Vaxt.Az

Tramp – xaos prezidenti


 

Politoloqlar ABŞ prezidentinin ziddiyyətli fəaliyyətində aydın istiqamətlər göstərməyə çətinlik çəkirlər

Tramp – xaos prezidenti ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp istər seçki ərəfəsi görüşlərdə, istərsə də yanvarın 20-də keçirilən andiçmə mərasimində bütün dünyadakı cəmiyyətlərlə dostanə münasibətlər quracağını vəd edib. Lakin bu vədindən bir neçə gün sonra İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya, Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, o, qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı da 120 gün müddətində dayandırıb. Bu isə ölkə daxilində birmənalı qarşılanmayıb. Əvvəlcə Nyu-York federal hakimi, ardından isə Siettl federal məhkəməsi D.Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasının müvəqqəti təxirə salınması barədə qərar qəbul ediblər. Amma ABŞ Ədliyyə Nazirliyi qərarlardan protest verib.

Fevralın 3-də ABŞ İranın ballistik raket proqramı və «Hizbullah» qruplaşmasını dəstəkləməsini əsas götürərək, bu ölkəyə qarşı sanksiyaları genişləndirib. Amerikanın yeni müdafiə naziri deyib ki, İran dünyada terrorizmin əsas sponsorudur. D.Tramp özü isə İranı dünyada bir nömrəli terrorçu dövlət adlandırıb. Bundan başqa, D.Trampın seçki ərəfəsində Rusiya ilə münasibətlərə yönəlik «isti» mesajlar verməsinə baxmayaraq, yeni administrasiya rəsmilərinin fərqli bəyanatları da mediada yer almaqdadır. ABŞ vitse-prezidenti Maykl Pens Vaşinqton-Moskva münasibətlərindən danışarkən deyib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi bu ölkənin beynəlxalq arenada, xüsusən Ukraynada özünü necə aparması ilə bağlı olacaq. Göründüyü kimi, ABŞ-ın yeni prezidenti D.Tramp seçkidən əvvəl verdiyi bəyanatlardan tamamilə fərqli siyasi kurs yürütməkdədir. Bəs bu siyasi kurs dünya düzəninə hansı dəyişikliklər gətirəcək?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı «Kaspi»yə açıqlamasında bildirib ki, hələlik D.Trampın yürütdüyü siyasət dünya düzənində hər hansı müsbət dəyişikliyə səbəb olmayıb. Onun fikrincə, hazırda bu yöndə xaos hökm sürməkdədir: «Bu adam siyasətçi deyil, biznesmendir. O, seçki öncəsi verdiyi vədləri yerinə yetirməyə çalışır. ABŞ tarixində elə bir prezident xatırlamıram ki, andiçmə mərasimindən iki həftə sonra bu qədər ziddiyyət yaratsın, andiçmə mərasimində həm ölkə daxilində, həm də xaricdə ona qarşı belə ciddi müqavimət təşkil olunsun. Amerika daxilində Trampın kifayət qədər problemləri var. Xarici siyasətdə hətta dost adlandırdığı ölkələrlə də münasibətləri soyudub. ABŞ-ın iki qonşusu var: Meksika və Kanada. Trampın Meksika ilə sərhəddə divar tikəcəyi barədə bəyanatı bu ölkə hakimiyyəti ilə ABŞ-ın münasibətlərini soyudub. Trampın 7 müsəlman ölkəsinin ABŞ-a girişinə qadağa qoyan fərmanından sonra isə Kanada baş naziri bəyan edib ki, həmin insanları qəbul etməyə hazırdır. Bu hadisə də Donald Trampa bir mesajdır. Xarici siyasətdə digər istiqamətlərdə verdiyi açıqlamalar müəyyən problemlər yaradır. O, bir tərəfdən deyir ki, Suriya məsələsində Rusiya ilə dostlaşmağa çalışacam, beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparacam. Digər tərəfdən də Rusiyanın tərəfdaşı sayılan İranı terroru dəstəkləyən bir nömrəli dövlət adlandırır».

Politoloq Ukraynada da vəziyyətin getdikcə ağırlaşdığını diqqətə çatdıraraq, Trampın bununla əlaqədar birmənalı münasibətinin ortada olmadığını vurğulayıb: «Tramp bir tərəfdən Rusiya ilə dostlaşmaq istəyir, o biri tərəfdən də Ukrayna mövzusu ABŞ gündəmində ağırlığını qoruyub saxlayır. Tramp Administrasiyası Krımı Ukraynanın ərazisi sayır. Ancaq bu, kifayət deyil. Çünki, bütün dövlətlər, hətta Rusiyanın strateji müttəfiqləri Belarus və Qazaxıstan da Krımı Ukraynanın ərazisi hesab edirlər. Ona görə də Trampın Ukrayna siyasətində də yeni nəsə yoxdur. Minsk razılaşmasını yerinə yetirmədiyinə görə, Avropa ölkələri və Amerikanın Rusiyaya qarşı sanksiyaları da mövcuddur. Tramp administrasiyası bu sanksiyaların götürülməyəcəyini bəyan edir. Lakin birdən Suriyada terrorçulara qarşı Rusiya-ABŞ əməkdaşlığı alındı. Bəs onda Ukrayna mövzusu necə olacaq Tramp üçün? Belə olan halda məcbur qalıb Rusiyaya qarşı sanksiyaları yumşaldacaqmı? Bu, o deməkdir ki, Ukrayna mövzusu ABŞ üçün yenidən arxa plana keçə bilər. Amerikanın Avropa ilə münasibətlərində də problemlər özünü göstərir. Tramp Avropanın iki ən güclü təşkilatı sayılan Avropa İttifaqı və NATO-nun əleyhinə çıxıb. Trampın xarici siyasətinin yaratdığı belə bir xaosun dünyada başqa bir xaosa çevrilməsi ehtimalı var».

Politoloq Fikrət Sadıxov da qəzetimizə açıqlamasında ABŞ prezidenti D.Trampın sistemli siyasətçi olmadığını söyləyib. Bildirib ki, Amerika tarixində ilk dəfədir belə bir şəxs dövlət başçısı vəzifəsinə seçilib. Politoloqun fikrincə, məhz bu amil onun qalmaqallı, ziddiyyətli fəaliyyətlə göz önünə gəlməsinə səbəb olur: «Tramp andiçmə mərasimindən öncə bir sıra vədlər verib. Ancaq belə bir şəxsin birmənalı şəkildə nəyisə vəd etməsi, sonradan onu yerinə yetirmək istəməsi əvvəlcədən şübhəli görünürdü. Bu adam hətta sərəncamlarına da düzəlişlər edir, əvvəlcə verdiyi sərt qərarın ardınca müəyyən güzəştlərə gedir. Tramp Rusiya ilə bağlı da ciddi bəyanatlar, vədlər verib. Amma biz onu da unutmamalıyıq ki, adətən prezidentliyə nazmidələr hansısa vədlər verirlər, lakin prezidentlik müddətində həmin vədlərin bəzisi yerinə yetirilmir. Bundan başqa, hesab etmirəm ki, Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdan imtina edir, seçkidən əvvəl bu barədə verdiyi vədlərdən geri çəkilir. Sadəcə, ABŞ prezidentinin ətrafında da müəyyən vəzifə sahiblərinin, rəsmi şəxslərin, müşavirlərin olmasını unutmaq lazım deyil. Təbii ki, Tramp hər hansı məsələ ilə əlaqədar onlarla da fikir mübadiləsi aparır, müşavirlərin analitik düşüncəsi ilə tanış olur və sair. Bu isə Trampın siyasi kursunda müəyyən düzəlişlərə səbəb ola bilər. Lakin Trampın tam 180 dərəcə fərqli siyasət həyata keçirərək Rusiyaya qarşı olacağına, bu dövlətlə münasibətləri yaxşılaşdırmaqdan imtina edəcəyinə inanmıram. İrana gəlincə isə, Tramp hələ seçki kampaniyasında bəyan etmişdi ki, rəsmi Tehranla imzalanan nüvə razılaşmasına inanmır və bu saziş Qərb ölkələrinin maraqlarına cavab vermir. O, bu siyasəti dəyişdirəcəyini vəd etmişdi və indi həmin vədlərə əməl edir».

 





07.02.2017    çap et  çap et