Vaxt.Az

«Tramp LDPR-in istədiyini edir»


 

Jirinovski Belarusu və daha hansı əraziləri Rusiyaya birləşdirməyə çağırdı...

«Tramp LDPR-in istədiyini edir» Ötən gün fevralın 4-də Rusiyada Liberal-Demokrat Partiyasının növbəti qurultayı keçirilib. Əslində adındakı «liberal» sözü ilə heç bir uyğunluq təşkil etməyən və daha çox Rusiyanın imperiya maraqlarının ifadəçisi kimi çıxış edən bu partiyanın əvəzolunmaz lidderi Vladimir Jirinovski növbəti dəfə öz postuna seçilib.

Virtualaz.org xəbər verir ki, Jirinovskinin qurultaydakı çıxışında ABŞ prezidenti Donald Trampı «öz adamı» hesab etdiyini, onun seçilməsinə necə yardım göstərdiyi haqda danışıb, keçmiş sovet respublikalarının bir çoxunun ərazilərini Rusiyaya birləşdirməyə çağırıb.

«Tramp LDPR-in istədiyini edir», - Jirinovski amerikalı jurnalistin ondan ABŞ vətəndaşlarına müraciətlə çıxış etmək xahişinə cavab olaraq deyib. «Bu gün Donald Tramp nə edirsə hamısı bizim istədiklərimizə uyğundur», - siyasətçi bildirib. Jirinovskinin sözlərinə görə, Tramp müsəlman miqrantların ABŞ-a girişini məhdudlaşdırmaqla tamamilə düz edir və onun ikinci dəfə də prezident seçiləcəyinə indidən əmindir. Üstəlik onun fikrincə, Tramp səkkiz ildən sonra Ağ Evi öz varisinə təhvil verib gedəcək.

Jirinovski deyib ki, seçki kampaniyası zamanı nəinki Trampın qalib gələcəyinə əmin idi, üstəlik amerikalıların öz dillərində onları Hillari Klintona səs verməməyə çağırmışdı. LDPR liderinin sözlərinə görə, onun həmin çağırışına 30 milyon amerikalı baxmışdı, bunu isə ailə hesabı götürəndə seçicilərin üçdə biri hesab etmək olar. Hərçənd jurnalistlər interneti ələk-vələk etsələr də Jirinovskinin 30 milyon dəfə baxılan hansısa müraciətinə rast gəlməyiblər.

LDPR lideri çıxışında Rusiya ilə Belarus arasında son vaxtlar gərginləşən münasibətlərə toxunub. Prezident Lukaşenkonu «ərköyün buzov» adlandırıb. «Lukaşenko nə istəyir? Ayrıca dövlət? Gəlin siz bizim dövlətimizin bir hissəsi olun», - o Belarusu Rusiyaya birləşdirməyə çağıraraq deyib. Jirinovski Belarusla da kifayətlənməyib, Moldovanın Dnestryanı bölgəsini, Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini də Rusiyaya birləşdirməyə çağırıb. Dağlıq Qarabağ bölgəsinin isə adını çəkməyib.

Bununla belə Jirinovski Kremlin mövqeyini təbliğ edən «Tsarqrad TV» kanalına müsahibəsi anons edilmişdi və orada deyilirdi ki, LDPR lideri habelə Qarabağ münaqişəsinin həlli yollarına dair öz fikirlərini açıqlayacaq...

 





06.02.2017    çap et  çap et