Qeyd edək ki, Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və digər müxalifətçi Viktor Dallakyanla seçki bloku yaradıb. O, azadlıq və ədalətə əngəl olan bütün maneələri aradan qaldırmağa çağırır, amma konkret ad çəkmir.
«Artıq bu ədalətsizliyə, bu sosial duruma dözmək olmaz. Ölkədə sosial ədalət, bərabərlik mexanizmi olmalıdır. Ermənistan cəmiyyətində qütbləşmə yolverilməz həddə çatıb. Bu gün azadlıq bizə hava, təmizlik su, ətalət çörək kimi lazımdır» – deyə keçmiş nazir vurğulayıb.
Ohanyan deyib ki, hökumət işçilərə çox az kompensasiya verir, onların əməyini qiymətləndirmir. «Müəllimlər, həkimlər, elmi işçilər, intellektuallar, mədəniyyət işçiləri, inşaatçılar və fermerlər görünür bu həqiqətlə barışıblar və hökumət mövcud vəziyyətdən istifadə edərək onların əməyini dəyərləndirmir», – Ohanyan deyib.
Qeyd edək ki, Seyran Ohanyan bundan əvvəl «qanlı inqilab təhlükəsi»ndən danışmış və bildirmişdi ki, bundan yalnız seçkilərdə dəyişiklik yolu ilə qaçmaq mümkündür.
«Biz sadə və vacib bir şeyi bilməliyik ki, əgər bugünkü möhkəm sistemi seçki vasitəsi ,dinc yolla dəyişməsək, sabah çevrilişlər və ya qanlı inqilablar zərbəsi ilə üzləşəcəyik».
Hakimiyyətdəkilərsə keçmiş həmkarlarına onun da bu sistemin tərkib hissəsi olduğunu xatırladırlar. Hakim «Respublika» partiyasının sədr müavini Armen Aşotyan deyir ki, «möhkəm sistem»in yaradılmasında Ohanyanın da günah payı var. Qeyd edək ki, müxalifət liderlərindən olan «Demokrat» partiyasının lideri Aram Sarqsyan, həmçinin digər siyasətçilər Prayur Ayrikyan və Tigran Karapetyan da Ohanyanın müttəfiqləridirlər.
Blok aprelin 2-də keçiriləcək prezident seçkisinə, «Çiçəklənən Ermənistan» partiyasının keçmiş lideri, tanınmış biznesmen və həmçinin indi seçki ərəfəsində öz blokunu yaratmış Qarik Sarukyanla birgə getməyi istisna eləmir.