Xatırladaq ki, bununla bağlı cinayət işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi («Bandotdel») tərəfindən başlanmışdı. Nazir Ramil Usubovun birbaşa nəzarəti altında «Bandotdel» tərəfindən aparılan bu işlə əlaqədar ilk günlərdən xeyli sayda insan – iş adamı, bank əməkdaşı məsuliyyətə cəlb edilmişdi. Borcunu ödəməyə hazır olanlar və qısa müddətdə (bir neçə gün ərzində), ödəmək öhdəliyi götürənlər sonradan sərbəst buraxılmışdı.
Müxtəlif adlarla Beynəlxalq Bankdan milyonlarla, hətta 100 milyonlarla kredit götürüb qaytarmayan, dələduzluqla məşğul olan çoxlu sayda şəxs isə məsuliyyətə cəlb olunub və proses davam edir.
Ancaq təəssüf ki, sözügedən cinayət işi çərçivəsində Beynəlxalq Banka böyük kredit borcu olanlarlarla yanaşı, bəzən bu işə ciddi bağlılığı olmayan, hətta kredit götürməyən bəzi şəxslər də istintaqa cəlb edilib və ölkədən çıxışlarına qadağalar qoyulub.
Belələrindən biri də II qrup əlil Quliyev Ramiz Mirzə oğlu idi. Ramiz Quliyev bu problemlə ilk dəfə 2015-ci ilin oktyabr ayında rastlaşıb. O, 17 may 2015-ci il tarixdə belindən əməliyyat olunub, Ukraynadan Azərbaycana qayıdarkən, H.Əliyev adına Hava Limanında saxlanılıb, DİN BMCMİ-yə aparılmışdı. 23 may 2015-ci il tarixədək orada saxlanılmış, sonradan sərbəst buraxılmışdı. Saxlanılmağımın səbəbi kimi isə ona Beynəlxalq Bank işində adının keçməsi, daha dəqiqi Bankın verdiyi borclular siyahısında onun da adının olması göstərilmişdi.
«Lakin mənim bu bank qarşısında heç vaxt heç bir öhdəliyim olmayıb. Bunun sübutu kimi, 10.07. 2015-ci il tarixdə yazılı müraciətimə Beynəlxalq Bank və Milli Bank tərəfindın verilmiş cavabları Sizə təqdim edirəm. Mənim Azərbaycanda yerləşən heç bir banka nə borcum, nə də onlar qarşısında öhdəliyim yoxdur», - deyə, Ramiz Quliyev bunu təsdiqləyən sənədləri «AzPolitika.info»ya təqdim etmişdi.
Həmin vaxt onun saytımıza müraciət etməsinin səbəbi isə əməliyyat üçün təkrar Ukraynaya getmək istəyərkən, xaricə çıxışına qadağanın qoyulduğunu öyrənməsi olmuşdu. Bununla əlaqədar Ramiz Quliyev saytımız vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət etmişdi. Bu müraciət saytımızda dərc olunduqdan sonra nazir Ramil Usubovun göstərişi ilə məsələ qısa zamanda araşdırılmış, Ramiz Quliyevin ölkədən çıxışına qadağa götürülmüşdü. O da həmin vaxt Ukraynaya gedərək, əməliyyat olunduqdan, müalicəsini aldıqdan sonra Azərbaycana qayıtmışdı.
Lakin səhhətində yaranan problemlərlə bağlı Ramiz Quliyevin yenidən Ukraynaya gedərək, əməliyyat olunması zərurəti yaranıb. Ancaq ötən ilin mart ayında ölkədən getmək istəyərkən, yenə də çıxışına qadağanın olduğunu öyrənib. Bu dəfə isə qadağa Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən qoyulub.
Bununla bağlı yenidən «Azpolitika.info»ya müraciət edən Ramiz Quliyev bildirib ki, bu dəfə ona AMAY prezidenti Abdulla Abdullayevin cinayət işinə görə «STOP» qoyulub. Məsələ ondadır ki, R.Quliyev çox qısa müddət – cəmi 3-4 ay formal olaraq A.Abdullayevə məxsus olan «Xudafərin» MMC-nin direktoru olub. Bu zaman isə heç bir qanunsuz işə qol qoymayıb, belə olmasa illərdir davam edən istintaq zamanı ortaya bunun əksini sübut edən faktlar çıxardı. R.Quliyev deyir ki, biznes aləminə tamamilə yad adamdır, A.Abdullayevin bir qohumunun təklifi ilə bu vəzifəni tutub, qısa müddətdən sonra isə bu işdən uzaqlaşıb. Lakin illərdir bunun əzabını çəkməkdədir. «Məndən əvvəl «Xudafərin»in adına Beynəlxalq Bankdan kredit götürülmüşdü, mənə qəti şəkildə aidiyyatı yox idi. Amma buna görə saxlanıldım, aylarla ölkədən çıxışıma qadağa qoyuldu, II qrup əlil oldum. Bu işdən yaxamı təzəcə qurtarmışdım ki, bu dəfə Korrupsiya İdarəsi ölkədən çıxışıma qadağa qoydu. Deyirlər ki, bu işdə adım şahid kimi keçir. Elədirsə şahidin ölkədən çıxışına niyə qadağa qoyulsun? Bir ildir «STOP» qoyulub, bir dəfə də olsun istintaqa çağırılmamışam. Dəfələrlə müstəntiqə müraciət etmişəm ki, «STOP»-u götür, təcili əməliyyata getməliyəm. Xəstəliyimə dair sənədləri də təqdim etmişəm. Bir nəticəsi yoxdur. Mən hansı günahın yiyəsiyəm ki, 2 ildən artıqdır bu bəladan canımı qurtara bilmirəm?»
R.Quliyev səhhətindəki problemlə bağlı təcili Ukraynaya getməli olduğunu deyərək, saytımız vasitəsilə Baş prokuror Zakir Qaralova müraciət edərək, haqqında çıxarılan «STOP» qərarının götürülməsini xahiş edir. O, ümid edir ki, cənab Qaralov DİN başçısı Ramil Usubov kimi onun müraciətinə həssas yanaşacaq və tezliklə ölkədən çıxışına qadağa aradan götürüləcək.
«Cənab Baş Prokuror!
İstintaqdan yayınmaq, ölkəyə dönməməyim üçün heç bir əsas yoxdur. Belə bir niyyətim olsa, DİN çıxışıma qadağanı götürdükdən sonra bir daha ölkəyə dönməzdim. Həmin vaxt Ukraynaya gedərək, zəruri müalicəmi aldıqdan sonra yenidən Azərbaycana qayıtdım.
Hörmətli Zakir müəllim! Həkimlərin rəyinə görə, yenidən belimdən əməliyyat olunmalıyam. Xahiş edirəm ki, xaricə çıxışımla bağlı qadağanın götürülməsi üçün lazımı göstəriş verəsiniz».