Vaxt.Az

«Gözün üstündə qaşın var deyən olmayıb»


 

Qüdrət Həsənquliyev: «Onlar mövqelərini bir dəqiqəyə dəyişə bilərlər»

«Gözün üstündə qaşın var deyən olmayıb» «Hesab edirəm ki, Elxan Süleymanovun bəyanatı yaranmış vəziyyətə doğru yanaşmadır. Ona görə ki, biz nə Avropa Parlamentindən, nə də Avropa təşkilatlarından Azərbaycana normal münasibəti görmürük».
Bu barədə AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev açıqlamasında nümayəndə heyətimizin qurumdakı fəaliyyətini dondurmasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Avropa təşkilatları hər zaman bəhanə axtarıblar ki, Azərbaycana təzyiq etsinlər, Azərbaycanı Qarabağın işğalı ilə barışdırsınlar: «Elxan Süleymanov da bunları söyləyib. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Azərbaycana münasibəti dəyişməlidir. Azərbaycan zaman-zaman həm İran, həm də Rusiya tərəfindən ciddi təzyiqlərə məruz qalıb, məhz Avropa ilə əməkdaşlıq etdiyinə, bu məkana inteqrasiya etdiyinə görə. Qarşılığında 20 ildən artıqdır ki, torpaqlarımız işğal altında qalıb, işğalçı Ermənistana isə gözün üstündə qaşın var deyən olmayıb. Ona görə də Azərbaycan çalışıb bu problemin həllini Rusiya ilə tapmalıdır. Rusiya ilə hansısa məsələdə razılaşmalıdır. Bizim nə Avropadan, nə Fransadan, nə də Avropa İttifaqından kömək gözləməyimiz mənasızdır». 
Millət vəkili hesab edir ki, güclü erməni lobbisi və xristian həmrəyliyi bu məsələdə heç vaxt ədalətli mövqe tutmağa imkan verməz. Qüdrət Həsənquliyev Avropa Parlamentinin Azərbaycandakı seçkilərlə bağlı qəbul etdiyi qətnaməyə də münasibət bildirib.
«Mən uzun illərdir beynəlxalq təşkilatlarla işləyirəm və bilirəm ki, o beynəlxalq təşkilatları əsasən pulunu verən dövlətlər idarə edir. O dövlətlər həmin təşkilatların siyasətini də müəyyənləşdirir. Misal üçün, BMT. Düzdür, orda Rusiya və Çin var, ola bilsin ki, onlar fərqli mövqe sərgiləyirlər. Amma kiçik dövlətlərin əksəriyyəti belədir. Aİ-də də əsas söz sahibi Fransa və Almaniyadır. Onlar Böyük Britaniyanı ABŞ-ın Avropaya uzantısı hesab etdikləri üçün yaxına buraxmırlar. Bu baxımdan, hər şey tapşırıqla həll olunur»- deyə millət vəkili bildirib. 
Q.Həsənquliyev qeyd edib ki, tapşırıq gələndən sonra Avropa Parlamenti və digərləri boş şeylərdir: «Yəni onlar mövqelərini bir dəqiqəyə dəyişə bilərlər. Sifariş gəldi, qurtardı».
 





24.10.2013    çap et  çap et