Hansı ki, çoxsaylı dələduzluq əməllərində ittiham edilən Nəzərəliyevin həbsi mətbuatda geniş rezonans doğurmuşdu, çünki o, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu, yaxud bacısı oğlu kimi təqdim olunurdu. Virtualaz.org dəqiqləşdirib ki, Nəzərəliyevin «Azərsu» ASC-nin prezidenti ilə qohumluq əlaqələri var, ancaq onun bacısı oğlu dərəcəsində yaxın qohumu deyil, hansısa formada uzaq qohumudur.
Nəzərəliyevin barəsində istintaqı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi aparıb. O, Cinayət Məcəlləsinin üç maddəsi ilə (178.3.2 və 32.4, 312.2-ci maddələri) ittiham olunur. Bəs Nəzərəliyev hansı əməllərin sahibidir? Onun barəsində aparılmış istintaqın materiallarına əsasən Nəzərəliyevin karyerasında dələduzluğun ən primitiv metodlarından xeyli mükəmməl formalarına qədər hər cür faktlar tapmaq olar. O, Sukanal İdarəsinin rəisi işləyəndə öz işçisinə atmaqdan tutmuş metro stansiyalarından birinin qarşısında tanış olduğu tənha qadının qızıl üzüyünü əkişdirməyə, yəni pulunu verəcəyi vədi ilə alıb qaytarmamağa qədər çoxsaylı dələduzluq əməlləri törədib.
Nəzərəliyevin əmək bioqrafiyasına əsasən o, 1998-2000-ci illərdə Bakı Kanalizasiya İstehsalat Birliyində mühəndis, 2001-2003-cü illərdə «Azərsu» ASC-nin Binəqədi Su-Kanal İdarəsində mühəndis, 2003-2005-ci illərdə Nərimanov rayon Qaz İdarəsində mühəndis, 2005-2009-cu illərdə Suraxanı rayon Qaz İdarəsində qrup rəhbəri, 2010-cu illdə Bakı şəhəri Nəsimi rayon Qaz İdarəsinin rəisi, 2011-ci ildə «Azərsu» ASC-nin Binəqədi Su-Kanal İdarəsinin rəis müavini, 2011-2013-cü illərdə Nərimanov rayon Sukanal İdarəsinin İdarənin rəisi vəzifələrində işləyib. Sonuncu vəzifəsindən 2013-cü ilin noyabr ayının 5-də azad olunub.
Nəzərəliyev «Azərsu»nun anbarını necə «özəlləşdirdi»
Nəzərəliyevin Bakının ən iri rayonlarından birində su-kanalizasiya təsərrüfatına başcılıq etməklə yanaşı «boş vaxtlarında» hansı əməlləri törətdiyi barədə zərərçəkmişlər danışıb. Onlardan biri-iş adamı Hacıyev Nofəl Əhməd oğlu deyir ki, Nəzərəliyevlə tanışlığı Nərimanov rayonunun ərazisində olan obyektlərinin su təchizatı ilə bağlı məsələləri həll edərkən başlayıb. Bu tanışlıq işgüzar münasibətlərə çevrilib. 2013-cü ilin fevralında Anar Nəzərəliyev onun ofisinə gələrək bildirir ki, «Azərsu» ASC-nin İbrahimpaşa Dadaşov küçəsində yerləşən iki su anbarı ləğv olunur. Anbarlar Dövlət Əmlak Komitəsi tərəfindən hərraca çıxarılacaq və istəsə həmin obyektlərdən birini onun üçün «təşkil edə bilər».
Biznesmen bu təkliflə razılaşır. Nəzərəliyev su anbarının 4 sotluq ərazisini ona «təşkil etmək» üçün aşağıdakı mexanizmdən istifadə etməliydi: Sukanal İdarəsinin rəisi obyekti öz adına özəlləşdirmək üçün «Azərsu» ASC-nin rəhbərliyinə məktub ünvanlayır. ASC-nin rəhbəri isə Nəzərəliyevin qohumu olduğundan təbii ki, bu məktubu müsbət cavablandıracaq. Torpaq sahəsinə görə 50 min manat dövlətə, 20 min manat da Nəzərəliyevə və bu işi «düzüb-qoşan» qalan adamlara verilməlidir.
Nofəl Hacıyev şəriki ilə məsləhətləşəndən sonra bu təklifə müsbət cavab verir. 2013-cü ilin fevralında ofisində şərikinin iştirakı ilə Nəzərəliyevə 50 min manatı verir. Anar pulu alıb razılaşdıqları kimi 15 gün ərzində «Azərsu» ASC-nin adından Əmlak Komitəsinə torpağın özəlləşdirilməsinə dair məktubunu ona təqdim edəcəyini deyib. Aradan 15 gün keçəndə Hacıyev Nəzərəliyevə zəng vurur, ancaq idarə rəisi telefonlara cavab vermir. Bunu görən biznesmen su-kanal idarəsinə gedir, rəislə görüşür. Nəzərəliyev «uşağının xəstə olduğunu» deyib telefonlara cavab verməməyini əsaslandırır. Təcili işçilərindən bir neçəsini çağırıb onlara tapşırır ki, «Azərsu» ASC-yə müvafiq məktubu hazırlasınlar. Aradan bir neçə gün keçir, N.Hacıyev Nəzərəliyevdən şübhələndiyindən özü «Azərsu» ASC ilə araşdırır ki, ora heç bir məktub-filan getməyib.
Beləliklə, biznesmen idarə rəisinin onu aldatdığını başa düşür, 2013-cü ilin may-iyun aylarından ondan 50 min manatı geri tələb etməyə başlayır. Nəzərəliyev əvvəl müxtəlif bəhanələr gətirir, daha sonra telefonlarını söndürərək ondan gizlənməyə başlayır.
Dərnəgüldə kafe işlədən sahibkar iki mağaza tikir və...
Nəzərəliyevin «atdığı» növbəti obyekt Dərnəgül qəsəbəsi, məhəllə 2113-də kafe işlədən sahibkar Yusibov Elçin Müzəffər oğludur. O deyir ki, 2014-cü ilin iyun ayında kafeyə bitişik və əvvəllər özəlləşdirdiyi 2.6 sot torpaq sahəsində mağaza kimi istifadə etmək üçün iki obyekt tikmişdi. Ancaq tikinti başa çatandan bir ay sonra Nərimanov rayon İcra Hakimiyyətindən gələnlər obyektlərin qanunsuz tikildiyini və söküləcəyini ona deyiblər.
Yusibov dərdini Nərimanov rayon Su-Kanal idarəsinin kafenin yerləşdiyi ərazi üzrə nəzarətçisi Aləmə danışanda sonuncu ona deyir ki, keçmiş rəisi Anar Nəzərəliyev çox nüfuzlu adamdır, Nərimanov rayon İcra Hakimiyyətinin işçilərini tanıyır və bu işdə kömək edə bilər. Tərəflər razılaşırlar. Bir neçə gün sonra Aləm keçmiş rəisi ilə həmin kafeyə gəlir. Yusibovla söhbət zamanı deyir ki, obyektləri sənədləşdirməyi 15 min manata həll edə bilər. Hətta sahibkarı inandırmaq üçün durub dərhal İcra Hakimiyyətinə «gedir», aradan bir müddət keçmiş geri qayıdıb deyir ki, İcra Hakimiyyətində hansısa vəzifəli şəxslə danışıb və obyektləri 15 min manata sənədləşdirməyi razılaşdırıb. Ancaq deyib ki, bu işin bir balaca əlavə xərci var-Yusibov gərək əlavə 5 min manat da ona versin.
«Saatlı bina»nın yanında 5 min, Hövsanda 10 min
Sahibkar razılaşır. Ertəsi gün Heydər Əliyev prospektindəki «saatlı bina»nın yanında 5 min manatı Nəzərəliyevə verir. Pul vermə əməliyyatı keçmiş rəisin maşınında baş tutur. Qalan 10 min manatı isə Hövsanda yaşayan qardaşı Sabit tələm-tələsik borc tapıb, ertəsi gün hansısa iş üçün həmin qəsəbədə olan Nəzərəliyevə çatdırıb. Sahibkar rüşvətini verib işini həll etdiyinə arxayınlaşaraq təzəcə rahat yatmağa başlayırdı ki, bir neçə gün sonra İcra Hakimiyyətinin ekskavatorları onun başının üstünü alır. Mağazalarını sökməyə başlayır.
Sahibkar hövlank Nəzərəliyevə zəng vurur, ancaq cavab gəlmir... Bu dəfə onu Anar Nəzərəliyevlə calaşdıran Aləmə zəng vurur. Aləm bir müddət keçmiş xəbər verir ki, keçmiş rəisi ilə danışdı. O deyir ki, narahat olmasın, obyektlər görüntü yaratmaq üçün sökülür. Sonra İcra hakimiyyətinin işçiləri sökdüklərini də kompensasiya edəcəklər. Doğrudan da obyektləri tam yox, bir az uçurub gedirlər. Bir neçə gün sonra Anar yenidən obyektə gəlir və işin tam həll olunması üçün daha 3 min manat lazım olduğunu deyir. Keçmiş rəis deyir ki, ona verilən pullardan bir qədərini hansısa probleminə görə xərcləyib, nəticədə İcra Hakimiyyətində kiməsə 3 min borclu qalıb. Həmin adam da obyekti sökdürüb.
Daha 2300 manat və Aləmə 1000 manat
Sahibkar bu dəfə də inanır, 3 min düzəldə bilməsə də 2300 manat düzəldib yenə «saatlı bina»nın yanında Nəzərəliyevə verir. Keçmiş rəis vəd edir ki, dərhal gedəcək İcra Hakimiyyətinə, pulu çatdıracaq və ona oradan zəng vurub obyekti bərpa etməyə icazə aldığını xəbər verəcək. Ancaq Nəzərəliyev o gedən gedir...
Belə məlum olur ki, Nəzərəliyevlə yanaşı onun keçmiş işçisi Aləm də sahibkara bir balaca «atıb». Belə ki, kafe sahibi 15 mini verəndən sonra Nəzərəliyev ona zəng vurub, «şəxsən özünə» 1000 manat borc istəyib. Kafe sahibi deyib ki, pulu yoxdur. Daha sonra Aləm gəlib ondan həmin məbləği borc istəyir. Kafe sahibi pulu verir, sonradan Nəzərəliyevin ona «atdığı» məlum olanda heç olmasa min manatı xilas etməyə çalışır, Aləmdən pulu istəyir. Aləm isə deyir ki, həmin pulun 800 manatını Nəzərəliyevə verib, özünə isə cəmi 200 manat qalıb. Və Aləm həmin 200 manatı qaytarır...
Keçmiş rəis Hövsandakı «evini» borca görə satır
Növbəti epizodda isə Qurbanov Şeyxabdulla Əhməd oğlunun başına gələnlərdən bəhs olunur. Belə məlum olur ki, Anar Nəzərəliyev Hövsanda çoxdan başqasına satdığı bağ evini təzədən Şeyxabdullaya satmaq istəyib.
Şeyxabdulla deyir ki, Nəzərəliyevi Baxış adlı tanışısı vasitəsilə tanıyıb. Həmin tanışı ona danışıb ki, Anar adlı bir nəfər tanışı var, o, Hövsandakı bağ evini çoxlu borcları olduğuna görə ucuz satır. Və təklif edir ki, Şeyxabdulla həmin evi alsın. Təklif cəlbedici olur, Şeyxabdulla tanışı ilə birlikdə Anarla görüşür. Bu əhvalat 2014-cü ilin aprelində baş verir.
Keçmiş rəis danışır ki, 110 min dollar borcu yaranıb və bu səbəbdən Hövsandakı ikimərtəbəli evini 180 min manata satmaq istəyir. Şeyxabdulla o qədər pulu olmadığından evi ala bilməyəcəyini deyir, belə olanda Nəzərəliyev başqa varianta əl atır: tezliklə qaytarmaq adı altında ondan 4400 dollar istəyir. Deyir ki, evi satan kimi pulu artıqlaması ilə qaytaracaq. Həmin gün Şeyxabdulla bu pulu Anara verir. Sonrakı günlərdə onun evinə müştəri tapmağa çalışır, maklerlərlə elan verir. Ancaq evi alan olmur.
«8800 dollar verməsəm Seymur evi əlimdən alacaq...»
Nəzərəliyev evi sata bilmədiyini əsas gətirərək Şeyxabdullaya deyir ki, borcunu qaytarmaq üçün möhlət versin. Təxminən bir ay sonra Nəzərəliyev yenidən «obyektə» yan alır, ona deyir ki, hansısa Seymur var və ona 8800 dollar borcu yaranıb: «Əgər pulu təcili verməsəm Seymur evi əlimdən alacaq».
Şeyxabdulla «evin əldən çıxmaması üçün» yenə 7600 dollar düzəldib tanışı Baxışla Anara göndərir. Aradan yenə bir ay keçir. A.Nəzərəliyev yenə evi sata bilmədiyindən şikayətlənib ondan borca pul istəyir. Bu dəfə Şeyxabdulla 2500 dollar verir. Dediyinə görə, 2014-cü ilin sonuna qədər Nəzərəliyevə tanışı Baxış vasitəsilə üst-üstə 20.600 dollar borc vermişdi. Beləcə il tamam olur, 2015-ci ilin yay aylarında Anar ona xəbər verir ki, evi borca görə Seymur ələ keçirib öz adına sənədləşdirdi. Bundan sonra Şeyxabdulla Baxışla birlikdə dəfələrlə Anarla görüşüb pullarını istəyir, ancaq sonuncu müxtəlif bəhanələr gətirərək pulları qaytarmır.
Ağlağan dələduz evi çoxdan satıbmış...
Şeyxabdulla danışır ki, Anar onu və Baxışı inandırmaq üçün dəfələrlə onların yanında ağlayıb, maddi vəziyyətinin acınacaqlı olduğu, ailə problemlərinin yarandığı haqda danışıb. Vəd verib ki, aldığı borclara görə ona 5 min dollar da artıq qaytaracaq. Və belə məlum olur ki, Anar ilk dəfə onunla görüşəndə Hövsandakı evin onun mülkiyyəti olduğunu təsdiq edən bütün zəruri sənədlərin, «kupça»nın və s. surətini təqdim etmişdi. Lakin istintaq araşdırıb ki, Nəzərəliyev əslində həmin evi Şeyxabdullanı tora salmazdan əvvəl-2014-cü ilin fevralında Əmrahov Dəyanət Samiq oğluna 86 min manata satıbmış...
(davamı növbəti buraxılışlarımızda)