müstəqilliyin təkrar itirilməsi ilə üz-üzə qoydular: «Bu adamlar hər tində-bucaqda, - «sağ olsun bizim ağamız Amerika, Türkiyə» - şüarları səsləndirsələr də, sonradan «ağaları»nın Rusiya olduğu üzə çıxdı. O dövrdə Azərbaycanın Rusiyadakı səfiri olan Hikmət Hacızadə bəyan edirdi ki, «Biz Rusiyadakı demokrat qardaşlarımızla əl-ələ verib işləyirik». Halbuki, dövlət çevrilişi ilə hakimiyyəti zəbt edəndə Rusiyanı söyür, Qərbpərəst, demokrat olduqlarını söyləyirdilər. İndi belə insanlar «5-ci kolon» funksiyasını yerinə yetirməklə, rəhmətlik Cəlil Məmmədquluzadənin qeyd etdiyi "bəlkə də qaytardılar» xülyası ilə yaşayırlar. Beynəlxalq güclər, dünyaya ağalıq etmək istəyən dövlətlər belələrindən «2 nömrəli məhsul» kimi istifadə edirlər».

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə hesab edir ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar Ermənistan diasporu, erməni lobbisi ilə əlaqəsi olan siyasətçilərdir. Onun sözlərinə görə, belə şəxslərin siyasi səhnədə uğur qazanmalarında erməni diasporunun ayırdığı vəsaitlər müəyyən qədər rol oynayıb, yaxud da onlar müəyyən qrant maxinasiyalarında erməni lobbisi ilə birlikdə iştirak ediblər. Partiya funksioneri bildirib ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan digər qrupa Azərbaycanda korporativ maraqları olan, lakin bunu təmin etməyi bacarmayan insanları aid etmək olar: «Belə adamların özləri və yaxınları, həmçinin onları himayə edən şəxslər ölkəmizdə müəyyən biznes qurmaq istəyiblər, amma alınmayıb, hansısa iddiaları həyata keçməyib. Bu arzular reallaşmadığı üçün ölkəmizə qarşı qərəzli kampaniyaya başlayıblar. Ən nəhayət, bu mövzuda üçüncü amil siyasi maraqlardır. Azərbaycanın regiondakı rolu, geosiyasi mövqeyi, həmçinin ölkəmizin yürütdüyü müstəqil siyasət, ayrı-ayrı güclərin siyasi maraqlarında kiçicik oyunçu kimi iştirak etməmək, region dövlətləri ilə normal, sağlam münasibətlər qurmaq istiqamətində atılan uğurlu addımlar da bəlli gücləri narahat edir. Azərbaycanın atdığı addımlar onların maraqlarına uyğun olmadığından himayə etdikləri dairələr vasitəsilə təzyiq, təsir, əsassız tənqid siyasətinə başlayır, müəyyən kampaniyalar həyata keçirirlər. Bu siyasəti dəstəkləyən və iştirakçısına çevrilənlər arasında Barak Obama administrasiyasının, Avropa Parlamentinin, Almaniya Bundestaqının təmsilçiləri də var idi. Həmin şəxslərin Ermənistanla, erməni diasporu ilə əlaqələrinin olması Azərbaycan tərəfdən dəfələrlə sübuta yetirilib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanın uğurlu inkişafı, müstəqil siyasi kursu Ermənistanı və onu himayə edən qüvvələri ciddi narahat edir. Bu narahatlıqdan irəli gələrək, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Lakin Azərbaycan bütün bu maneələri aşaraq, öz yoluna davam edir. Bu isə Azərbaycan prezidentinin yürütdüyü uğurlu siyasətin, Azərbaycan diplomatiyasının gördüyü işin, xalqımızın müqavimətinin nəticəsidir».

 





03.02.2017    çap et  çap et