Vaxt.Az

«Rəsul tiçə»


 

«Rəsul tiçə» Uzun illərdir qulağımı “Əyaz gəlir” sözləri yağır eləmişdi. İki adam bir araya gəlib ölkədə olandan-keçəndən danışıb söhbətin şirin yerində ilişəndə biri o birinə deyirdi, darıxma, Əyaz gəlir. Bu Əyaz da kim ola, kim ola, Ayaz Mütəllibov. Bakı camaatı ona bütün problemlərin açarı kimi baxırdı.

O gün bir hacı (kəndimizdə Həccə gedənə “həci” deyirlər. Dil Qurumunun əsəbləri ilə oynamamaq üçün “həci” yazmıram) o biri hacıya deyir ki, siz necə müsəlmansız, Əyazı əstağfürulla, Mehdi Sahib əz-zaman eləmişdiz, nə oldu? Hacılarin uzun mübahisəsindən sonra Əyazı gözləyən hacı təslim oldu. Necə olmasın? Dərdə bax, bu qədər zamanı Əyazı gözləyəsən, o da ölkəyə çatmamış xəbər yollaya ki, siyasətdən gedirəm. Bu, Hacı Əbdül və onun düşüncəsində olan adamlar üçün elə dünyanın axırı kimi bir şeydir. Mütəllibovun bu açıqlaması ilə Azərbaycanda bəlli bir kəsimin öz qəhrəmanına olan ümidləri puç olub getdi. Allah əcr versin!
Ancaq qəhrəmansevər Azərbaycan xalqının ümidləri hələ tükənməyib. Bu torpaqda yaşayanlar ətrafdakı qəhrəmanları görməsə də, hardansa bir qəhrəman peyda olacağına, onun ölkəyə gəlib xalqın şahsevən kəsiminin atasını yandıracağına inanır.
Bu aralar bir ovuc adam da oturub səbirsizliklə Rəsul tiçəni (uzunçu ingiliscədə “müəllim” “teacher” kimi yazılır, “tiçə” kimi oxunur) gözləyir. Düzdü, gözləyənləri Rəsul Quliyevə “Rəsul müəllim” deyir, ancaq məncə, o bundan xoşallanmaz. Hətta bu söz onun Allah qorusun, Azərbaycanla Ukraynanı növbəti dəfə səhv salmasına səbəb ola bilər. Yaxşı deyil axı, adam 15 ildir Birləşmiş Ştatlarda yaşayır, siz də ona “müəllim” deyirsiz. Atın bu arxaizmləri, “tiçə” məsləhətdi. Qoy birdən məmləkətə gələcək olsa, eks-spiker özünü yad kimi hiss eləməsin.
“Rəsul tiçə” isə çox yaxşı səslənir. Bu, seçki kampaniyasında onun piarı ilə məşğul olacaq şəxslər üçün də çox əlverişlidir. Vurğunu ikinci hecaya keçirməklə bir xeyli şüar qoşa bilərlər. Biri elə “Yıxa yıxa, Rəsul tiçə”. Lakonik, anlaşılan, çəkici... Amma bir məsələ var da - Rəsul Quliyev gəlsə...
Rəsul Quliyevi Azərbaycan siyasətinin Şaxta Babası da adlandırmaq olar. Eynən Şaxta Baba kimi qarlı dağlar, okenalar aşıb çox ellər dolaşdığına, üstəlik çiynində içi “nəvələr” üçün dadlı-dadlı şirniquşlarla dolu torba olduğuna görə. Hərdən tiçəni sevməyən dağıdıcı, radikal müxalifətçilər şirniquşları siyasət qarışqalarının yeyib bitirdiyini, torba dibində qalanların isə artıq köhnəlib kağızına yapışdığını deyirlər, ancaq inandırıcı deyil. Şirniquşsuz babaya yaxın gedən olar? Rəsul Quliyevi gözləyənlər üçün siyasətdə “təmənnasız məhəbbət” döyüşə gülləsiz, daraqsız Kalaşnikovla getmək kimi bir şeydi. Onlar özlərini belə bir təhlükəyə atmazlar.
Eşitmişəm, hərəkat-mərəkat da yaradıblar. Hakimiyyət komandasını içəridən parçalamaq istəyirlər. Guya indiki iqtidar beynəlxalq güclərin dəstəyi ilə yaxın zamanlarda sir-sir silkələnəcək, nazir-oliqarxlar təhlükəsizlikləri üçün Rəsul Quliyevdən imdad diləyəcək, illərdir zəiflədilən ənənəvi müxalifət bu prosesdən kənarda qalacaq, bu zaman hakimiyyət quşu atdanıb qonacaq bunların başına. Məzəniz olsun!
Heç olmasa, həyatınızda bir dəfə güzgünün qabağında dayanıb gözlərinizin içərisinə baxıb özünüzdən soruşun - niyə Azərbaycanda demokratikləşmə tələb edən Qərb Rəsul Quliyevə stavka eləməlidir? Ən demokratik qaydada hakimiyyətə gələn Əbülfəz Elçibəy komandasının devrilməsinin ideoloqlarından biri olduğuna görə? Heydər Əliyevin hakimiyyəti illərində adı dürlü-dürlü saray qalmaqallarında hallanıb anlaşılmaz şəkildə okeanın o tayına fəxri istirahətə göndərildiyinə görə? Adı Əliyevlər komandasının ən korrupsiyalaşmış məmurları sırasında olduğuna görə? 15 illik siyasi mühacirət həyatında Azərbaycanın indiki iqtidarının xalqa etdiyi haqsızlıqları həm ABŞ, həm dünya ictimaiyyətinə çatdıra bildiyinə görə? Nəhayət, 2005-ci ildə hətta ən qatı tərəfdarlarını saxta vədlərlə aldatdığına görə?
Rəsul Quliyev doğrudan da bu xalqa yararlı olmaq istəyində səmimidirsə, 5-10 Azərbaycan gəncinin xaricdə təhsil almaq xərclərini üzərinə götürsün. Bəlkə o gənclər gələcəkdə Milli Məclisdə “Eks-spikerlər haqqında” Qanun qəbul edə, Rəsul Quliyev də Azərbaycana gəlib ya Bakıda, ya da doğma Naxçıvanda bir bağ evində yaşaya bilə. Çünki nə indiki, nə də növbəti iqtidarın vaxtında onun Azərbaycana qayıdacağı gözlənilən deyil.

 





07.09.2012    çap et  çap et