Vaxt.Az

Tehran sakininə 13 il cəza kəsildi


 

İranda olsaydı edam cəzasından heç kim xilas edə bilməzdi

Tehran sakininə 13 il cəza kəsildi İranda Şəriət qanunları ilə cəzaların kəsilməsi və XXI əsrdə bəzən ağlasığmaz cəza növlərinin təyin olunmasını, insanların qaldırıcı kranların köməyi ilə asilması kadrlarının hamımız şahidi olmuşuq. Çox vaxt bu edam edilənlər «ağ ölüm» – narkotik vasitələr alverçiləridir. Lakin nə sirdirsə, həmin bu «ağ ölüm» və onunla bağlı asan pullar cinayətkarları maqnit kimi özünə çəkir, edam olunmaq qorxusu belə onları bu yoldan çəkindirə bilmir.

Bu gün diqqətinizə çatdıracağımız hadisə də bununla bağlıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsində 31 yaşlı İran İslam Respublikasının vətəndaşı Fathi Kaleh Sara Ghasem Alinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İttihama görə, Fathi Kaleh 2015-ci ilin noyabr ayında İran İslam Respublikasının Həşpər şəhərində şəxsiyyəti istintaqa məlum olmayan «Hüseyn» adlı şəxsdən satış məqsədilə külli miqdarda – 1410 qram heroin alaraq özündə saxlayıb. Noyabrın 30-da Astara gömrük məntəqəsindən gizli şəkildə keçərək Azərbaycana gəlib. Kilo yarıma yaxın heroini özü ilə paytaxta gətirən iranlı çox keçməyib ki, polis əməkdaşları tərəfindən yaxalanıb.

Ötən ilin yanvar ayının 14-də «Dostluq» kinoteatrının qarşısında dayanan Fathi Kaleh polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nə gətirilib. Onun üzərinə baxış keçirilərkən gödəkçəsinin cibindən 180 qram heroin aşkarlanıb. F.Kalehə məxsus idman çantasından isə bir kilodan artıq heroin tapılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Fathi Kaleh ifadəsində Tehranda doğulduğunu, İranda özünün sexi, şagirdləri olduğunu göstərib. Son vaxtlar işlərin zəiflədiyini görüncə, başqa ölkəyə gedib orada öz işini davam etdirmək istəyib. Bu üzdən də Azərbaycanı seçdiyini deyib: «Pilləkən ustasıyam. İlk olaraq 2015-ci ilin noyabr ayında Astara rayonuna gəldim. Bu şəhər İrana yaxın olduğundan, öz işimi burada qurmaq istəyirdim. Həmin məqsədlə bir müddət Astarada qaldım. Gördüm ki, Astara kiçik rayondur, ona görə də, Bakıya gəlib burada işləməyə qərar verdim».

F.Kalehin dediklərinə inansaq, iş qurmaq məqsədilə ötən ilin yanvar ayında paytaxta üz tutub. Hələ İranda olarkən tanışı Hüseyn ona «Bakıdan bura müalicə olunmaq üçün bir tanış gəlmişdi, adı Hüsəndir, nömrəsini verərəm zəng vurarsan, yerləşməyə köməklik edər» deyib. O da Bakıya çatan kimi həmin Hüsənə zəng vurub. «Dostluq» kinoteatrının qarşısında görüşməyi planlaşdırıblar: »Hüsənin yanında bir nəfər də vardı. Yenicə görüşmüşdük ki, bizə yaxınlaşıb polisə getməli olduğumuzu dedilər. Məni rəis müavini adlandırdıqları Ramin adlı şəxsin otağına apardılar. Ramin «sənin kitabın bağlandı» dedi və şkafdan iki bağlama götürüb qarşıma qoydu. Dedi ki, bu narkotiklər sənindir. Narkotikin mənə məxsus olmadığını söylədim. O, isə yumruqla sinəmə vurub «bunlar sənindir, vəssalam» dedi. Qorxduğum üçün heç bir söz deyə bilmədim. Ona görə də, qarşıma qoyulan sənədləri imzaladım. Həmin vaxt məndə ümumiyyətlə narkotik vasitə olmamışdı».

F.Kaleh ona elan olunmuş ittihamla özünü təqsirli bilməsə də, göstərilən cinayət əməlini törətməsi şahid ifadələri və digər dəlillərlə sübuta yetirilib.

Şahid qismində sindirilən Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Vasif Bədəlov ifadəsində göstərib ki, «Qaşım» adlı şəxsin narkotik vasitə satması barədə məlumat daxil olub. Məlumat əsasında sonradan şəxsiyyəti dəqiqləşdirilən Fathi Kalehin «Azadlıq» prospektində yerləşən «Dostluq» kinoteatrının qarşısında olduğu müəyyənləşdirilib: «Ona yaxınlaşıb polis əməkdaşı olduğumuzu dedik, polis bölməsinə dəvət etdik. İki nəfər hal şahidi, tərcüməçi, vəkil təqdim edildikdən sonra üzərinə baxış keçirildi. İlk olaraq cibindən sellofan torbaya bükülmüş maddəni stolun üstünə qoydu. Daha sonrasa kürəyindəki idman çantasının içərisindən iri həcmli torbaya bükülü maddə aşkar olundu. Sorğu zamanı bükülülərin içərisindəkinin heroin olduğunu, Hüseyn adlı şəxsdən aldığını və Bakıya satmaq üçün gətirdiyini dedi».

Məhkəmənin hökmü ilə İran vətəndaşı 13 il müddətə azadlıqdan məhrum edilib. Halbuki, öz ölkəsində onu edam cəzasından heç nə və heç kim xilas edə bilməzdi.

 





04.02.2017    çap et  çap et